"Kitabı mütləq alın, amma ondan gizlicə istifadə edəcəyik!"
Ölkəmizin orta ümumtəhsil məktəblərində bu gün ad-soyadı ən çox hallanan kitab müəlliflərindən biri M. Namazovdur.
Orta məktəb müəllimləri dərs prosesində, yalnız onun kitablarını məsləhət bilir. Daha aydın desək, indi müəllim-şagird-valideyn fərqi olmadan, hamı M. Namazov deyib, elə onun da adını eşidir. Eşitməyib, həm də bilməyənlər üçün söyləyək ki, müəllimin şagirdinə cidd-cəhdlə, təkidlə kitablarını almağı tapşırdığı müəllif Mübariz Namazovdur. O, 1996-cı ildə riyaziyyatdan ilk çalışma kitabını yazıb. Bugünədək isə 60-dan çox vəsaitə müəllif imzası atıb. Qısası, demək istədiyim odur ki, Bakıdakı Texniki Humanitar liseyində dərs deyən Mübariz müəllim öz işiylə məşğuldur və əlavə dərs vəsaitləri yazır. Özü də açıqlamalarında söyləyir ki, istifadə edilən çalışma vəsaitləri birinin xoşuna gələcək, digərinin yox. Dərslik üçün qoyulan tələblər çox olduğundan, deyilənə görə, o, dərslik müəllifi olmaq təklifindən də imtina edib.
Bax belə, valideynlər M. Namazovu qaralayıb haqqında, ən çox da arxasınca danışsa da, onu baş verənlərdə günahkar qismində tanıya bilmərik. Baxmayaraq ki, onbirillik təhsil sisteminin əsas mərhələsində onun kitabları tələb edilir. Yəni orta məktəb pilləsinin ibtidai mərhələsini hesaba almasaq (o mərhələdə də başqa bir müəllifin adı keçir), qalan yeddi ilin hamısında riyaziyyat dərslərində, yalnız və yalnız M. Namazovun dərs vəsaitləri liderlik edir. Özü də maraqlı məqamlarıyla.
O məqamların birindən bəhs edək. Deməli, Bakı məktəbinin riyaziyyat müəlliməsi (etiket qaydalarına görə konkret ad çəkmirik) dərs dediyi şagirdlərə Namazovun əlavə vəsaitini almağı tapşırıb. Şagirdlər də bunu evdə deyib, valideynlər də xoş-naxoş kitabı almağa razılaşıb. Maraqlısı odur ki, müəllimə şagirdlərə bərk-bərk tapşırıb ki, nəbadə, bu kitabdan istifadə etdiyinizi kiməsə, ələlxüsus da, "məktəblinin dostu" adlanan könüllülərə, ya da məktəbin direktoruna deyəsiniz: "Kitabı mütləq alın, amma ondan gizlicə istifadə edəcəyik!".
Məsələnin sirr kimi görünən tərəfi də, elə budur. Əcəba, riyaziyyatdan olan bu əlavə vəsait şagirdə hava-su kimi vacibdirsə, o kitabdan əmin-arxayın, necə deyərlər, alnıaçıq, başıuca istifadə edilməlidir. Yox, kitab tədris prosesinə yararsızdırsa, ondan yenə də açıq şəkildə imtina edilməlidir. Məsələni qəlizləşdirən də məhz odur ki, müəllimə şagirdlərinə təkidlə Namazovun əlavə vəsaitini almağı tapşırır. Hətta bəzi hallarda, kitabı almayan, daha doğrusu ailəsinin buna maddi imkanı çatmayan şagirdlərə aşağı qiymət yazmaqdan da çəkinmir. Qiymət demişkən, Namazovun kitablarının qiyməti heç də ucuz deyil və hər sinfə görə fərqlidir (valideyn deyir ki, 7-ci sinif üçün M.Namazovun kitabını 6.50 azn-ə alıb).
Mövzuya qayıdaq. M.Namazovun vəsaitini mütləq almağı tapşıran müəllimənin sinfinə müvəqqəti dərs keçməyə gələn başqa bir müəllimə isə, şagirdlərə bu tələbin nədən qaynaqlandığını anlamadığını büruzə verib. Deyib ki, uşaqlar, gəlin, əsas tədris kitabında olan misal-məsələni öyrənək, sonra həmin əlavə vəsaitdə yazılana baxarıq. Yəni müəllimə öz həmkarının tələbindən şaşırdığını gizlətməyə çalışsa da, şagirdlər bundan əlbəəl hali olublar.
İndi şagirdlərin özü də şaşqınlıq içindədir. Bilmirlər bir az öncə aldıqları kitabları geri, mağazaya qaytarsınlar, yoxsa, "nə etməli" sualına cavab almaq üçün öz müəllimələrinin məzuniyyətdən qayıtmağını gözləsinlər. Məşhur kinomuzun "oxu-oxuma" tələbini xatırladır bu məqam. Ya da, Şekspirsayağı "olum, ya ölüm?". Bir sözlə, "ölümmü, qalımmı, sual budur, bu".
Əslində, orta məktəblərimiz elə kino misallıdır. Orda hər cür hadisə, tip, personaj, hətta qəhrəman da var. Şagirdlər həyata, daha dəqiqi, həyatın hər üzünə elə orta məktəblərdə yiyələnirlər. Misal üçün, şagirdinə sözügedən kitabı alıb gizlicə, evdə yazıb-oxumağı söyləyən, amma bundan məktəbdə kimsənin xəbəri olmamasını tapşıran müəlliməni sabah o şagird birmənalı şəkildə qəbul edə biləcəkmi? Şagirdin xarakterinin mənfi-müsbətə yönəlməsini elə bu məqama hesablamaq doğru olardı. "Ağ kağız"ların çoxu məktəblərdə qaralır, zatən.
Sözümü unutmayım, indi həm valideynlər, həm də şagirdlər müəmma dolu dilemma qarşısındadır. Kitabı almayanlar hələ də düşünür - Namazovun kitabını alaqmı, almayaqmı? Ümümi mənzərə isə paradoksaldır. Alanların kitabı vərəqlərinin açılmasını gözləməkdə, bəzi məktəblərdə yalnız həmin vəsaitə isnad edilməkdə, valideynlər isə heç nədən əsəb gərginliyi keçirməkdə...
Namazovu isə baş verənlərdə günahlandırmaq doğru olmaz. O, sadəcə bir müəllif ki, dəqiq elm olan riyaziyyatdan əlavə vəsaitlər yazmaqla məşğuldur. Orta məktəb dərsliklərinin müəllifi olmaqdan da yuxarıda dediyim kimi, könüllü imtina edib. Aydın olan budur. Qaranlıq qalan isə məsələnin başqa tərəfidir. Yəni məktəblərdə bu kitaba belə tələb varsa, məsələ direktor səviyyəsində həll edilsin. Tədris ilində lazımlı-lazımsız, test, qiymətləndirmə, iş dəftəri və qeyri əlavə vəsaitlərlə yüklənən valideynlər də işini bilsin. Onsuz da hər gün məktəbə kitab yükü aparan şagirdlər ordan beyinləri dolu dönmürlər. Heç olmasa, dərs ili başlayandan adı dillərə düşən Namazovun kitabıyla bağlı daha ağır yükdən qurtarsınlar.
Neyləmək olar, gərəkdir kitab oxuyub, biliyə sahib olub, yaxşı qiymət alasan. Amma indilikdə vacibdir bəzi kitabları almaqla pis qiymət "qazanmaq"dan, müəllimənin "qara siyahısı"na düşməkdən qurtulasan...
Nigar Orucova