Biganəliyin son həddi- atılmışlar evi, yaxud tənha köpək
Yaddan çıxarmayın, vəzifə kimi, həyat da əbədi deyil deyil
"16 yaşlı uşaq nənəsini öldürüb", "Gənc oğlan ailə münaqişəsi zəminində ata-anasını baltalayıb", "Gənc qadın həyat yoldaşının qətlini sifariş edib",
"Qardaş bacısını qısqanclıq zəminində doğradı". "60 yaşlı kişi intihar etdi", "Məktəbli uşaq özünü asdı" və s. bu kimi xəbərlər dövrü mətbuatımızı zəbt edib, desək yanılmarıq. Axı bunun səbəbi nədir? Nə üçün insanlar bu qədər aqressivləşib? Bu suallara cavab vermək çox çətindir və eyni zamanda bu sualların cavabı cəmiyyətin özündədir. İlk yerdə isə sosial ədalətsizlik və qanunun aliliyi prinsiplərin pozulması durur. Bu dəyərlərin pozulması, cəmiyyətdə maddiyata marağın maddinin, mənəvi dəyərlərdən üstün olması, son nəticədə mənəvi pozğunluğa, mənəviyyatın aşınmasına (deqradasiyasına) gətirib çıxarır. Başqa cür də mümkün deyil.
Bir ölkədə ki, hörmət etdiyimiz din xadimləri mollalar qəbiristanlıqda ölüyə dua oxumaq üstündə bir-birinin başını yarır, onminlərlə tələbənin təhsil aldığı, minlərlə ziyalının çalışdığı bir təhsil ocağının rəhbəri, akademik əcnəbi ölkədə öz xalqını, dövlətini beabır edir, əlindəki səlahiyyətindən istifadə edən dövlət məmuru, təqaüdçülərin onsuzda az olan pensiyasına göz dikir, bir nazir ki, əlillərin, müharibə iştirakçılarının haqqını əlindən alır, bir ölkədə ki, məktəb diretoru azyaşlı uşağa təcavüz edir... Daha nələri deyəsən ki... Bu mənəvi aşınma deyilsə, lütfən adını mənə də deyin bilim, bunun adı nədir?
Sizə bu gün təqdim etmək istədiyim yazı artıq çapa hazır idi ki, saytların birində həmin yazının məzununa oxşar bir informasiyaya rast gəldim. Bu məlumatda mənim üçün maraq kəsb edən o oldu ki, "Qocalar evi"nə yerləşdirilən qadın ölkəmizdə yüksək vəzifə tutan dövlət məmurlarından birinin yaxın qan qohumudur. 87 yaşlı yaxın doğmasına sahib çıxa bilməyən, onun müalicəsinə yardım etməyən bu məmurun bütövlükdə xalqa xidmət edəcəyi də böyük sual altında olan bir məsələdir.
Ən əsası da məmur laqeyidiyi, doğmalarının biganəliyi insanların həyata ümidlərinin itməsinə səbəb olur.
Yaddan çıxarmayın, vəzifə kimi, həyat da əbədi deyil deyil...
Çarpayıdan asta-asta qalxıb, pəncərəyə yaxınlaşdı. Səhərdən aramsız yağan yağış onun son ümidini də heç elədi, "belə havada, heç kim itini də bayıra buraxmaz". Bir xeyli beləcə dayanıb, onun ümidin heç edən yağışa baxdı. Bu sükütdan, bayırda yağan yağışın yeknəsək səsindən bir qədər üşünsə də, xəyalları onu çox uzaqlara- uşaqlıq illərinə apardı. Belə bir yağışlı-qarlı qış günündə ucqar bir dağ kəndində dünyaya göz açmışdı. Nə uşaqlıq, nə də gənclik illəri onun üzünə güldü. Ata-anasını tez itirən bu körpə Bakıya- uşaq evinə (o zamanlar el arasında bu məkana "detdom", yaxud "atılmışlar evi" deyirdilər) göndərdilər. Buradan texniki-peşə məktəbinə, oradan əsgəri xidmətə yollandı və nəhayət evləndi. Bu onun həyatının bəlkə də ən xoşbəxt günləri, illəri idi. Artıq öz ailəsi vardı. Onların korluq çəkməməsi üçün gecəli-gündüzlü çalışırdı. Xəyallar sürətlə axan kino lenti kimi dayanmaq bilmədən ona bir daha keçmişini xatırlatdı.
Onu ən çox narahat edən övladları idi. Onların özünün çəkdiyi çətinliklərlə üzləşməsini istəmirdi. Hər bir nazları ilə oynayır, tələblərini sözsüz yerinə yetirməyə çalışırdı. Bu da həyatının ən böyük səhvi idi, bəlkə də.
Həyat yoldaşı bəzən bütün bunlara etiraz etsə də, "boş ver arvad, qoy uşaqlar biz çəkdiyimizi çəkməsinlər",- deyərək onu sakitləşdirməyə çalışırdı.
***
Mirdamət kişi xəyal dünyasının şirinliyinə elə aludə olmuşdu ki, aramsız yağan yağışın səsini belə eşitmirdi.
-Mən harada günah etdim İlahi? Başıma gələnlər hansı günahımın bədəlidir ki, onu çəkməkdə zorlanıram, deyə düşündü.
Beynində dolaşan suallar çox, onlara cavab tapmaq isə daha çətindi. Buna istəsə belə, gücü yetməzdi, həm mənəvi, həm də fiziki cəhətdən.
Çünki övladları tərəfindən atılan bir ata olaraq əzab içində yaşayırdı. Övladları onu ağır xəstə olduğu üçün "Qocalar evi"nə (tarixin gərdişinə bax, indi buranı da "atılmışlar evi" adlandırırlar) yerləşdiriblər.
Mirdamət kişiyə ağır gələn də bu idi, atılmışlar evindən, atılmışlar evinə, sanki aradan keçən bu 60 ildə həyatında heç nə baş verməmişdi.
-Yəqin, övladlarım düşünüblər ki, atılmaşlar evindən çıxanın onlarla yaşamaq haqqı yoxdur. Nə yaxşı ki, Sənəm bütün bunları görmədi. Kaş məni də onunla bir yerdə göməydilər torpağa, övladlarımın nankorluğunu görməyəydim.
***
Yağış ara vermədən yağırdı. Sanki göy üzü də Mirdamət kişinin dərdinə şərik çüxır, onu ovundurmaq üçün göz yaşı tökürdü.
Bu an Mirdamət kişinin diqqətini atılmışlar evinin həyətində, yağış altında büzüşüb duran tənha köpək cəlb etdi. Sanki bu tənha köpək də, pəncərənin önündə duruxub qalan, öz xəyal dünyasının keşməkeşlərin təftiş edən Mirdamət kişinin dərdinə şərik olmaq istəyirdi. Tənha köpəyin bu məzlum baxışları Mirdamət kişini xəyallarından, düşüncələrindən, cavabını tapa bilmədiyi sualların caynağından qurtardı.
-Sən də mənim kimi atılmışlardansan deyəsən, yoxsa bu yağışda, sazaqda burada nə işin var? Yoxsa, mənim tənhalığıma şərik olmaq istəyirsən?
Mirdamət kişi asta addımlarla otaqdan çıxdı, dəhlizdə ölü bir sükut, səssizlik vardı. O, bu səssizlikdən bir qədər xoflanan kimi oldu.
-İlahi, tənhalıq necə də qorxunc olur, yəqin elə buna görə, vəfat edən insanları Sənin dərgahına tək-tənha göndərirlər ki, bu qorxunu hiss etsinlər.
***
Bu sükut səbəbsiz deyildi. Bayram ərəfəsi olduğundan "Qocalar evi"nin sakinlərindən kimisi evinə, kimisi qohum-əqrabasının yanına getmişdi.
Burada isə kimsəsiz atılmışlar və çarəsiz xəstələr qalmışdılar. Kimsəsizlər də öz otaqlarına çəkilərək, tənhalıqlarının əzabını çəkirdilər.
Mirdamət kişi yavaş addımlarla pilləkənləri enərək həyətə çıxdı. Qocalar evinin həyətindəki "besedka"da sığınacaq tapan tənha köpəyə yaxınlaşdı. Oradakı oturacağa əyləşib, əlində gətirdiklərini köpəyin qabağına qoydu.
-Yəqin çoxdan dilinə bir şey dəyməyib? Al, ye! Sən də mənim kimi, bu tənhalığın sakinisən, yəqin səni də sahibin qocaldığın üçün küçəyə atıb?
Çox təəssüf ki, danışa bilmirsən, sən də öz dərdini danışsaydın bir qədər yüngülləşərdin. Mənim də ürəyimdə bir yaxın insana açıq deyə biləcəyim çox şeylər var. Ancaq nə fərq edər. Bu gün insanlar özlərindən başqa bir kimsəni dinləməzlər ki.
Tənha köpək başını qaldırıb, Mirdamət kişinin gözünün içinə elə baxdı ki, kişi üşəndi... Ona elə gəldi ki, tənha köpək onu anlayır, buna görə də, deylənlərə görə onu məzəmmət edir. Tənha köpək Mirdamət kişini gətirdiklərini yeyib qurtaran kimi, onun ayaqlarına qısılıb, gözlərinə baxaraq, sanki təşəkkür etdi. Mirdamət kişini qəhər boğdu.
- İlahi, nə üçün insanlar, bu köpək qədər də anlayışlı və mərhəmətli deyillər? Bir tikə çörək verən sahibinə ömrünün sonuna qədər sadiq qalır. Ancaq ürəyinin yağını yedirtdiyin, bütün ömrünü fəda etdiyin, qanı-qanından, canı-canından olan övlad öz atasını atılmışlar evinə atır ki xəstəsən, xəstəliyin uşaqlarıma keçər... Bu köpək heç də digər küçə itlərinə oxşamır. Yəqin sahibi hansısa səbəbdən onu küçəyə atıb. Bəlkə onun da sahibini övladları küçəyə atıblar ki, o da küçələrə düşüb? Hər halda ağıllı itə oxşayır. Bağışla, görürəm çox soyuqdur, ancaq səni içəri apara bilmərəm. Aparsam, hər ikimizin "mitilini" atarlar bayıra, oğlum gəlib məni otağımda tapmasa, çox narahat olar.
Mirdamət kişi itin başına sığal çəkib, ayrılmaq istəyirdi ki, xəstəxana xidmətçisinin-Həsənov gəl içəri, qonağın var, çağırışını eşitdi.
-Bağışla, mən gedim artıq...
***
Mirdamət kişi masanın üstündəki sovqat zənbilini görəndə ürəyi sancdı, hiss etdi ki, oğlunun onu evə aparmaq fikri yoxdur.
-Səlim, apar məni evə, indi vəziyyətim yaxşıdır, amma hiss edirəm ki, vaxtıma çox az qalıb. Bu son bayramı sizinlə, nəvələrimin yanında, doğma dirvarlar arasında keçirmək istəyirəm. Məni bundan məhrum etmə! Sənin keçən gəlişində həkimlə etdiyin söhbəti eşitdim. O, da dedi ki, artıq heç kim üçün təhlükəli deyilm. Qurban olum sənə, məni burada tək qoyma;
Bir-iki gün qalım, Sənəmin məzarını ziyarət edim, nəvələrimi görüm, mənə yetər. Yenə də qaytarıb gətirərsən buraya.
-Yaxşı, yaxşı bir şey fikirləşərik, hələ bayrama 3-4 gün var, çalışacağam gəlim, səni aparım. Axı niyə başa düşmək istəmirsən ki, burada qalmaq sənin üçün daha yaxşıdır. Ayrıca otağın, hər tərəf tər-təmiz, yeməyin-içməyin də öz yerində. Daha sənə nə lazımdır ki?
-Oğlum, eşitməmisən deyirlər,"doğma divarlar da insanın sağalmasına kömək edir". Mən də, artıq özümü yaxşı hiss edirəm. Evimə getmək, nəvələrimi görmək istəyirəm, bala. Bu məndən asılı deyil ki.
-Yaxşı, bir-iki gün də döz, bayramda gəlib səni aparacağam. İndi isə di sağ ol, tələsirəm.
Səlimin bu sözlər, Mirdamət kişiyə qol-qanad verdi, sevincinin həddi -hüdudu yox idi.
-Üç gün nədir ki, nəhayət, 3 ildir görmədiyim doğma evimi-eşiyimi, hər zaman həsrətlə yad etdiyim, övladlarımdan belə çox istədiyim nəvələrimi görəcəyəm. Bu 3 ildə yəqin çox dəyişiblər. Onlar da yəqin mənim üçün darıxıblar. Hansı nəvə, baba üçün darıxmaz ki?
Evə çatan kimi, ilk növbədə Sənəmin məzarını ziyarət edəcəyəm, yəqin o da mənim üçün darıxıb. Qəbir olanda nə olar, ruhu da oralarda deyilmi, yəqin mənim vəfasızlığımdan gileylənir. Amma bilmir ki, bu üç ildə onu xatırlamadığım bir anım belə olmayıb.
***
Bayırdan gələn səs, Mirdamət kişini yenə də düşüncələrindən ayırdı.
Kimsə, tənha köpəyi atılmışlar evinin həyətindən qovmağa çalışırdı.
Gördüyü bu vəhşilikdən bütün dərd-sərini unudan Mirdamət kişi, tez-tələsik paltosunu çiyninə atıb, həyətə düşdü.
-Bu yazıq heyvandan nə istəyirsən, görmürsən soyuqdan əsir, daldalanmağa yer axtarır?!
-Əsəbləşmə ağsaqqal, mən nəkarəyəm ki, "zavxoz" tapşırdı, köpəyi qov xəstəxananın həyətindən, birdən xəstə-filan olar, insanları da yoluxdurar...
-Onda heç bir xəstəlik-filan yoxdur.
Mirdamət kişi yaxınlaşıb tənha köpəyin başını sığallayır.
-Qorxma, nə qədər ki mən buradayam, sənə heç kim toxuna bilməz.
Tənha köpək də Mirdamət kişini başa düşürmüş kimi, sakitləşir, başını onun ayaqlarına sürtərək minnətdarlıq edir.
Mirdamət kişi otağına qayıdır. Oğlunun gətirdiyi ərzaqlardan tənha köpək üçün də pay ayırıb, aparıb qarşısına qoyur.
-Oğlumun gətirdikləri ikimizə də yetər. Mən onsuzda iki gün sonra gedəcəyəm. Sən özünə yaxşı bax, bəlkə bir daha görüşmədik.
***
Bayram günü Səlim həyat yoldaşı Dilbərə atasını evə gətirmək istədiyini dilə gətirmişdi ki, evdə şivən qopdu.
-Sənin onun xəstəliyindən xəbərin var? O halda onu evə gətirmək istəyirsən? Səlim, bilirəm atandır, ona ürəyin yanır. Bəs sən, məni, uşaqları heç düşünürsən? Onun xəstəliyi hər hansı birimizə keçsə, ona dözə bilicəksən, onda get, gətir...
Bu sözlərdən sonra Səlim bir xeyli susqun qaldı, Dilbərə verəcək cavab tapa bilmədi.
-Yaxşı, bayramdan sonra gedib könlünü alaram. Bir müddət də orada qalsa bir şey olmaz,-deyərək Dilbəri sakitləşdirmək istədi.
-Özün bilərsən, mən sözümü dedim!
Bayramı böyük təm-təraqla qohum- əqrabasının, dostlarının əhatəsində keçirsə də, Səlim heç cür toxtaqlıq tapmır, ürəyi sıxılır, özünə yer tapmırdı. Elə bil nəyisə itirmişdi, heç cür tapa bilmirdi. Qonaqlar dağılışandan sonra bir yuxu dərmanı içib, yerinə uzanmışdı ki, anası göz önünə gəldi və bircə kəlmə söz dedi, "Səndən gözləməzdim Səlim!". Səlim hövlank yerindən qalxdı. Yadına düşdü ki, bu bayram heç anasının məzarını da ziyarət etməyib.
***
Bayram günü Mirdamət kişi səhər tezdən durub, yol hazırlıqlarına başladı. Olan-qalanını idman çantasına yığıb, oğlunun yolunu gözləyir, tez-tez də özü-özünə təsəlli verir ki, hələ tezdir, gələcək, mütləq gələcək.
***
Səlim yenidən yerinə uzandı, yatmaq istəsə də heç cür gözünə yuxu getmirdi.
Fikirləşdi ki, səhər tezdən gedib atamı götürərəm, oradan birlikdə gedib anamın məzarını da ziyarət edərəm. Yenicə gözlərini yummuşdu ki, təxminən 10-12 yaşlarında, qışın qarlı, çovğunlu bir günüdə avtomobil qəzasına düşərək xəstəxanaya yerləşdirildiyi səhnə gözünün önünə gəldi. Vəziyyəti ağır olduğundan heç kimi onun yanına buraxmırdılar. Onda atası uzun bir nərdivan tapıb, qışın bu soyuğunda pəncərədən oğluna ürək-dirək verməyə çalışır. Həkimlərin bütün təkidlərinə baxmayaraq, pəncərə önündən çəkilmir. Beləcə, Səlim palataya keçənə qədər -3 gün nərdivanın üstündə qalmışdı atası. Atasının o qarlı-çovğunlu qış gecələrində pəncərə qarşısında gözlədiyini xatırlayan Səlim isti yatağında belə, soyuqdan əsməyə başladı və yenə də yuxudan ayıldı.
***
Artıq gec idi. Nə xəstəxanada, nə də həyətində bir hənirti var idi. Yalnız tənha köpək öz məzlum gözlərini Mirdamət kişinin otağının pəncərəsinə dikib, nəyisə düşünürdü elə bil. Tənha köpək Mirdamət kişinin son ümidinin də söndüyünü hiss edib, asta-asta, oğrun-oğrun xəstəxana binasına yaxınlaşdı. Öz dostunu görmək üçün gizlincə pilləkənləri qalxdı. Murdamət kişinin otağının qapısı aralı idi. Yavaşca otağa girdi. Mirdamət kişi otağa kiminsə girdiyini hiss etsə də, artıq ayağa qalxacaq halı yox idi.
Birdən oğlunun gec də olsa gəldiyini düşünərək, çox böyük çətinliklə üzünü qapıya çevirdi. Tənha köpəyi görəndə gözləri yaşardı. Asta səslə:
-Qapını ört, səni burada görsələr, dərinə saman təpərlər. Nə yaxşı ki, gəldin. Masanın üstündə nə varsa, götür ye, artıq mənə lazım olmayacaq. Bağışla ki, durub sənə qulluq edə bilmirəm. Artıq yoldayam, gedirəm. Bilirsən, düz deyirlər, insan son ümidini itirəndə ölür.
Yaxın gəl, sənə bir şey danışım. Onsuzda səndən başqa məni anlayacaq bir kimsəm qalmayıb ətrafımda. Səndən bir az əvvəl Sənəm gəlmişdi yanıma, bu halımdan çox pərişan olmuşdu. Yanına çağırırdı. Mən isə uşaqları, nəvələri düşünür, onunla getsəm, onların narahat olacaqlarını deyib, etiraz etdim. Axı bu gün Səlim gəlib məni evimizə aparmalydı. Yəqin işi çox olub, yaxud ona işdən icazə verməyiblər ki, gələ bilməyib.
Səndən bir dost kimi soruşum, Sənəm bir də gəlib təkid etsə, onunla gedim, yoxsa Səlimi gözləyim?
Eh, sən mənə nə cavab verəcəksən ki... Gəl belə edək, kim tez gəlsə, onunla gedəcəyəm. Bax, bu söhbəti heç kimə danışma, aramızda sirr olsun.
***
Səlim yuxudan səksəkəli qalxdı, otaq soyuq olsa da, o, qan-tər içində idi.
Bir tərəfdən də ürəyi qısılır, havası çatmırdı. Heç kimə bir söz demədən evdən çıxdı. Avtomobilinə minib, atılmışlar evi istiqamətində sürət götürdü.
Xəstəxananın həyətində onun qarşısına çıxan, yalnız tənha köpək oldu. Səlim ona əhəmiyyət vermədən, atasının yatdığı otağa sarı qaçdı. Bütün yol boyu atasından bağışlanması üçün necə əfv diləyəcəyi barədə düşünmüşdü. Atasına qarşı etdiyi bu haqsızlığın əvəzini verəcəyini, bir daha onu gözündən uzağa qoymayacağını özünə söz vermişdi.
Mirdamət kişinin yataq otağının qapısı açıq idi. Otaqda kimsə yoxdu, hətta çapayının üstündən yataq belə yığışdırılmışdı. Səlim müvazinətini itirib yerə çöməldi. Gücü, ancaq ATA! qışqırtısına çatdı. Atası isə artıq yox idi.
***
Mirdamət kişinin son ümid çırağı bayram gecəsində söndü.
Oğul, anadan gec gəldi. 40 il bir yerdə ömür sürən Sənəm həyat yoldaşının iztirablarına, övladlarının nankorluğuna dözmədi, gəlib onu da özü ilə Allah dərgahına apardı. Ölüm ayağında isə yanında atılmışlar evində cəmi 3 gün əvvəl tanış olduğu tənha köpək var idi.