Əlilliyi olanlara istirahətin real təminatı

 

Tədbirlər planı əməli addımla müşayiət edilsə...

 

Dəyişkənliklər həmişə maraqla qarşılanır. Amma gərəkdir bu dəyişikliklər də istənilən əhali qrupunun konkret maraq dairəsində olsun. Ümumi anlamda hamının diqqətini çəkən məsələlərdən istisnalıq təşkil edənlər də yararlana bilsin...

Bu məqamda Bakı meriyasından verilən bir xəbər diqqətimi çəkir. Deməli, Bakı ŞİH başçısı Eldar Əzizov paytaxt rayon icra başçılarının və şəhər təsərrüfatı xidmətlərinin rəhbərlərinin iştirakıyla müşavirə keçirib. Orada müzakirə olunan məsələlərdən, qeyd edilən nöqsanlar, qarşıda duran vəzifələr və yaxud, görüləcək işlərdən əhatəli danışmaq istəmirəm. Bu məsələlər artıb ictimailəşdirilib və Bakının təəssübünü çəkən hər kəsin diqqətini cəlb edib. Bakı meriyasının qarşıda görəcəyi işlərlə bağlı, onlara ideya şəklində bir sıra təklifləri səsləndirmək istərdim. Hər halda, paytaxtımızın bugünü və sabahıyla bağlı bütün müsbət məqamlara, tikinti-abadlıq və yaxud, əksinə məsələlərə diqqəti çəkmək, problemləri qabartmaq hər bir vətəndaşın vəzifəsi olmalıdır. Eyni zamanda, bu yöndə müşahidə edilən mənzərələr və real faktlarla bağlı əhalinin əlaqədar qurumlara məlumat verməsi ümumi nöqteyi-nəzərdən çox vacibdir.

Yeri gəlmişkən, Bakı ŞİH başçısının “tənqid və özünə tənqid normaya çevrilməlidir” fikrindən çıxış edilsə, deməli, vətəndaşların indiyədək susdurulan harayını, haqq səsini eşitmək zamanı gəlib çatıb. Hər halda, sıravi insanların gözünün gördüyünü vəzifədə oturanlar, bu məqsədə təhkim edilənlər nəhayət ki, görməli və anlamalıdır. Zatən, vəzifəyə təyin edilmənin ilkin mənası, məqsədi də elə vətəndaşın xidmətində dayanmaq olmalıydı ki, bu möcüzə indiyədək baş verməyib.

Beləliklə, deyilən sözlər, verilən vədlər öz hərfi mənasında qalmasa, Hacıbala müəllimin sevimli, zərb-məsələ çevrilmiş ifadəsiylə desək, “Bakımız” rəsmi hesabatlarda deyil, elə reallıqda da gözəlləşəcək, inkişaf edə biləcək. Təki elə olsun.

Yerlərdə vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi və onların müraciətlərinə həssaslıqla baxılması, süründürməçilik, rüşvətxorluq hallarının aradan qaldırılmasıyla bağlı tədbirlər planının yaxın gələcəkdə əməli addımlarla müşayiət edilməsini əslində, əhali çoxdan gözləyir. Çünki neqativ hallardan, qanunsuzluqlardan, süründürməçilikdən usanan vətəndaşları, vəzifə sahiblərinin onların xidmətində dayanması əvəzinə, qarşı tərəfi öz xidmətçisinə çevirməsi halları əhalini doğrudan da yorub. Yorulan, daha dəqiq desək, problemlərin çıxılmazlığından bezən insanlar isə hər şeyə qadirdir.

Vətəndaş mövqeyindən çıxış edərək, paytaxtda gedən, lakin indiyədək rəsmən diqqət verilməyən məsələləri təkrar etmək fikrindən uzağam. Əlaqədar qurumların sözçüləri zəhmət çəkib yazdıqlarımızı oxusun, nəticə çıxarıb qərar versin. Bu məqamda bircə təkliflə çıxış etmək istərdim. O da əlilliyi olan şəxslərin asudə vaxtda dincəlmək istədiyi məkanların təyinatı üzrə yaradılmasıdır.

Hələlik bu sahədə görülən işlər barmaq sayı qədərdir, bəlkə də daha azdır. Onların cəmiyyətə inteqrasiyasından bugünədək daha çox danışılıb, yazılıb. Lakin bu sahədə görüləcək işlər istənilən həddə deyil, cəmiyyətdə həmin kateqoriyadan olan insanların komplekssiz yığışdığı ünvanların olması zənnimcə, daha vacibdir. Belə kütləvi məkanlarda sosiallaşmaq, ictimailəşmək onların cəmiyyətin digər üzvlərinə inteqrasiyasını daha çox sürətləndirər.

Təklifi verdim, onun icrası artıq sözügedən orqanların işidir. Hər halda, paytaxtda addımbaşı rastımıza çıxan marketlərin, apteklərin, çay evlərinin, şadlıq saraylarının, kafe-restoranların və s. bolluğunda, haqqında danışdığımız kateqoriyadan olanlara xüsusi təyinatlı məkanların yaradılması, inşası daha vacibdir. Hər birimizin, hamımızın istifadə etdiyi, yararlandığı, asudə vaxtın toplantı yeri olan belə məkanları onların istifadəsinə vermək sağlamlıq məhdudiyyətli insanlara daha çox rahatlıq gətirən istirahətin real təminatı olardı.

 

Nigar Orucova 

0.12218403816223