Aqrar sahənin əsas problemi

 

Pambıq əkək, əkməyək?!

Yadınızdadırsa, 2015-ci il Azərbaycanda "Kənd təsərrüfatı ili" elan edilmişdi. Həmin il dövlət büdcəsindən aqrar sahəyə cəmi 4 milyon manat, yəni təxminən digər illərdəki qədər vəsait ayrıldı. Fərq onda idi ki, digər illərdə ayrılan vəsait birbaşa aqrar sahəyə yönəldilsə də, həmin il bu vəsaitlə 54 rayonda kənd təsərrüfatı idarələri tikildi. Bundan əlavə həmin idarələrə rəhbər və digər işçilər təyin edildi ki, bu da aqrar sahəyə ayrılan vəsaitin səmərəsiz xərclərinin artmasına səbəb oldu. Bir neçə il bundan əvvəl isə aqrar sahəni inkişaf etdirmək məqsədilə rayonlarda soyuducular tikildi. Hazırda həmin soyuducuların əksəriyyəti boş qalıb, heç kim onlardan istifadə etmir. Hazırda isə ölkədə pambıq becərilməsi kampaniyası davam etdirilir. Aran rayonlarında məktəbləri bağlayıb, şagird və müəllimləri pambığa aparanda mən nastalji hisslər yaşadım. Axı bizim uşaqlıq illərində - sovetlər dönəmində də belə edirdilər. Pambıq mövsümü gələn kimi bütün məktəblər, bazar-dükanlar, hətta xəstəxanalar belə bağlanırdı və hamı bir nəfər kimi pambıq yığımına və ya becərilməsinə aparılırdı. Bir dəfə hətta toyu olan gənclərin yolda qabağını kəsib, onlara pambıq yığdırmışdılar. Deyəsən biz də, kənd təsərrüfatını "inkişaf etdirərək" gedib ora çıxacağıq - yəni geriyə. Bu cür halların siyahısını bir qədər də artırmaq olar, amma bu faktlar oxucuda aydın təsəvvür yaradır ki, biz kənd təsərrüfatını inkişaf etdirmək üçün etdiyimiz cəhdlərdə nəyisə düzgün etmirik. Belə olmasaydı, əmək qabiliyyətli əhalisinin 65-70 faizi kənd təsərrüfatı vərdişlərinə malik olan Azərbaycanda aqrar sahə yüksək templə inkişaf etməli idi. Lakin biz bunun əksini müşahidə etməkdəyik. Strateji məhsul sayılan ərzaq buğdasını belə, yerli tələbat səviyyəsində istehsal edə bilmirik. Düzdür, statistikaya görə ölkədə yerli tələbatdan 20-25 faiz çox ərzaq buğdası istehsal edilir, amma biz həm də yerli tələbatın 50 faizi qədər ərzaq buğdası idxal edirik. Bunun müqavilində ölkədən bir kiloqram belə ərzaq buğdası ixrac edilmir. Yerli tələbatın 50 faizi qədər də ərzaq buğdası ixrac edilsəydi, bu anlaşılan olardı, deyərdik ki, sahibkar azaddır, yerli bazarda satmır, məhsulunu dünya bazarına çıxarır. İndiki mənzərə isə onu deməyə əsas verir ki, biz statistik rəqəmləri ən azı 50 faiz işişrdirik. Əslində, Azərbaycan xalqı bu qədər çörək yemir, illahda ki, indi hamı "dietada"dır. Maraqlıdır, Surət Hüseynov demişkən, bəs, biz nəyi düz yapmırıq? Əvvala onu qeyd etməliyəm ki, biz bazar iqtisadiyyatı modelini seçmişiksə, inzibati idarəetmə modelinin alətlərindən imtina etməliyik. Başqa sözlə desək, biz kəndliyə diktə etməməliyik ki, sən mütləq filan bitkini becərməlisən və ya heyvandarlıqla məşğul olmalısan. Aqrar sahədə bizim islahatların fayda verməməsinin birinci səbəbi inzibati metodlardan istifadə etməyimizdir. Biz kəndlini stimullaşdırmaqla istiqamətləndirməliyik. Lakin bu stimullaşdırma da, elə bir formada olmalıdır ki, kəndli seçim etmək imkanına malik olsun. O, yerli şəraiti, iqlimi, üstündə cəzdiyi torpağın gücünü Kənd Təsərrüfatı Nazirliyinin komfortlu kabinetlərində oturan mütəxəssislərdən daha yaxşı bilir. Bununla yanaşı, fermerin çiyninə həm də məsuliyyət düşür, o, məşğul olduğu sahədən mənfəət götürməyi hədəfləyir. Əks təqdirdə, onun bu işlə məşğul olmağa heç bir marağı olmayacaq. Bütün bu amilləri nəzərə alaraq kəndli özü dəqiqləşdirməlidir ki, aqrar sahənin hansı seqmenti ilə məşğul olmalıdır. Qərarı fermer özü qəbul etməlidir ki, məsuliyyətini hiss etsin. Məsələn, biz indi ölkədə pambıq əkmək kampaniyasına başlamışıq, amma heç kim fərqinə varmır ki, Azərbaycanda yetişən pambıq Özbəkistan və Meksika pambığı ilə dünya bazarında rəqabətə girə bilməz. Ona görə ki, bir ton Azərbaycan pambığından çıxan lift 200 kiloqram Özbəkistan, 150 kiloqram Meksika pambığından çıxır. Bunu fermer bilməsə də, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri çox yaxşı bilir və bilə-bilə də fermerlərdən tələb edirlər ki, pambıq əkin! Bununla onlar aqrar sahəni iflasa sürükləyirlər. Çünki onlar bu cür pambığı yalnız yerli bazarda sata bilər, yerli bazar isə yox dərəcəsindədir. Yekun olaraq qeyd etmək istəyirəm ki, biz aqrar sahəni inkişaf etdirmək istəyiriksə, fermerləri sərbəst seçimə buraxıb, onlara şərait yaratmalı, gərəkən məqamlarda onlara kömək etməliyik.

0.44335103034973