Bəzi vəzifə sahibləri xalqa meydan oxuyur
Ölkə Prezidenti cənab İlham Əliyev çıxışlarında bütün məmurlara xalqa xidmət göstərməli olduqlarını xatırladır. Özlərini və övladlarını qudurğanlıqdan, həddini aşmaqdan çəkinməyə dəvət edir. Lakin Prezidentin bu xəbərdarlıqlarına baxmayaraq, bəzi məmurlar özlərini külli ixtiyar sahibi kimi aparır və başa düşmək istəmirlər ki, xalqa qarşı hörmətsizlik etmək onlara yaxşı heç nə vəd etmir. Ancaq yenə də öz çirkin hərəkətlərinə son qoymaq barədə fikirləşmir, “babam mənə kor deyib, gəlib gedəni vur deyib” zərb məsəlində deyildiyi kimi, xalqa qarşı həqarət etməkdə çəkinmirlər.
Bu günlərdə Beyləqana yas məclisinə getmişdim. İnsanlarla söhbət edərkən rayonda mövcud vəziyyətlə maraqlandım. Məlumat verdilər ki, rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev yığıncaqlarda vəzifəli şəxslərdən müxtəlif bəhanələrlə, təhqiramiz şəkildə pul tələb edir və rayon əhalisini müxtəlif məsələlərdə günahkar sayaraq çəkinmədən açıq-aşkar çılpaq söyüşlərlə təhqir edir. Doğrusu, öncə eşitdiklərimə inanmadım. Bu hadisıni başqa insanlardan dəqiqləşdirməyə çalşdım. Bir xeyli insanlar arasında, aralarında vəzifəli şəxslər olmaqla, apardığım araşdırmanın sonunda öyrəndim ki, Vaqif Abdullayev Beyləqanda özünü Prezidentin Mühafizə Xidmətinin rəhbəri, hörmətli general Bəylər Əyyubovun yaxın qohumu kimi təqdim edərək, bundan sui-istifadə edir, vəzifəli şəxslərlə kobud davranır. Hhətta yığıncaqlarda belə, söyüşlə, təhqirlə insanları təhdid etməkdən, pul istəməkdən çəkinmir.
Rayonda adının çəkilməsini istəməyən bələdiyyə sədrindən aldığım məlumata görə, Vaqif Abdullayev rayon bələdiyyələrinə dövlət büdcəsindən ayrılmış pulu mənimsəmək üçün rayon maliyyə şöbəsində bir mərkəz yaradıb. Bütün bələdiyyə sədrlərindən söyüşlə, təhqirlə tələb edib ki, hər bir bələdiyyə sədri gedib bələdiyyə üçün ayrılmış pulu alması barədə sənədə imza atıb getməlidir. Beləliklə də hər il olduğu kimi, bu il də bələdiyyələrə dövlət büdcəsindən ayrılmış yardım Vaqif Abdullayev tərəfindən mənimsənilib. Amma bu barədə rəsmi dövlət orqanlarına bir kəlmə də olsun şikayət-filan daxil olmayıb. Maraqlıdır, rayonda hamının, hətta rayonda fəaliyyət göstərən dövlət hüquq-mühafizə orqanları rəhbərlərinin gözü qarşısında baş verən bu cür cinayət xarakterli işlər barədə nə üçün ölkə Prezidentinə məlumat verilmir, əksinə gizlədilir?! Bu, dövlətə, xalqa və Prezidentə açıq-aşkar edilən xəyanət deyilmi?!
Beyləqan rayon icra hakimiyyəti başçısı Vaqif Abdullayevin timsalında məmurlar tərəfindən ölkədə hər gün baş verən onlarla belə özbaşınalığın baş verdiyini eşidirik, lakin nədənsə, bu cür ağır hadisə törədən, xalqın dövlətə etimadını azaldan vəzifəli şəxslərin cəzalandırıldığı barədə isə heç bir tədbir görüldüyünü hiss etmirik! Niyə?!
Məgər dünyanın ən ucqar ölkəsində belə baş verən ən xırda hadisədən dərhal xəbər tutan və onu yayan müvafiq orqanlar bəzi üzdəniraq məmurların dövlətin və xalqın var-yoxunu aşkar talamaqla, millət təhqir etməklə məşğul olduğundan niyə xəbər tuta bilmirlər, xəbər tuturlarsa, bu barədı niyə cənab Prezidenti məlumatlandırmırlar?!
Bəzi cavabdeh dövlət orqanlarının rəhbərləri təəssüf ki, belə qəliz məsələ Prezidentə başqa mənbələrdən çatmasa, məmurların və övladlarının törətdiyi cinayət hadisələr haqqında dövlət başçısına məlumat verməkdə çox acizdirlər! Cənab Prezidentə məmurların qanunsuz hərəkəti barədə başqa mənbədən xəbər veriləndə, nəticəsi Yasamalın sabiq icra başçısı İbrahim Mehdiyevin başına gələn hadisə baş verir! Hadisə baş verəndən sonra əl-ayağa düşməyə artıq heç ehtiyac qalmır, el arasında deyildiyi kimi:
“arxadan atılan daş topuğa dəyir!”