Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpinə təbrik məktubu göndərib.
"Report" xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri,
Çin Kommunist Partiyasının XIX Qurultayının uğurla başa çatması, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi və rəhbərlik etdiyiniz partiyanın bütün üzvlərini şəxsən öz adımdan və Yeni Azərbaycan Partiyasının üzvləri adından səmimi qəlbdən təbrik edirəm.
Ölkənizin ictimai-siyasi həyatında tarixi hadisə olan XIX Qurultay Çin Kommunist Partiyasının yeniləşməsi, onun gələcək fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşməsi, bütövlükdə xalqınızın rifahı, ölkənizin sosial-iqtisadi inkişafı, eləcə də xarici siyasət xətti ilə bağlı irəli sürdüyünüz yeni konsepsiyanın qəbul olunması kimi mühüm qərarlar ilə əlamətdar olmuşdur.
Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasını xoş ənənələrə malik dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Bu gün ölkələrimizin aparıcı siyasi qüvvələri kimi Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı fəal dialoq eyni zamanda xalqlarımız arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, bütün sahələrdə əməkdaşlığımızın dərinləşməsinə və bütövlükdə Azərbaycan-Çin münasibətlərinin inkişafına mühüm töhfələr verir.
Əminəm ki, dərin tarixi kökləri olan Azərbaycan-Çin əlaqələrinin daha da genişləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar və layihələr çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə və Çin Kommunist Partiyasının bütün üzvlərinə bir daha təbriklərimi və ən xoş arzularımı yetirir, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".