Teleqraf.com Neft Araşdırmaları Mərkəzinin rəhbəri
İlham Şabanla müsahibəni təqdim edir:
- İlham bəy, son zamanlar sosial mediada Qarabağla bağlı geniş müzakirələr açılıb. Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində də müxtəlif diskussiyalar aparılırdı. Feysbukda maraqlı bir fikrinizi oxudum, qeyd etmişdiniz ki, 15 il əvvəl Putin Azərbaycana hər gələndə düşünürdük bu dəfə özü ilə Qarabağın açarını gətirir. Amma zaman keçdi...
- Hər bir azərbaycanlı kimi məni də Qarabağ mövzusu maraqlandırmaya bilməz. Enerjimin bir qismini də həmişə ümumilli problemimizə həsr edirəm. Qarabağla bağlı araşdırma aparıram, Azərbaycandan kənarda baş verənlərlə maraqlanıram, hərdən diplomatlarla fikir mübadiləsi aparıram və ölkə xaricində konfranslarda iştirak edirəm.
... İnsanlarda o düşüncə var ki, Qarabağın açarı kimdədir və o açarı gözləyirlər. Bu, insanların canına heç də yaxşı istək kimi hopmayıb. Torpaqlarımızı itirdikcə böyük əksəriyyətin təhtəlşüurunda belə sindrom yaranıb ki, bu torpaqları bizə kimsə qaytaracaq: ABŞ, Avropa, yaxud Rusiya. Əvvəl 360 dərəcə bu üçü arasında bölünmüşdü, getdikcə, Azərbaycan vətəndaşlarının beyninə hopdurulub ki, o açarın 360 dərəcədən 300 dərəcəsi Rusiyadadır.
- Bəs Sizin qənaətiniz necədir?
- İnsanlar gözləyir ki, Putin sehrli açarı gətirəcək, amma gəlib deyir, sizinlə qarşı tərəf arasında mübahisə həll olunmalıdır ki, dayanıqlı sülh olsun. Əsas məsələ Azərbaycan vətəndaşı ilə Dağlıq Qarabağ icması arasında həll edilməlidir. Onları inandırmaq lazımdır ki, bizim damımız altında Ümumqafqaz evini daha tez əldə edə bilərsiniz.
- Dağlıq Qarabağda yaşayanların söz haqqı varmı?
- Ən böyük problemimiz bilirsinizmi nədir? Onlara birgə gələcəyimizi hansı səpkidə qurmaq istədiyimizə dair siqnal verməmişik. Ən yüksək səviyyə Naxçıvan Muxtar Respublikasıdır. Adekvat bir şey edə bilərik. İrəvandan və ya Bakıdan kimsə gedib orada yaşamayacaq. Gərək psixoloji nöqteyi-nəzərdən və uşaqlarının gələcəyi baxımından bunu həzm edə bilsinlər. Məsələn, Ağdərədə nə edəcəyimizi bildirməliyik. Deməliyik ki, 30 ildə işğal faktına görə mənə hansı ziyanı vurubsan, Mehrini tutub İranla sərhəddi kəsib söyləməliyik ki, sən dəhlizi birləşdirdiyin kimi mən də Naxçıvanla məsafəni birləşdirirəm. Biz bu siqnalı verməliyik. Kəlbəcərdə qızıl çıxarıb, yol çəkirlər. Biz məhz 9 rayonun adını çəkməliyik. Ermənilər Şuşanı tutanda nə deyirdilər? Xankəndində dinc vətəndaşlar daim Şuşadan atəşə məruz qalırdı, onun qarşısını aldıq. Bütün Azərbaycanın rayon və kəndləri işğal olunanda bu cür ad qoydular. Tovuzda və digər bölgələrimizdə kəndlərimiz atəş altında qalır, ətrafında erməni kəndləri var, onları darmadağın edib deyə bilərik ki, dinc sakinlərimizi atəşə məruz qoyursunuz. Deyirlər, Rusiyanın marağı var. 30 ildə bu maraq qurtarmadı? İndi bunu iqtisadi marağa çevirmək lazımdır.
... Münaşiqə bu cür davam edə bilməz. Əks təqdirdə uduzan biz olarıq. Biz çox loyalıq. Ermənilər XX əsrin əvvəlində də, 1923-cü ildə Dağlıq Qarabağ yarananda da Rusiyadan narazı idilər, Moskvaya qarşı aqressiv olublar. Halbuki Moskva onlar üçün hər şey edib, ancaq onlar daha çox istəyirlər. Bizsə 1 rayon qaytarılsa, bunu toy-bayram edəcəyik. Mən onlardan Zəngəzuru istəyərdim, öz də Honnkonq kimi 99 il müddətinə. Ona görə ki, 30 ildir 7 rayonumuzu işğal etməklə ümumi daxili məhsula görə bizə 100 milyard ziyan vurublar. Bunu dilə gətirməliyik, əks təqdirdə dünya deyəcək bunlar barışıblar. Barışmayanların etirazını dünyaya göstərməliyik.
- Jurnalistlər söyləyir ki, İlham Şaban neft-qaz sahəsində müraciət etdiyimiz yeganə mütəxəssisdir. Niyə belə bir situasiya yaranıb?
- Əslində yeganə deyiləm. Çox yaxşı mütəxəssislər vardı, məsələn, Rövşən İbrahimov əvvəl Qafqaz Universiteti, sonra ADA Universitetində çalışırdı, tale elə gətirdi ki, indi Seul Universitetində dərs deyir, Eləcə də bu sahədə ixtisaslaşan Elnur Soltanov ADA Universitetində işləyir. Əvvəlcə Bakı Dövlət Universitetində enerji təhlükəsizliyi ixtisası üzrə yeganə kadr Bəxtiyar Aslanbəyli sonra BP şirkətinin vitse-prezidenti oldu. Qadınlardan Strateji Araşdırmalar Mərkəzində enerji məsələləri üzrə ekspert Gülmirə Rzayeva İngiltərəyə getdi. Mənsə professional neftçiyəm. Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirmişəm. Onların heç biri «AZİ»-ni qurtarmayıb, enerji siyasəti üzrə ixtisaslaşıblar. Mən Dövlət Neft Şirkətində çalışmışam, kəşfiyyatçı idim, buruqlardan informasiya yığırdım, keçmişim neftlə bağlıdır, sonradan mediaya gəlmişəm. Ancaq mediaya gələndə də neftə görə gəlmişəm ...
- Neft ölkəsi olan Azərbaycanda mütəxəssis azlığı adekvat deyil axı. Səbəb nədədir?
- Əlbəttə, adekvat deyil. Mənim özümə də qəribə gəlir ki, niyə? Rusiya ilə müqayisə etsəniz, Rusiyanın bütün iri banklarında enerji sahəsi, neft və qaz üzrə analitiklər var. Müştəriləri neft şirkətləridir, onların bazarda böyük həcmli eksport əməliyyatları neft-qazla bağlıdır. Bizdə TOP 10 banka baxsaq, bankların analitikləri mediaya açıq olmalı idi, ancaq hansısa bankın təhlilçisinin sitatına rast gəlmisinizmi? Bizim bankların hamısı qapalı strukturdur. Bank-maliyyə sistemi qapalı olan yerdə təhlilçiyə ehtiyac varmı?
- Gündəmin baş mövzularından biri ABŞ-ın İrana sanksiyaları fonunda Həsən Ruhaninin Hörmüz boğazının bağlanması barədə açıqlamasıdır. Bu, realdırmı və baş verərsə, nəticələri nədən ibarət olacaq?
- Hörmüz boğazı ilə bağlı çox maraqlı bir məsələ var. Hüquqi baxımdan boğazı bağlaya bilərlər. Məsələ bundadır ki, Hörmüz boğazının eni 50 kilometrdir. Ancaq tankerlərin keçəcəyi yer 38 km-dən də qısa məsafədədir, onu da Omanla bölür. İran hissəsinə 10 km ətrafında yer qalır. İkinci bir tərəfdən 1982-ci ildə BMT tərəfindən qəbul edilmiş dəniz konvensiyası var. Bu konvensiya boğazlar məsələsinə belə aydınlıq gətirir ki, bağlana bilməz. İran hökuməti konvensiyanı imzalayıb. Əmma ondadır ki, bu konvensiyanın hüquqi qüvvəyə minməsi üçün parlament onu təsdiq etməli idi.
İran parlamenti onu bu günə qədər təsdiq etməyib. Ancaq İran parlamentinin alt komissiyalarında və Məclisdə bu məsələ müzakirə olunub, sadəcə səs çoxluğu ilə qəbul edilməyib. Bir tərəf əsas gətirir ki, imza var, buna əməl olunmalıdır, digər tərəf isə deyir nə olsun, hökumət konvensiyanı imzalayıb parlament təsdiq möhürünü vurmayıb...
- “Blomberq” agentliyi neftin 100 dollara qədər bahalaşa biləcəyini anons edib. Beynəlxalq Enerji Agentliyi isə açıqlayıb ki, İrana qarşı sanksiyalar “qara qızıl”ın qiymətinə təsir göstərəcək. Neftin qiymətinin 100 dollaradək bahalaşması mümkündürmü?
- Artıq bu təsir özünü göstərir. İrana qarşı sanksiyalar iki mərhələdən ibarətdir. Birinci etap xəbərdarlıq, ikincisi isə noyabrın 4-də olacaq. İran neftinin dünya bazarlarına ixracının qarşısının alınması nəzərdə tutulur. Söhbət 1 milyon barelə qədər neftdən gedir...
ABŞ administrasiyası hesab edir ki, məhz bu həcmdə olan neft gəlirlərini İran hökuməti hərbi və nüvə texnologiyalarına, beynəlxalq terrorizmi dəstəkləmək siyasətinə yönəldib. Neftin qiyməti 62 dollara düşmüşdüsə, yavaş-yavaş qalxmağa başladı, bir qədər sonra 70 dollar oldu, ondan sonra iyun ayında OPEK-in konfransında 1 milyon barel neftin qiymətinin artırılmasına qərar verdilər. Bu, İranın həcmlərini həqiqətən bazara çıxaracaqlarına dair siqnal idi. Bundan sonra neftin qiyməti artmağa başladı. Hazırda neftin qiyməti 80-85 dollar dəhlizində qərarlaşıb. Bu dəhlizə keçid payızın sonuncu ayında gözlənilirdi. Sentyabrda Əlcəzairdə OPEK+ formatında toplantı oldu.
Orada OPEK-in digər 13 üzvü İran nefti bazardan çıxarılacağı halda 1 milyon barel nefti bazarda necə tənzimləyəcəklərini razılaşdırmalı idilər. Səudiyyə Ərəbistanı bu addıma getmədi və bunu OPEK-in noyabr konfransına saxladı. Digər tərəfdən, Rusiya qeyri-OPEK ölkələrinin lokomotivi kimi energetika naziri Aleksandr Novakın timsalında bəyanat verdi ki, biz noyabrda bazardakı vəziyyətə baxıb ona uyğun addımlar atacağıq. Bu, bazar iştirakçıları üçün görünməmiş addım oldu, buna hazırlıq lazım idi. Nəticə etibarilə dumanlı pat vəziyyəti yarandı. Bu biri tərəfdən Venesuelada 8 ayın nəticələrinə görə 500 min bareldən çox neft hasilatı azalmağa doğru getdi. Hər ay hasilat həcmlərinin aşağı düşmə tempinin yüksələcəyi ilə bağlı proqnozlar yayılır. Belə fikirləşirlər ki, yerdə qalan 4 ayda da 250-300 min barel neft azalacaq, ümumi neft bazarından təxminən 1,8 milyon barel neft çıxır. OPEK-in içərisindəki Liviya isə qeyri-adekvat ölkədir, orada qəbilələr arasında toqquşma baş verən kimi neftin hasilatı azalır, sonra artır.
Onlar demişdilər ki, biz ilin sonuna 1,8 milyon barel neft hasil edə bilərik. Bundan öncə isə bunu ilin ortasında edəcəklərini bəyan etmişdilər. Ancaq sentyabrın əvvəlinə 1,27 milyon hasilat ediblər. Onların verdiyi bəyanata şübhə var. Belə olan halda bazar iştirakçıları hesab edirlər ki, OPEK özü 1 milyon barel neftin bazardakı yerini doldursa, qeyri-OPEK ölkələri 800 min bareldən 500 minini öz hesablarına bərpa etsələr, ABŞ 200 min barel artırsa, nəticə 1:1-ə nisbətində olacaq. Bu, 1-2 həftəyə olmur axı. Buna müəyyən zaman periodu gərəkdir. İkincisi, psixoloji amil də var. Bazarda neftin qiymətinin artımı tələb-təklif məsələsi deyil...
- Bu günlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliyaya rəsmi səfər etmişdi. Sizcə, I vitse-prezidentin səfərindən sonra TAP-la bağlı narahatlıqların tam aradan qalxdığını söyləyə bilərikmi?
- Mehriban xanım İtaliyaya səfərində özü ilə başqa nazir aparmamışdı, görüşlərdə yanında bizim Energetika nazirimiz Pərviz Şahbazov əyləşmişdi. Bu, ona dəlalət edirdi ki, I vitse-prezidentin İtaliyaya səfəri zamanı danışıqlar mövzusunda əsas prioritet kimi enerji layihələrimiz olacaq. İkinci ən maraqlı məqam o idi ki, istər Avropa, istərsə də regional və yerli mətbuatda sual vardı, görəsən, vəziyyət necə olacaq. Azərbaycan müqavilələri “ödə və al” prinsipi ilə imzalayır.
8 şirkətin heç də hamısı İtaliya şirkəti deyil. Cəmiyyətdə belə təsəvvür var ki, italyanlar qazı alıb qızınmaq üçün istifadə edəcəklər. Xeyr, belə deyil, Azərbaycan qazını alan şirkətlərin böyük əksəriyyəti enerji şirkətləridir və bu qazı elektrikə çevirəcəklər. BP şirkəti Cənub Qaz Dəhlizi ilə bağlı çox maraqlı prezentasiya hazırlamışdı, “Şahdəniz 2” başlayır, Sanqaçala gəlir, sonra Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliyaya gedir, İtaliyaya gedəndə qığılcım əmələ gəlir. Bu, o deməkdir ki, İtaliya Azərbaycan qazını alıb elektrikə çevirəcək. Avropada ümumi enerji bazarı deyilən məfhum var, Avropa istehlakçıları Azərbaycandan fərqli olaraq “Azərişıq”ın abonenti deyillər, kimdən istəsələr, elektrik ala bilirlər. İzah etməkdən yorulmuşam, məsələ ondadır ki, Azərbaycan hər tərəfə öz töhfəsini verə bilər.
Təsəvvür edin ki, bu gün Yunanıstan Rusiya bazarından 80, Bolqarıstan 100 faiz asılıdır. Albaniyada, ümumiyyətlə, qaz yoxdur, onlar qazın nə olduğunu bilmirlər. Bu ölkələrə 30-35, Balkan ölkələrinin çoxuna 50-60 faiz Azərbaycan qazı gələcək. Onlar əvvəl ancaq bir enerji mənbəyindən asılı idi, birdən onlar diversifikasiya edirlər. 5 il ərzində birdən-birə 8-ə yaxın ölkənin enerji təminatında diversifikasiyanın böyük spektrdə genişləndirilməsi barədə Avropa Parlamentində enerjiyə cavabdeh şəxslərin hesabat hazırlaması əlahiddə bir şeydir. İtaliya istehlakçıları İsveç, Norveçdən sonra Avropada enerjiyə ən çox para ödəyən istehlakçılardır. İyulun 1-nə olan məlumata görə, onlar 1000 kub metr qaza 1045 dollar vəsait ödəyiblər. Azərbaycan istehlakçısı limitli hissə üçün 58 dollar, ümumilikdə 116 dollar ödəyir. Bir sözlə, ola bilər 3-4 ay gecikmə olsun, ancaq 100 faiz əminəm ki, 2020-ci ilin əvvəli olmasa belə, ən azı II rübündə Azərbaycan qazı İtaliyaya gedəcək.