Teleqraf.com politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edir:
- Zərdüşt bəy, İranın Əhvaz şəhərində baş verən terror aktını necə şərh etmək olar?
- Bu hadisənin ABŞ tərəfindən edilib-edilmədiyi haqda şəxsən məndə konkret informasiya yoxdur. Amma İran Prezidenti Ruhani terror aktının ABŞ tərəfindən dəstəkləndiyini bildirib. Vaşinqton isə bunu inkar edib.
- Sadə insanlar Vaşinqtona inanmalıdır, yoxsa Tehrana?
- Hər kəs gözəl bilir ki, dünyada terror əməliyyatları, habelə islam dünyasında terror təşkilatlarının yaradılmasında ABŞ-ın xüsusi xidmət orqanlarının əvəzsiz xidmətləri var. SSRİ qoşunlarına qarşı Əfqanıstanda müharibə aparan “Taliban”ı kim yaratmışdı? Amerika xüsusi xidmət orqanları! “Əl-Qaidə” terror təşkilatını kim yaratmışdı? Sözsüz ki, ABŞ-ın müvafiq qurumları. İŞİD-i kim dəstəkləyirdi? ABŞ-ın xüsusi xidməti. Bir sözlə, həm yaradır, həm də ona qarşı mübarizə aparır. Beləliklə, terrorçu təşkilatların mövcud olduğu ölkədə özünün mövcudluğuna bəraət qazandırır. Sözsüz ki, Həsən Ruhani informasiyası olduğu üçün belə bəyanat verir. Bu ümumi, tarixi mənzərə fonunda ağlabatan ehtimaldır ki, İranda hakimiyyəti devirməyə çalışan ABŞ, terrorçu təşkilatların gücündən də istifadə edir. ABŞ-da rəsmilər deyir ki, biz İranda siyasi hakimiyyəti devirməyə cəhd etmirik. Bu, ağ yalandır. Çünki tətbiq edilən sanksiyalar, təxribatlar, düşmənçilik siyasətinin məqsədi İran dövlətini məhv etmək deyil, oradakı islam quruluşunu devirməkdir. Rusiyaya qarşı sanksiya siyasətinin məqsədi Putini devirməkdir. ABŞ öz tarixi boyu baxın görün, neçə hakimiyyəti devirib. Mərkəzi Amerikada, Afrikada, digər ölkələrdə onlarla hakimiyyəti devirib. Bu işlə Rusiya da məşğuldur. Eləcə də Böyük Britaniya və Fransa da məşğul olur. Ancaq İrana qarşı xüsusi düşmənçilik siyasətini ABŞ həyata keçirir.
- İran İslam İnqilab Keşikçiləri Qvardiyasının mətbuat katibi terror aktından dərhal sonra Səudiyyə Ərəbistanını ittiham etdi...
- Səudiyyə ABŞ-ın əlaltısıdır. Səudiyyə müstəqil addım atmır, əksinə ABŞ xarici siyasətinin yedəyində gedir.
- Əhvaz terrorundan əvvəl İran parlamentində, Xomneyi türbəsində terror aktları baş verdi. Eləcə də İraqda və Suriyada İrana qarşı müəyyən addımlar atıldı. Sizcə, bütün bunlar eyni mərkəzdən idarə edilir?
- Təbii ki, İrana qarşı təkcə ABŞ deyil, başqa dövlətlər də işləyir. Bəzən bu fəaliyyət əlaqəli, bəzən isə müstəqil olur. Amma onlar İrana qarşı işləyir. İran da bunu gözəl başa düşür, öz tədbirlərini görür. Çalışır ki, ona endiriləcək ziyanların həcmini azaltsın.
- Noyabrın 4-də İrana qarşı daha sarsıdıcı sanksiyaların tətbiqinə başlanacaq. Siz, bundan sonra nələrin baş verəcəyini ehtimal edirsiniz?
- Nəzərə almaq lazımdır ki, İran 1979-cu ildən sonra sanksiyalar şəraitində yaşayır. Kuba 1960-cı ildən sonra sanksiyalar altında yaşamalı olub. SSRİ və sonradan Rusiya həmişə sanksiyalar altında yaşayıb. Odur ki, sanksiya siyasətinin ancaq daxili istehlak üçün əhəmiyyəti var. Sanksiyalarla hədəfə alınan dövlətə bir qədər zərbə vurmaq niyyəti güdülür. Bu saat ABŞ Çinə qarşı sanksiyalar tətbiq edir, Pekin də buna sanksiyalarla cavab verir. Hər iki dövlət buna görə ziyan çəkir. Amma düşünmürəm ki, indiyə qədər yürüdülən siyasətin dəyişməsinə bu sanksiyalar hansısa şəkildə təsir göstərə bilər.
- Bu sanksiyalarla, İran daxilində baş verən terror aktları, müxalifətin mitinqləri ilə Vaşinqton İranda qarşısına qoyduğu məqsədə, yəni islam quruluşunu devirməyə nail olacaqmı?
- Bu, çətin məsələdir. İstənilən dövlətə nə qədər ciddi təzyiq göstərilirsə, həmin dövlətin daxilində səfərbər olma, toparlanma, müqavimət gücü artır. Daha yaxşı olardı ki, bunun əvəzinə xoş münasibət, əməkdaşlıq ortaya çıxarılardı, aparılan siyasətin təhlükəli olmadığı göstərilərdi. Bu zaman dövlət içərisində təbii islahatlar aparılardı. Yox, əgər sən təzyiqə başlayırsansa, islahat arxa plana keçir, müqavimət hissi yaranır, daxildən cəmiyyət səfərbər olunur.
- BMT-nin 73-cü sessiyasında həm İran, həm də ABŞ prezidentləri iştirak edəcək. Tramp bəyan etdi ki, Ruhani istəsə, onunla görüş keçirə bilər. Həsən Ruhani isə Trampla görüşmək üçün təşəbbüs göstərmək niyyətində olmadığını bəyan edib. Sizcə, niyə görüşüb gərginliyi azaltmaq xətti seçilmir?
- Fikrimcə, Həsən Ruhani haqlı olaraq rədd cavabı verib. Təsəvvür edin ki, Tramp Ruhanini şillələyir, təpik atır, döyür və sonra da deyir ki, gəl, görüşüb müzakirə aparaq. Əgər belə niyyətin varsa, öncədən özünü adam kimi apar da. Sən ədalətsizlik, düşmənçilik siyasəti nümayiş etdirir, sonra da deyirsən ki, görüşək. Görüşdə nə deyəcəksən? Deyəcəksən ki, mən düz edirəm.
Tramp-Ruhani görüşü olsaydı belə, gərginlik aradan qalxmayacaqdı. Əgər ABŞ doğurdan da gərginliyi aradan qaldırmaq istəsəydi, belə siyasət yürütməzdi. Qeyd edim ki, belə siyasət ABŞ üçün təhlükəsizdir, İran Vaşinqton üçün heç bir təhlükə törətmir. Amma İran üçün ABŞ böyük təhlükədir. ABŞ-da bunu bilə-bilə qanunsuz və qorxulu hərəkətlərə əl ataraq,çalışır ki, İranı diz çökdürsün. İran da bunu anladığı üçün deyir ki, səninlə nəyi müzakirə edəcəyəm, sən mənimlə açıq düşmənçilik edirsən. Mənə qarşı təxribatlar, terror aktları həyata keçirirsən, sanksiyalar tətbiq edirsən, sonra da dəvət edirsən ki, söhbət edək. Oturub danışmaq o deməkdir ki, guya tərəflər sülh axtarır. Xeyr, ABŞ sülh deyil, müharibə axtarır.
- ABŞ-İran əməkdaşlığının nümunəsi var. Obama dövründə 5+1 formatında razılaşma əldə edildi, xarici şirkətlər İrana daxil olmağa, sərmayə yatırmağa başladı. Bəs necə oldu ki, Tramp hakimiyyətə gəldikdən sonra başqa siyasi xətt seçdi?
- Bu, əsasən, iki mənbədən qaynaqlanır. Birincisi, İsrail və ABŞ-da güclü olan yəhudi maliyyəçiləri, siyasətçiləri, biznesmenləridir. Başqa sözlə, İranı dağıtmaq və çökdürmək istəyən qüvvələrdir. Bu həm İsrail, həm də ABŞ-da güclü qüvvədir. İkincisi, ABŞ daxilində gedən siyasi prosesin nəticəsidir. Daha doğrusu, liberal qanadla millətçi qanad arasında baş verən mübarizədir. Donald Tramp millətçi qanadın təmsilçisidir. Liberal qanad dünya miqyasında gərginliyin azaldılması xətrinə İranla barışığa getdi. Amma millətçi qanad maraqlıdır ki, dünyada ABŞ-ın hökmranlığını bərpa etsin. Trampın seçki kampaniyasında şüarı “Amerikanı yenidən əzəmətli edək” idi. Buna nail olmaq üçün Çini, Rusiyanı və İranı əzmək, Avropanı diz çökdürmək, Meksika və Kanadanı zəiflətmək, Cənubi Şərqi Asiya dövlətlərinə Vaşinqtonun iradəsi diktə etmək lazımdır. Budur Trampın siyasəti. Bu səbəbdən də İranla bağlanan müqavilə pozuldu. Bu, Tramp administrasiyasına əl verir. Onlar dünyada sabitliyi laxlatmaq və itaət etməyən dövlətlərə cəza tədbirləri tətbiq etmək, rəqib dövlətlərə qarşı düşmənçilik siyasəti aparmaqla çalışırlar ki, Amerikanı yenidən əzəmətli etsinlər. Alınmayacaq. Artıq o dövr keçdi.
- İranın ən yaxın müttəfiqi olan Rusiyanın bəzən İran əleyhinə addımlar atması diqqəti çəkir. Bu nə ilə bağlıdır?
- Buna təbii yanaşmaq lazımdır. Məsələn, ABŞ və Türkiyə NATO çərçivəsində yaxın müttəfiqdir. Amma ABŞ Türkiyəyə qarşı kürd separatçılarını dəstəkləyir. Və ya Türkiyənin öz hərbi sənayesini, hərbi qüdrətini gücləndirmək səylərinə qarşıdır. Rusiya da qəribə dövlətdir. Ən yaxın müttəfiqlərini sata-sata dünyanın ikinci dövlətindən 5-6-cı dövləti statusuna gəlib çıxdı. Hamıya bəllidir ki, SSRİ-ni nə Elçibəy, nə də Qamsaxurdiya dağıdıb. SSRİ-ni onun naşı rəhbərliyi dağıtdı. Sosialist sistemini SSRİ-dən asılı olan kiçik dövlətlər yox, Qorbaçov və komandası dağıdıb. Qorbaçov hansı sosialist ölkəsinə gəlirdisə, bir neçə aydan sonra həmin ölkədə inqilab baş verirdi. Macarıstan rəhbəri yerində oturmuşdu, Qorbaçov Budapeştə səfər etdikdən az sonra inqilab yaşandı. Yalnız Polşa öz gücünə sosialist düşərgəsindən çıxdı. Yerdə qalan ölkələrdə anti-sosialist inqilablarının başında Qorbaçov durdu. Hətta Çində də bunu etmək istədi. Amma Pekin rəhbərliyi buna imkan vermədi, tələbələrin üsyanı qanla yatırıldı. Yoxsa Qorbaçovun sayəsində Çini də SSRİ-nin aqibəti gözləyirdi. Müasir Rusiyada isə elm və sənaye tənəzzülə uğrayır.
- Hazırda Rusiya ilə İsrail arasında gərginlik mövcuddur, Kreml Dəməşqə S-300 göndərir. Bundan sonra Moskva-Tel-Əviv münasibətlərinin perspektivi necə olacaq?
- Hər halda İsrail söz verdi ki, S-300 kompleksini dağıdacaq. Rusiya da bəyan etdi ki, hava hücumundan avtomatik müdafiə sistemini Suriyaya verəcək. Eyni zamanda ruslar bildirdi ki, Aralıq dənizində özlərinin elektron müharibə imkanlarından istifadə edərək, bütün qüvvələrin idarəçilik sistemini iflasa uğradacaq. Yəni ruslar bütün zərbələri zərərsizləşdirə bilərlər. Nəzərə alaq ki, Trampın əmri ilə Suriyaya 100-dən çox raket göndərilmişdi, onların bir neçəsi hədəfə dəydi. Digərlərini Rusiya zərərsizləşdirdi. İndi kobud desək, kəllələşmə davam edir. Bir tərəfdən onlar müttəfiq, digər tərəfdən isə rəqibdirlər. Siyasətdə belə hallar olur. Ən pisi odur ki, Suriyada tərəflərin qarşıdurma halları çox olacaq, bu ölkəyə sülh gəlməyəcək.