Azərbaycan prezidenti: “İslam adı altında gizlənən qüvvələrin terroru müsəlmanlara qarşı ən böyük haqsızlıqdır”

 

Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən “Türkiyə-Azərbaycan timsalında islam həmrəyliyi” konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

 APA-nın Türkiyə bürosunun məlumatına  görə, məktubu Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oxuyub.

 Məktubda qeyd olunub ki, bu gün dünyanın müxtəlif yerlərində  müsəlmanlar məzhəb ayrı-seçkiliyi, ekstremizm, dini radikalizm və terror kimi ciddi problemlərə qarşılaşır və islam adı altında gizlənən, dinimizlə heç bir əlaqəsi olmayan qüvvələr tərəfindən həyata  keçirilən terror hadisələri müsəlmanlara qarşı ən böyük haqsızlıq, ədalətsizlikdir: “Bu gün dünyada törədilən terror hadisələri   qurbanlarının əksəriyyəti də məhz müsəlmanlardır. İslam dünyasındakı müharibə və münaqişələrə rəvac verən məzhəb ayrı-seçkiliyinin, dini ekstremizm və terrorun, getdikcə güclənən islamofobiyanın, müxtəlif ölkələrdə müsəlmanların qətliamlarının qarşısını almaq, islam aləminin inkişafına və rifahına nail olmaq üçün islam həmrəyliyi zamanın çağırışı və tələbidir. Şərqlə Qərbin qovşağında yerləşən qədim Azərbaycanda müxtəlif dinlərin, ayrı-ayrı mədəniyyətlərin nümayəndələri tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşayıblar. 2016-cı ilin ölkəmizdə multikulturalizm ili, 2017-ci ilin isə İslam həmrəyliyi ili elan edilməsi bütün dünyada, xüsusilə islam aləmində sülhə, dostluğa, qarşılıqlı hörmətə, birgə yaşayış çağırış və töhfədir”.

 İ. Əliyev Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq  münasibətlərinin islam həmrəyliyinin ən gözəl nümunələrindən biri olduğunu qeyd edib, İstanbulda keçirilən konfransın islam ölkələri arasında həmrəyliyin inkişafında önəmli rol oynayacağına inandığını bildirib.

"Demokratik Musavat.com"

0.16175293922424