Bakı - Astara - Bakı qatarında xüsusi təyinatlı vaqonda paytaxtda gətirilən məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Bu barədə Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Qurum rəsmisi qeyd edib ki, hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində zəruri istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hal-hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.