Elçin Zahiroğlu:“Sabir Rüstəmxanlı Hadı Rəcəbliyə deyib ki, mən Elçinə söz deyə bilmərəm”

 

Elçin Zahiroğlu: “Bilsəydim ki, gedəndən sonra aznews.az birdən-birə yoxa çıxmış kimi olacaq, gözləyərdim”

Onu təkcə 1 yaşı tamam olan bakupost.az saytının baş redaktoru olaraq müsahib kimi seçmədik. Gənc yaşına rəğmən, mətbuatdakı addımları hadisə olan, istefa, saxlanma... kimi xəbərlərin baş rol ifaçısına çevrilən Elçin Zahiroğlu ilə söhbət edəcək xeyli mövzu var idi. Ad günü bəhanə oldu. “Qanun” nəşriyyatının binasında yerləşən bakupost.az saytının baş redaktoru ilə söhbətdə də bizə qaranlıq olan hər şeydən danışdıq.

-Elçin bəy, sizdən müsahibə istəyəndə təəccübümə səbəb olan reaksiya ilə qarşılaşdım. Düşünmək üçün vaxt istədiz. Həmkarlar arasında müsahibə baxımdan tərəddüd mənə qəribə gəldi: nəyi düşündüz? Müsahibə vermək niyə tərəddüdünüzə səbəb oldu?

-Ümumiyyətlə, biz fikirləşdik ki, 1 yaşımızla bağlı bizdən müsahibə, açıqlama, hesabat istəyəcəklər. Qərara gəldik ki, bundan uzaq qaçaq. Ona görə ki, saytın 1 yaşının olması hadisə deyil. Bəlkə 2-3 il keçəndən sonra nəsə danışıb, hesabat vermək olar. Ona görə də dünən bütün açıqlamalardan qaçdım. Amma siz dünən müsahibə təklifini edəndə düşündüm ki, əgər biz bakupost.az-dan danışacağıqsa, hesabat kimi olmamalıdır. Niyə insanlar hesabat verməlidir ki, bizim filan qədər İP-miz var...

-(gülərək) Sizə kim deyir ki, mən onu soruşacam? Ad günləri insanları görüşdürmək üçün bir vəsilə olduğu kimi, sizin saytın 1 yaşı da söhbət üçün bəhanə oldu.

-Bilirsiz, o qədər sayt var ki. Hər gün də birinin ad günüdür. Hər kəs bir press - reliz hazırlayır, verir. Guya böyük bir hadisə baş verib. Biz o sırada olmaq istəmədik.

-Səbəb təkcə budur? Yoxsa cavabını bilmədiyiniz və ya vermək istəmədiyiniz sualların çoxluğundan narahatsız? Tərəddüd ona görədir?

-Mən xeyli müddətdi bu sahədəyəm. Ön planda heç vaxt olmaq istəməmişəm.



-Amma baş redaktorsuz.

- Nə olsun? Baş redaktor olub görünməmək da olar. Yeni nəsildən Rauf Talışınskini kim tanıyır? O mənə Elçin Şıxlıdan daha maraqlı gəlir. Aznews.az saytına baş redaktorluq təklif olunanda belə problem o idi ki, ön planda olacam, danışacam, qalmaqallı məsələlərdə adım hallanacaq və.s Mən onda 20 gün vaxt istədim. Hansı ki, orda işləyənlər üçün ciddi təklif və post sayılırdı.

“Özünə hörmət edən heç kim gizli qalan biri ilə sayt işlədə bilməz” 

-Siz orda sıravi əməkdaş ola-ola baş redaktorluq təklifi aldınız?

- Aznews.az saytı yaranan gündən mən orda çalışmışam. Redaktor kimi dəvət etmişdilər. Yarandığı ilk gündən orda olmuşam.

-Yaşınız neçədir?

-33.

-Belə baxanda çox yaşınız yoxdur. Amma adınızla bağlı mediada səs-küyə səbəb olmuş hadisələri xatırlayanda bu yaşa görə çox şey yaşamısız demək olar. Xətrinizə dəyməsəydi, deyərdim ki, baş redaktor olana qədər Elçin Zahiroğlu imzası mənə reportyor, köşə yazarı, araşdırmaçı yazar.... olaraq heç nə demirdi. Amma birdən-birə sizi baş redaktor olaraq tanıdıq. Sonra saytdan çıxmanız, qısa müddətdə yeni bir sayt açmanız, davam etməniz, ətrafınızdakı olaylar... O baxımdan yaş və yaşananlar arasındakı tərs mütənasiblik diqqətimi çəkdi.

-Məsələ budur ki, məni ora bir redaktor kimi dəvət edəndə bir-birimizi tanımırdıq. Həmin vaxt mən televiziyaların birində redaktor idim. Nədənsə belə olub ki, harda olmuşamsa, orda qısa müddət sonra rəhbər vəzifəyə gətirilmişəm.

-(zarafatla)Niyə? Rüstəmxanlıların qohumları mütləq vəzifədə olmalıdır, sıravi işçi olmaq olmaz?

-(gülür) Məsələ budur ki, mən rəhbər olmağa heç vaxt çalışmamışam. Nəinki hansısa qurumun rəhbəri kimi tanınmağım, heç jurnalisti kimi də önə çıxmaq marağım olmayıb. Hətta yazılarıma da imzanı təsadüfən qoymuşam. Mənim imkanım olub ki, televiziyada işləyim. Məhz görünməmək üçün bundan imtina etmişəm. Mən tələbəlik illərimi qəzet redaksiyalarında keçirmişəm. Ali məktəbi bitirəndən sonra isə hətta kənddə müəllimlik də etmişəm. Yardımlının Alar kəndində...



-Maraqlıdır, niyə? Mətbuatdan kənd müəllimliyinə... İlginc bir hekayə mövzusudur.

-Mən Slavyan Universitetinin filologiya fakültəsini bitirmişəm. Orda təsadüfən eşitmişdim ki, Yardımlının Alar kəndində 20 ildir ki, ali məktəbə heç kim qəbul olmur. Bu, mənə çox ağır gəlmişdi. Biri o kəndə Fərhad Əliyevin, digəri Cəmil Həsənlinin kəndi deyirdi. Qədim bir kənd, xeyli əhalisi var. Amma heç kim ali məktəbə qəbul olmur... Düşündüm ki, gedib orada bir –iki il işləməklə ali məktəbə kimisə qəbul elətdirmək olar, bu ənənə yaranar. 22 yaşım vardı.

“5 il ərzində başımıza nə qədər oyun gəlib? Jurnalistin başına nə oyun gələ bilərsə, gəlib”

-Çox romantik yaş dövrüdür. İnsan həmin yaşlarda dünyanı xilas edəcəyini düşünür, içində inqilabçılıq olur. Sizin kənd müəllimliyi hekayəniz necə bitdi? Getdiz və...

-Getdim və orda Təhsil Nazirliyinin bir proqramı vardı. Ucqar kəndlərə göndərilən müəllimlər ev şəraiti ilə təmin olunur, müəyyən güzəştlər verilir-filan. Gedəndə düşünürdüm ki, məni qəhrəman kimi qəbul edəcəklər, amma çox ciddi təpki gördüm.

-Kimdən?

-Ordakı müəllimlərdən. Hansı ki, mənim atamı tanıyırdılar, kim olduğumu bilirdilər. Məlum oldu ki, məktəb bu kənddə 3 ailənindir. Bu ailənin uşaqları böyüyür, gedirlər bir inək satırlar, Astara texnikumunu bitirib gəlib burda müəllim olurlar. Oturub fikirləşdim ki, yəqin bu təpki müəllimlərin maaşına təsiriylə bağlıdır. Onda təyinatımın ixtisas müəllimlərin maaşına nə qədər təsir etməsiylə maraqlandım. Hərəsinə 4 manat. O zaman bu təpkinin səbəbi nə idi? Məsələn, mənə bu kənddə ev vermək olmazdı. Düşünün ki, qış vaxtı olanda onların hamısı köçüb gedir qışlağa, məktəbsə bağlanır. Bir adamın burda olmağı ümumi məsələlərə problem yaradır. Elə bir yerdir ki, ora qışda maşın çıxmır, Heydər Əliyev Fondu tərəfindən məktəb tikilib, amma bu vəziyyətdədir.

-Bayaq da dedim, çox maraqlı bir hekayə, film çıxar bundan.

-Düzdü. Bir hissəsini yazmışam. Amma detallı şəkildə hər şeyi axıra qədər yazmaq olmur. Kənd əhalisinin böyük əksəriyyətini tanıyıram, tanışlar, qohumlar... Mən ora gedəndə atam məni danışdırmadı. Çünki yaxınlar məndən daha fərqli bir yol seçməyi, Bakıda karyera qurmağı gözləyirdilər.

-Belə başa düşürəm, müəllimlik karyeranız qısa davam etdi. Neçə ay və ya il?

-Rəsmi olaraq adım orda 1 il getdi. Amma 4-5 ay orda işlədim. Əsas problem ondan ibarət idi ki, Təhsil Nazirliyi götürdüyü öhdəliyi yerinə yetirmədi. Dağın başıdır, məni evlə təmin etmədilər. Yol yox, iz yox. Kənd camaatı sevsə də, işlədiyin müəllimlər səni sevmir. Mən də nazirliyə etirazımı bildirdim ki, 3 illik müqavilə bağlamışam, amma siz vəd etdiklərinizin heç birini yerinə yetirmədiz. Şərait yaradılmadı. Hətta qaldığım evə görə problem yaradırdılar ki, niyə burda qalıram. Əsas gətirirdilər ki, guya mənim tək gənc olaraq o evdə qalmağım doğru deyil.



-Maraqlıdır ki, sizlə bağlı baş verən səs-küylü hadisələrin çoxu barədə xəbər tutsaq da, onun səbəbləri bizimçün gizli qaldı. Məsələn, aznews.az rəhbərliyindən getməniz və ya qısamüddətli olsa da saxlanmağınız kimi. Olayı bilirik, amma səbəbini yox.

-O məsələlər ki açılmayıb, deməli, hələlik açılması məsləhət deyil.

“Yol hərəkəti qaydasından başqa, heç vaxt heç bir qayda-qanun pozmamışam. Hətta yazılmayan qanunlara da əməl etməyə çalışmışam” 

-Bunu bir jurnalist deyir?

-Bilirsiz, öndə olan adamlar var və biz daim o işıqda görünürük. Öndə ola-ola nəsə addım atanda belə deyirlər ki, Sabir Rüstəmxanlının bacısı oğlu belə etdi. O məsələlər ki açılmayıb, deməli, hələ ki açılması məsləhət deyil. Xəbəri çox sevirəm, amma özümün xəbərə çevrilməyimdən zəhləm gedir. Bundan mümkün olduqca qaçmışam. Özümlə, ailə üzvlərimlə bağlı hər hansı bir hadisənin ictimailəşməsinin heç cür tərəfdarı olmamışam. Hətta bu ictimailəşmə problemin həlli üçün son şans olsa belə. Kiminsə hansısa bir dərdini, qarşılaşdığı problemini ictimailəşdirib, həllinə nail olduğumuz saysız-hesabsız nümunələr var. Amma eyni problemlərlə mən özün və yaxınlarım qarşılaşanda mətbuat sığınacaq yerimiz olmur. Özüm və yaxınlarımla bağlı məsələləri ictimai müzakirəyə çıxarmağa həmişə utanmışam.

-Bəy, sualdan məharətlə yayınırsız. Amma sual çox sadədir: niyə getdiz aznews.az-dan? Yarıtmadız, öhdəlikləri yerinə yetirə bilmədiz, ya nə?

-O sayt mənim evim deyildi ki, daim orda qalım. Mən bu işi bacaran adamam. Təklif edirlər, mən də rəhbərlik edirəm. Hansısa addım məni qane etmirsə və ya mənim hansısa hərəkətim saytı qane etmirsə, yolların ayrılması baş tutur. Bu, çox normal haldır. Açığı, 4 il yarım gecə-gündüz işləmək, eyni işi təkrarlamaq asan məsələ deyildi. Ən pisi o idi ki, mənim başqa heç nəyə, hətta kitab oxumağa da vaxtım olmurdu. Buna görə də, daha sərbəst, özümə məxsus bir media orqanı qurmaq qərarını verdim. Ona görə yox ki, meydanım geniş olsun. Sadəcə əlavə görmək istədiyim işlərə vaxt qalmasını istəyirdim. Aznews.az-da bu, mümkün deyildi. Amma bu saytda mümkündür. Həmin əlavə işlər isə insanı daim xəbər aurasında qalmaqdan məhrum edən işlərdir. Hamı elə bilir ki, mənim bütün qazancım, həyatım bu saytla bağlıdır. Amma belə deyil. Başqa işlər, layihələr var. Amma mən bilsəydim ki, gedəndən sonra aznews.az birdən-birə yoxa çıxmaq kimi olacaq, gözləyərdim. Çünki o saytın üzərində çox əziyyət çəkdik. Amma sonradan öz saytımızı açdıq və davam edirik.

-Nəyə görəsə son illər sayt açmaq az qala dəbə çevrilib. Hətta mətbuatdan uzaq adamlarda belə “sayt açım, bir kənarda dursun” əhvalında mətbuata girmək ehtirası hiss olunur. Hər kəsin personal saytı olanda nə olur ki?

- Mənə elə gəlir ki, indi saytların müəyyən əməllərinə qarşı DTX əməliyyatları səviyyəsində sərt münasibət var. Amma buna baxmayaraq, indi saytların sayı artacaq. Əvvəllər qəzetdən çıxmış, bu sahəyə aidiyyatı olan insanlar sayt yaradıb, müstəqil fəaliyyət göstərirdilərsə, indi televiziyadan çıxanlar da sayt yaradır. Amma onların çoxu sayt işini bilməməzlikdən belə edir. Əslində, o sayt açanların hansının redaksiyası, heyəti var? Mənim yanıma tanıdığım üç nəfər gəlib dedi ki, sayt açmaq istəyir. Mən də soruşdum ki, niyə özünüzə hörmət etmirsiz? Bu adamların hər birinin tanıdığı bir imkanlı insan var. Düşünürlər ki, saytı açandan sonra həmin adam maddi yardım edəcək, bunlar da dolanacaqlar. Axı səhv fikirdir. Eldəniz Elgünü tanıyırsız. Mən ondan o qədər incimişəm ki. Gedib 10may.az saytı açıb. Başqası bunu etsə olar, amma imzası, qələmi olan birinin belə addım atması yolverilən deyil. Sən də adına reket dediyimiz adamlar kimi bir sayt açır, iki-üç xəbər qoyub çəkilirsən kənara. Saytların artımı bir az da saytlara maliyyə veriləcəyi ilə bağlı anonsdan sonra baş verdi. Mətbuatı düşünən və sevən adamlar adına reket dediyimiz saytlardakı ciddi imzaları çəkib ordan çıxarmalı, onlara ikinci şans verməlidir. APA, Gündəlik Teleqraf Media Holdinqləri bunu müəyyən qədər edib. Biz də zamanında aznews.az-da bunu etmişdik. Onların bəziləri indi daha tirajlı saytlarda çalışırlar, bəziləri isə daha çox qazanc əldə etmək və “rəhbər” olmaq eşqiylə əvvəlki işlərinə qayıtdılar.

-Mən yenə də sizin saxlanmanızdan, 3 günlük həbsinizdən danışmaq istəyirəm. Sizin həbsinizlə yanaşı, azadlığa çıxmanız da maraq mövzusu idi. Haqq-ədalət bərpa olundu, ya Rüstəmxanlıların gücü sizi içəridən çıxardı?

-Orda həbsdən söhbət gedə bilməz. Amma o məsələyə qayıtmaq istəmirəm. Əslində, ciddi heç nə baş verməmişdi. Hər bir redaktor, baş redaktorun başına belə bir hadisə gələ bilər, bəlkə xeylisinin də gəlib. Nəsə sual, şikayət varsa, aidiyyəti qurumlar buna görə sorğu-sual çəkə, məsələni aydınlaşdıra bilər. Qaldı ki, bunun şişirdilməsinin səbəbinə, açığı bunu mən də bilmirəm. 5 il ərzində başımıza nə qədər oyun gəlib? Jurnalistin başına nə oyun gələ bilərsə, gəlib. Məsələn, mən aznews.az-ın rəhbərliyinə gələndən bir neçə ay sonra mənim facebook səhifəm oğurlanıb. 3 il müddətində adam tutublar və o, həmin səhifəni idarə edib. Məni şantaj etməklə məşğul olub, mənim adımdan ölkənin tanınan isİmlərinə, həmkarlarımıza, Qənirə Paşayevadan Zahid Oruca, Xədicə İsmayıla, hansısa saytın əməkdaşına qədər təhqir dolu, onları provakasiyaya çəkən sicilləmələr yazıblar. Onunla bağlı ilk vaxtlar ciddi sarsıntılarım oldu. Elan verirdim, hər 6 aydan bir yazırıq, aidiyyatı qurumlara yazırıq. 3 ildən sonra proses dayandı. Məqsəd nəydi bilmirəm: məni məhv etməkmi?...

Amma mən həmişə rahat olmuşam. Çünki Yol hərəkəti qaydasından başqa, heç vaxt heç bir qayda-qanun pozmamışam. Hətta yazılmayan qanunlara da əməl etməyə çalışmışam. Heç kim deyə bilməz ki, işlədiyim sahəyə xələl gətirən, çalışdığım adamları nüfuzdan salan hansısa bir əməlim olub. Ona görə də, açığını deyim ki, baş verən hadisələr mənə çox qeyri-ciddi gəldi. Rahat idim ki, media sahəsində məni tanıyanlar əmindilər ki, məsələ təqdim oluna kimi deyil.

-Bəs Sabir Rüstəmxanlı adı karyeranızda yaşıl işıq rolunu oynamayıb?

- Heç vaxt. Əksinə, məsələn, mən sonradan bilmişəm ki, aznews.az-ın baş redaktorluğuna seçimdə məhz Sabir bəyin bacısı oğlu olduğuma görə tərəddüd edilib. Üstəlik, elə bir işim olmayıb ki, Sabir bəyin bacısı oğlu olduğuma görə həll edilsin.



-Amma sizin haqqında danışmaq istəmədiyiniz 3 günlük həbsdən azadlığa çıxmanız da onun adı ilə hallanırdı. İlk gündən hamıda belə bir əminlik var idi ki, Sabir Rüstəmxanlı bacısı oğlunun orda qalmasına imkan verməz.

-Kiminsə haqqına da girmək istəmirəm. Ümumiyyətlə, əlaqəsi yoxdur. Amma Sabir bəyin varlığı mənim üçün çox böyük önəm daşıyır. Əgər mən bu ölkədə kiminsə bacısı oğlu kimi tanınacaqdımsa, elə Sabir bəyin bacısı oğlu olmağı seçərdim. Əvvəllər hərdən öz-özümə düşünərdim ki, niyə hamıya diqqət etmir. Amma sonra görürsən ki, o, nə qədər məşğul adamdır? Onun bir bacıoğlu haqda düşünməsi mümkün deyil. Şəxsən özümçün elə şərait də olmayıb ki, ona hansısa işi həll etməklə bağlı müraciət edim və müzakirə edək.

“Sabir bəy qoruyucu mələkdir və bizi hər şeydən qoruyur”, demək doğru deyil”

-Tanıdığım 3 Rüstəmxanlı bir binadadır: ikinci mərtəbədə Şahbaz Xuduoğlu, yuxarıda isə Sabir bəyin partiyası və sizin saytınız... Sanki özünüzə bir qala düzəltmisiz.

-Əksinə, mən bundan hər zaman qaçmışam. Sadəcə Şahbaz bəy təklif edib ki, burda ofis qurum. Amma bu, hədiyyə də olmayıb. Biz hər zaman çərçivələri qorumağa çalışmışıq. Amma “Sabir bəy qoruyucu mələkdir və bizi hər şeydən qoruyur” demək doğru deyil. Sadəcə, onun bacısı oğlu kimi tanınırsansa, özünü də ona uyğun aparmalısan hər yerdə. Sabir bəyin turançıdırsa, hətta istəsən belə, tutaq ki, rusiyameylli olmağın mümkün deyil. Kim deyirsə ki, mən azadam, müstəqil fikirliyəm, yalandır. Mənim dayım odursa, onunçün prinsipial olan məsələlərə uyğun yaşamalıyam. Həm də bir məsələ var ki, onun ideyalar, dövlətə, vətənə münasibəti bəlkə də bizim tərbiyəmizdə ciddi rol oynadığına görə, indi onun dediklərini rahat həzm edirik, onun yoluyla addımlayırıq. Amma biz dayımız var deyə hər şeyi edək ki, gəlib bizi xilas edəcək, boş söhbətdir...

74dda206-edcc-4e53-93c3-bcaa992c3870 (1).jpg (82 KB)

-Sabir bəy sizin idealınızdır?

- Mənim daim izlədiyim, təqib etdiyim, ruhən daha yaxın olduğumu hiss etdiyim Şahbazdır. Sabir bəyin isə möhtəşəmliyi məni hər gün heyrətləndirir. Onu hər gün kəşf etmək mümkündür. Onun işgüzarlığı, idman etməsi... Sabir bəy bağ salır, ağac əkir, Kürdə qayıqla üzür. Hər gün saat 4-də durur. Bir insan kimi çox möhtəşəmdir. Onun həyat tərzinə oxşamaq istəyirsən. Gəzməyə də, işləməyə vaxt tapır.

-Saytdan yazı çıxarma... təcrübəsini tez-tezmi yaşayırsız? Xahiş-minnət, təhdid, tələb... nəyin qarşılığında olur?

-Elə bir sistem qurulub ki, sən bunu etmədiyini desən, qeyri-səmimilik olar. Yazını çıxarmanın ilkin səbəbi istinad olunan materiallarla bağlı olur.

Məsələn, həmin yazıda haqqında danışılan şəxs deyir ki, “sən bu yazını hardan vermisən? İstinad etdiyin saytda həmin material yoxdur”. Bu, ata-anası bilinməyən uşağı gətirib evində saxlamağa bənzəyir. Bu, mümkün deyil. İkincisi, yadıma gəlmir ki, kimsə götürüb məni hədələsin ki, bu yazını çıxarmalısan. Çox da rahat deyil bu. Səliqə-səhmanla olub bu. Məni ən çox sıxıntıya salan isə qohumlarım, Sabir bəydir. (gülür) Yəni, hansısa yazı ilə bağlı onların xahişindən keçmək olmur. Əvvəl rahat idi, amma indi eyni binadayıq. Bir də görürsən ki, qapı açıldı və içəri girdi (gülür). Amma özümüz də nəzərə alırıq. Yazdığımızı çıxarmaq ayıbdır. Adam özünə ayıb şeyləri etməz. Ondansa bəzi məsələlərin üstündən keçmək olar. Gərək, adamlar xəbər sildirmək üçün adama ağız açmasınlar. Sabir bəy dayılarım içində belə məsələlərdə ən səbrli adamdır. O gün Hadı Rəcəbli zəng etmişdi. Dedi ki, “filan məsələ ilə bağlı Sabir bəyə zəng etdim. Amma o da dedi ki, mən Elçinə heç nə deyə bilmərəm”. Bir tərəfdən narahat oldum ki, gör mən necə münasibət göstərmişəm ki, mənə söz demir.

-Bu saytın arxasında kim dayanır?

-Aznews.az-da təcrübə toplamış bir neçə gənc və mən, mənim kapitalım. Məni kimləsə müqayisə etmək lazım deyil. Kimsə sıfırdan gedib noutbuk alır və sayt yaratmağa başlayır. Bu, başqa bir şeydir. Mən aznews.az-da kifayət qədər normal maaş almışam. Saytı da ona görə yaratmaq istəmədim ki, bu sahədə özümü görürəm. Hesab edirəm ki, bu saytın varlığı lazımdır. Sadəcə öz oxucularımı dartıb bura gətirdim. Biz bu komanda isə triajı az, imici normal olan istənilən saytı qaldıra bilərik. Qaldı ki, saytın “arxasındakı adam”a, özünə hörmət edən heç kim gizli qalan biri ilə sayt işlədə bilməz. Ağıllı adam bunu etməz. Mən özümü tanıyıram. Bizdə ən qorxulu məsələ hamının bir-birindən şübhəli olmasıdır. Nəsə informasiya verirsən, dərhal şübhələnirlər ki, kiminsə sifarişidir. Amma mən heç vaxt sifarişlə yazı verməmişəm. Biz heç vaxt sevmədiyimiz adamlar haqda yazı verməmişik, sevdiyimiz adamlar haqda vermişik. Məsələn, heç vaxt Hafiz Hacıyevlə bağlı xəbər verməmişik. Adam öldürsə, hə, yazmaq olar. Və ya Əhəd Abıyev icra başçısı olandan sonra onunla bağlı xəbər vermişik. Ən çox hörmət etdiyim adam Kamal Abdulla, Mirşahindir. Amma onlarla bağlı ən soyuq xəbərlər bizim saytda gedib.

0.1371328830719