Çalışın xəstələnməyin

 

Çünki Azərbaycan xəstəxanalarında
sağalmaq mümkün deyil

 Həyat sürprizlərlə doludur. Hər an, hər yerdə qarşılaşa biləcəyimiz sürprizlərdən ən yadda qalanı isə səhhətimizlə bağlıdır. Gündəlik həyatımızda məişətin bizə diktə etdiyi qayğıların nazını çəkə-çəkə sağlamlığımızı itiririk. Ağrılarımız qayğılarımızı üstələyəndə həkimə üz tutmağa məcbur oluruq. Yox, əvvəlcə cibimizə baxırıq.

Sonra gedirik dövlət tibb müəssisələrindən birinə. Təbii ki, dövlət müəssisələrində tibbi xidmətin pulsuz olduğunu düşünərək bu addımı atırıq. Yanına getdiyimiz həkim bizi əvvəlcə müştəri gözü ilə süzür və əynimizdəki paltardan cibimizdəki pulun miqdarını təyin etməyə çalışır. İlk müalicə zamanı ən az bir aylıq maaşımızdan mərhum oluruq. Bizi müayinə edən həkimin cibinə qoyduğumuz otuz manatı, "hippokrat andına sadiq" həkimimiz elə belə də olmalı imiş kimi, çox laqeyidliklə qarşılayır və keçir işin əsas hissəsinə.

Nəhayət, resept hazır olur. Resepti əlimizə alanda həyatımızda ilk dəfə qarşılaşdığımız müxtəlif dərman preparatlarının adı əvvəlcə bizi, sonra cibimizi vahiməyə salır. Bu gün müxtəlif dərman şirkətləri həkimlərimizə şirnikləşdirici təkliflər edir, onlarla əməkdaşlıq edirlər və nəticədə ucuz qiymətə əldə edə biləcəyimiz dərman preparatlarını apteklərdən beş, on dəfə baha qiymətə almağımıza səbəbkar olurlar. Belə olan halda biz burda tükənməyə başlayırıq. Zəng edirik dost- tanışa, əgər onlarda pul varsa, borc alıb müalicəmizi edirik. Ən dəhşətlisi də odur ki, qəbul etdiyimiz dərmanlar bizi sağaltmaq əvəzinə, vəziyyətimizi bir az da ağırlaşdırır.

 Sonra da başlayırıq bunun üstündə baş sındırmağa ki, niyə bu hallara qalırıq? Maraqlandıqda məlum olur ki, Azərbaycanda fəaliyyət göstərən dərman şirkətləri xaricdə əlaqə qurduqları dərman zavodlarına bəzi maddələrin bahalı olduğu üçün həmin maddələrin dərmanların tərkibinə əlavə etməmələri ilə bağlı razılığa gəlirlər. Biz də bunu bildiyimizə görə, məcbur olub, xaricdə yaşayan soydaşlarımızdan xahiş edirik ki, müalicəmiz üçün nəzərdə tutulan dərmanları oradan alıb göndərsinlər bizə. Bir müddət də bu şəkildə davam edirik. Amma yenə də xeyiri olmur.

Başlayırıq pirə gedib Allahdan günahlarımızı bağışlaması üçün dua etməyə. Allah dualarımızı eşidir və dost tanışlarımızın dilindən bizə belə bir mesaj göndərir. "Ay filənkəs, bəlkə həkim sənə düz diaqnoz qoymayıb?". O zaman sanki kimsə bizi silkələyib, ağır bir yuxudan oyadır. Əvvəl stres yaşayırıq, ardınca qısamüddətli bir depresiya və nəhayət, özümüzü əla alıb, vəziyyətdən çıxış yolu axtarmağa başlayırıq. Allahdan ümüd kəsilməz,- deyib üz tuturuq özəl klinikalara. Burada da qarşılaşdığımız "uzman"ların bizə söylədiyi qiymətlər bizə "pulun yoxdursa, get başına çarə qıl" mesajini verir.

Bəs nə edək? Elə bu barədə düşünə-düşünə, bu cavabı çətin tapılan tapmacanın cavabını tapmaq üçün baş sındırdığımız vaxt tanışlarıımızdan biri qonşu dövlətlərin birində ucuz qiymətə yenicə müalicə alıb döndüyü barədə xəbər verir. Həə, buna da şükür. Yenə də Allahdan ümid kəsilməz,- deyib Azərbaycanda fəaliyyət göstərən banklardan birinə üz tuturuq. Böyük faizlə kiçik miqdar pul alıb, yollanırıq yaxın dövlətlərdən birinə.

Elə ilkin müayinə zamanı məlum olur ki, bizə qoyulan diaqnoz kökündən yanlış imiş. Müayinə olunub, reseptimizi yazdırıb, dərmanımızı alıb, yollanırıq evimizə.Yox, evimizə yollanmazdan öncə Allah bizim gözümüzü bir daha açır. Bu yaxşıdı, ya pis bilmirəm. Amma həqiqətin acı olduğunu çox yaxşı bilirəm.

Müayinə vaxtı yanımızda duran yerli həmsöhbətlərimizin birindən soruşanda ki, müalicəyə xərciniz çox çıxıb?- aldığımız cavab belə olur: "biz müayinə üçün pul xərcləmirik", cünki bizim sosial haqlarımız var. Müalicəmiz də tibbi sığorta əsasında aparılır. Bu duruma üzülsək də, özümüzü toplamağa çalışırıq və dərhal düşünürük ki, bizdən də pis vəziyyətdə olanlar var. Bəs, bankdan pul götürmək iqtidarında olmayan müəyyən yaşı keçmiş yaşlılar, yaxud da heç yerdə işləməyən şəxslər neyləsin? İndi bilmirəm ki, Tibb Universitetini rüşvətlə bitirib, sahibləndiyi vəzifəni rüşvət hesbına əldə edən bisavad, acgöz həkimlərin əlində oyuncaq olan bizlərə ağlayım, yoxsa heç bir tibbi sığortası olmayan, yaşı altmışı keçmiş qocalarımıza?! Bəs görəsən, həyatının otuz ilindən coxunu dövlətə xidmətlə keçirmiş yaşlı nəslin nümayəndələrinin qazandığı 150 manatlıq pensiya onların təcili tibbi yardımın "pulsuz" xidmətindən istifadə etmək imkanı varmı?

Yaxud, daha dəhşətlisi, kimsəsiz, həyatını park skamyaları üzərində yatmaqla keçirən insanların xəstələndiyi zaman dadına təcili tibbi yardım xidməti yetişirmi? Axı "təcili tibbi yardıma" ən çox ehtiyacı olan şəxslər elə bu insanlardır.

0.15336799621582