ADU-da YENİLİK - Auditoriya+ proqramı nədir? - MÜSAHİBƏ

 

Azərbaycan Dillər Universitetində (ADU) yeni Auditoriya+ proqramı fəaliyyətə başlayıb. Görüləcək işlər barəsində məlumat almaq məqsədilə ADU-da yeni yaradılan Auditoriya+ şöbəsinin müdiri Bədirə Kərimovaya bir neçə sual ünvanladıq.
 

-Bədirə xanım, Auditoriya+ proqramının fəaliyyətə başlaması hansı ehtiyacdan yarandı?
 

- Müasir dövrdə təhsil insanın bilik, bacarıq və səriştələr əldə etməsi sahəsində imkanlarını genişləndirir, həyatın keyfiyyətini dəyişir və iqtisadi artımın mənbəyi rolunu oynayır. Müasir təhsil müəssisələri cəmiyyətin mədəni irsinin nəsildən nəslə ötürülməsinə şərait yaradır və insanları onların iqtisadi və sosial statuslarını müəyyən edəcək peşəkar bilik və bacarıqlarla təmin edir. Eyni zamanda, təhsil müddətində gənclərdə mənəvi ideallar, davranış stereotipləri və ətraf aləm haqqında rəy və təsəvvürlər formalaşdırır.

Azərbaycan son illərdə təhsil sahəsində inkişaf etmiş ölkələr sırasında yer almaq üçün çoxsaylı layihələrə imza atıb. Təhsil sistemi prioritet sahələrdən biri olaraq ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Xüsusən də ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılması məqsədilə müxtəlif layihə və proqramlar həyata keçirilir.  

Azərbaycan Dillər Universitetində Auditoriya+ proqramı universitetin rektoru, əməkdar elm xadimi akademik Kamal Abdullayevin təşəbbüsü ilə irəli sürülüb. Proqramın həyata keçirilməsi üçün 17 sentyabr 2017-ci il tarixində rektorun əmri ilə müvafiq şöbə yaradılıb. ADU-nun yeni struktur bölməsi olan Auditoriya+ şöbəsinin fəaliyyətinin əsas məqsədi ADU-da tələbələrin dərsdənkənar vaxt­­la­rının səmərəli təşkil olunması, bilik və bacarıq səviyyələrinin daha da təkmilləş­diril­məsi və dünyagörüşünün artırılmasıdır. Proqramın əsas hədəfi tələbələrdir, bu layihə onlara ictimai həyatda fəal iştirak etmək, təhsil və bilik əldə etmək, yaradıcı və sağlam tələbə həyatı yaşamaq və imkanlarını genişləndirmək üçün şərait yaradacaq.

Azərbaycan Dillər Universitetində tələbələrin ictimai həyatda iştirakını və asudə vaxtını səmərəli təşkil etmək üçün bir sıra klublar fəaliyyət göstərir. Lakin Auditoriya+ proqramının özəlliyi ondadır ki, bu proqram çərçivəsində həyata keçirilən tədbirlər universitetin müəllim və tələbələrinin birgə fəaliyyəti nəticəsində ərsəyə gələcək.  


- Auditoriya+ öz fəaliyyətini əsasən hansı istiqamətdə qurur?

- Proqramın fəaliyyətini həyata keçirən Auditoriya+ şöbəsi universitetin struktur bölməsi olmaqla öz işini universitetin digər struktur bölmələri ilə qar­şılıqlı əlaqədə qurur. Proqramın həyata keçirilməsinə universitetin fakültələri, kafedraları, elmi tədqiqat laboratoriyaları cəlb olunub. Auditoriya+ şöbəsi iş planını adları yuxarıda qeyd olunan bölmələrin illik iş planı ilə birgə hazırlayır. 

Şöbənin fəaliyyət planı mədəni-kütləvi tədbirlərin təşkil olunması, tələbələrin təlim-tərbiyəsi və zərərli vər­dişlərin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin keçirilməsi, universitetin profes­sor və əməkdar müəllimlərinin, ictimai-siyasi xadimlərin, yazıçı və şairlərin yubiley və anım günlərinin keçirilməsi, universitetə elm sahəsində tanınmış insanların dəvət olunması və onların tələbələrlə görüşlərinin təşkil olunması, bilik yarışlarının keçirilməsi, dövlət siyasətinin tələbələr arasında təbliği, dövlət bayramları və xüsusi günlərlə bağlı tədbirlər, tələbələrin mütaliə həvəsini artırmaq məqsədilə  müəllimlərin yazıçı və şairlərlə görüşləri, əlavə ədəbiyyatla əlaqədar  müzakirə və yarışların təşkil olunması, kitab təqdimatlarının keçirilməsi, birinci kurs tələbələrinin kitab­xanalarla tanışlığının təşkil olunması, ekskursiyaların, “Səfir saatı”nın  təşkili və s.  nəzərdə tutur.


- ADU rektoru, akademik Kamal Abdulla müxtəlif görüşlərdə “Bir günlük xəlifə” tələbə özünüidarəetmə günü barədə məlumat verib. Bu günə hazırlıqla bağlı hansı işlər görülür?


- Hal-hazırda universitetdə Auditoriya+ proqramı çərçivəsində həyata keçirilən layihələrdən biri “Bir günlük Xəlifə” tələbə özünüidarəetmə gününə hazırlıqla bağlıdır. Bu layihə tələbələrin universitetin rəhbər strukturlarını bir gün ərzində idarə etməsini nəzərdə tutur. Layihə ilə bağlı elanlar hazırlanıb, tələbələr məlumatlandırılıb, artıq şöbədə qeydiyyat işinə başlanılıb. Yaxın günlərdə layihə ilə bağlı tələbələrlə seminarların keçirilməsi nəzərdə tutulub.


- Auditoriya+ proqramı çərçivəsində indiyədək hansı tədbirlər keçirilib?


- Auditoriya+ proqramı yeni fəaliyyətə başlamasına baxmayaraq, bu çərçivədə artıq bir sıra tədbirlər keçirilib.  Bu tədbirlərə nümunə olaraq, 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 48-ci ildönümünə həsr olunan anım mərasimi, Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Marta Qalinqo və kolumbiyalı professor Konrado Zuaqo ilə görüş, Hindi dili və mədəniyyəti mərkəzinin “Hindistan olduğu kimi” layihəsi çərçivəsində filosof-psixoloq Ramil Əliyevin “Hindi dilinin 3 kateqoriyası” mövzusunda seminarı,  İtalyan dili mərkəzində tərcüməçi, sinxronist, “Sandro Teti” nəşriyyat evinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Olqa Mazzinanın görüşü, Regionşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyevin ikicildlik “Hindistan etnoqrafiyası” adlı dərs vəsaitinin təqdimatı keçirilib.

Auditoriya+ proqramı çərçivəsində bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır. Hal-hazırda “Universitetimizi tanıyaq” layihəsi, Ali məktəb tələbələri üçün tədqiqat metodlarına dair təlim proqramı layihələrinin təşkil olunması üzərində çalışırıq.

 “Universitetimizi tanıyaq” layihəsi tələbələrin universitetdəki mərkəzlər, kafedralar, elmi tədqiqat laboratoriyaları (ETL) və digər struktur bölmələri, onların yaranma tarixi, məqsədi, strukturu və funksiyaları və gördüyü işlərlə tanış olmasını nəzərdə tutur.

Ali məktəb tələbələri üçün tədqiqat metodlarına dair təlim proqramına gəlincə, bu layihə IV kurs və magistr tələbələri üçün nəzərdə tutulub. Proqram tələbələrin fəallığını təmin edən təlim metodologiyaları, effektiv öyrənmə prosesini təmin etmək üçün müxtəlif yanaşmalar, müxtəlif qiymətləndirmə metodlarının tələbələrə tədrisini nəzərdə tutur. 

0.14793276786804