Bu əməkdaşlıq Bakıya yeni dividentlər vəd edir – Şərh

 

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul etməsi bir daha təsdiq edir ki, Azərbaycan Avropa ilə digər tərəfdaşların iqtisadi əlaqələrini genişləndirməkdə maraqlıdır.

Bu sözləri Axar.az-a ölkə başçısının Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə keçirdiyi görüşləri şərh edən iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert Azərbaycan üçün Avropanın əhəmiyyətli tərəfdaş olduğunu vurğulayıb:

“Azəbaycanın xarici ticarət dövriyyəsinin təxminən 40 faizi Avropanın payına düşür. İxracatda Avropa birmənalı şəkildə aparıcıdır. İndiki Azərbaycan üçün Avropa mühüm iqtisadi və ticari tərəfdaşdır. Ölkəmiz, bildiyiniz kimi, Avropa Birliyi ilə strateji tərəfdaşlıq haqqında sazişin üzərində işləyir və güman olunur ki, bu saziş imzalanaq. Bu da Avropa ilə Azərbaycan arasında həm siyasi, həm iqtisadi münasibətlərin dərinləşməsinə gətirib çıxaracaq. Avropa nə üçün vacib tərəfdaşdır? Avropa ilk növbədə iqtisadi standartların tətbiq edilməsi baxımından vacibdir və bu sahədə Azərbaycana xüsusən texniki dəstəyini davam etdirir. Beynəlxalq standart və sertifikatların tətbiqində Avropanın rolu və payı kifayət qədər böyükdür. Nəzərə alsaq ki, Azərbaycan alternativ olaraq Rusiya standartlarını seçə bilmir. Çünki Rusiya standartları dünyada qəbul edilmir. Ancaq Avropa standartları dünya ticarət təşkilatının standartlarıdır. Avropa standartlarına uyğunlaşmaq iqtisadi baxımdan həm də dünya bazarına həmin məhsulların çıxarılması anlamına gəlir. Bu kontekstdən də Avropa ilə əməkdaşlığın gücləndirilməsi Bakı üçün olduqca vacibdir. Avropa Azərbaycan üçün yeni bazar rolunu oynaya bilər. Çünki Azərbaycanın aqrar məhsullarının brend olaraq Avropaya çıxarılması imkanları var. Avropa Azərbaycan üçün bazarların şaxələnməsi baxımından da çox vacib bir bazardır. Söhbət 500 milyon istehlakçısı olan bazardan gedir və bura daxil olmaq ölkəmizin də maraqlarına uyğundur”.

İqtisadçı bildirib ki, Avropa Azərbaycan üçün həm də mühüm nəqliyyat dəhlizidir:

“Nəqliyyat sektoru baxımından Avropa ilə əməkdaşlıq hazırda mühüm əhəmiyyət kəsb edir. Çünki Qərb-Şərq nəqliyyat dəhlizi Avropanı Asiya ilə birləşdirir. Azərbaycan da həmin dəhlizdə yerləşən bir ölkədir və coğrafi baxımdan nəqliyyat əlaqələrini genişləndirməsi həm tranzit gəlirlərini artıra, həm də bir növ Avropa üçün regionda bir qovşağa çevrilə bilər. Nəticə etibarilə bu da Azərbaycan-Avropa münasibətlərinin genişlənməsinə və yükdaşımalar vasitəsilə dövlət gərlirlərimizin artmasına gətirib çıxara bilər”.

V.Bayramovun sözlərinə görə, Azərbaycan hazırda enerji təhlükəsizliyi baxımından Avropa üçün vacib tərəfdaş rolunu oynayır:

“Bu fonda Avropa enerji məhsullarının ixracatı baxımından mühüm bir bazardır. Xüsusilə Azərbaycan Avropa enerji təhlükəsizliyinin formlaşmasında əhəmiyətli rol oynayır. Düşünürəm ki, bu gün tərəflər qarşılıqlı şəkildə iqtisadi əlaqələri genişləndirməklə bundan bəhrələnmək imkanları qazanırlar. Son səfər ondan xəbər verir ki, Azərbaycan, eləcə də Avropa bu iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır. Ölkə prezidentinin nümayəndə heyətinin qəbul edilməsi bir daha təsdiq edir ki, Azərbaycan Avropa ilə digər tərəfdaşların iqtisadi əlaqələrini genişləndirməkdə maraqlıdır”.

 

0.15082693099976