Tapdıq Abbas: “ Azərbaycanda istefa mədəniyyəti hələ formalaşmayıb”

 

 Məlum olduğu kimi, Jurnalistlərin VII qurultayında qəzetimizin təsisçisi və baş redaktoru Tapdıq Abbas Mətbuat Şurası İdarə heyətinə namizədliyini geri götürüb. Bu hadisə cəmiyyətdə maraqla qarşılanıb. Bu marağı nəzərə alaraq,Tapdıq bəyin fikirlərini öyrənib oxuculara təqdim ertməyin də maraqlı olacağını düşündük.

 -Tapdıq bəy, Jurnalistlərin VII qurultayında Mətbuat Şurası İdarə Heyətinin tərkibinə seçilməkdən niyə namizədliyinizi geri götürdünüz, səbəb nədir?

 -Artıq 10 il, yəni iki seçki Mətbuat Şurası İdarə Heyətinin tərkibinə seçilmişəm. Bu müddət ərzində üzərimə düşən işlərin öhdəsindən gəlməyə çalışmışam. Hər şeydən əvvəl intizamlı olamağa çalışmışam, tədbirlərdə ardıcıl iştirak etmişəm. Yoldaşlar arasında daim mehriban mühitin hökm sürməsi məhsuldar işləməyə imkan verib. Bu şəraitin yaradılmasında MŞ sədri, millət vəkili Əflatun bəy böyük rol oynayıb. İstefama gəlincə, qurultayın tribunasından da səsləndirdiyim kimi, meydanı gənclərə, daha enerjili insanlara verməyin zamanı olduğunu düşündüm. Son zamanlar hiss etdim ki, MŞ-dən getməyin zamanıdır. Artıq MŞ mənim üçün maraqlı  görünmədi. Bundan əlavə, işlərim çoxdur. ADPU-da dərslərim var, qəzetin və saytın işinə nəzarəti gücləndirməyə ehtiyac hiss olunur. Bax, bunlara görə, lap əvvəlldən cənab sədrə də MŞ-nın İH-dən getmək fikrində olduğumu bildirmişdim.

- Cənab redaktor, Mətbuat Şurası İdarə Heyətindən geri çəkilməyinizin başqa bir səbəbi, inciklik olmayıb ki?

- Birmənalı olaraq qeyd edim ki, heç bir inciklikdən, narazılıqdan söhbət belə, gedə bilməz. Özümü indi də Mətbuat Şurası İdarə Heyətinin sırasında hiss edirəm. Çünki orada çox səmimi dostlarım fəaliyyətlərini davam etdirirlər və inanıram ki, Mətbuat Şurası bundan sonra da uğurlu fəaliyyətini davam etdirəcək. Ölkəmizdə Mətbuat Şurasından başqa, elə bir təşkilat yoxdur ki, orada müxtəlif düşərgənin insanları bir masa ətrafında işgüzar və mehriban dostluq mühitində əl-ələ verib birlikdə çalışsınlar. Təbii ki, ölkə KİV-lərində və MŞ-də yaradılan işgüzar mühitin formalaşmasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, professor Əli Həsənovun, KİV DF-nin icraçı direktoru, hörmətli Vüqar Səfərlinin və Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun rolu və əməyi böyükdür. Əlbəttə, ölkə mediasının hazırkı inkişafı, hər kəsdən əvvəl, ölkə Prezidenti cənab İlham Əliyevin mediaya və jurnalistlərə göstərdiyi sırf ardıcıl diqqət və qayğı ilə bağlıdır.

 - Tapdıq bəy, son zamanlar xaricdə yaşayan bəzi vətəndaşlarımız ölkəmizə qarşı çox çirkin təbliğat kampaniyası aparırlar. Bu barədə nə düşünürsünüz?

 - Bu cür eybəcər, heç bir vətəndaşa hörmət gətirməyən cılız, düşmənlərin marağına xidmət edən çirkin kampaniyanın yalnız bir adı var:- Xəyanət! Biz jurnalistlər bu kampaniyaya qarşı böyük cəbhə açmalıyıq. Jurnalistlərin VII qurultayında bu məsələyə toxunan Azərbaycan Respublikası Prezidentinin köməkçisi, professor Əli Həsənovun göstərdiyi istiqamətdə ciddi iş görülməlidir. Xarici düşmənlərin əlində alətə çevrilmiş həmin insanların ölkəmizə qarşı apardıqları qarayaxma kampaniyasının ifşa olunması üçün onların yalan və böhtanlarını konkret faktlarla xalq çatdırmaq lazımdır. Qəzetimizin yaradıcı kollektivi bu işdə öndə getməlidir və gedəcək. Biz imkan verə bilmərik ki, gündən-günə çiçəklənən vətənimizi xarici düşmənlərin əlində alətə çevrilmiş üç-beş yaramaz ləkələməyə cəhd etsin!

Müsahibəni hazırladı: Murtuza Sudeyifoğlu

0.13743805885315