AzEdu.az “Danışır rektor” layihəsinə start verir. Layihədə Azərbaycanda fəaliyyət göstərən universitetlərin rektorları ilə müsahibələrə yer veriləcək. Layihənin ilk qonağı Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovdur.
Üç ilə yaxındır ki, Abel Məhərrəmovun mediada böyük müsahibəsinə rast gəlinmir.
Paralel.az rektorun geniş müsahibəsini təqdim edir.
- Abel müəllim, hazırda universitet auditoriyalarında dərs deyən müəllimlərin çoxu SSRİ-nin yetişdirmələridir. Müasir gənc nəsil bu cür müəllimlərə necə münasibət bəsləyir?
- Müasir gəncliyin sovet təhsilindən, təbii ki, xəbəri yoxdur. Bu gün dediyiniz dövrdən çox-çox fərqli zamandır. Sovet dövründə vacib olan bu gün heç yada düşmür. Məsələn, o dövrdə Lenini tanımayanı heç uşaq bağçasına da götürmürdülər. Yəni, insanlar kiçikdən böyüyədək hamı Lenini tanıyırdı. Bu gün min nəfərdən biri onu tanımır, bunu da təbii hesab edirik. Bu gün istəsək də, istəməsək də ortayaşlı müəllimlərimizdən yuxarı hamısı sovet dövrünün yetirmələridir.
Onların öz üstünlükləri, çətin günlərdən keçən zəngin təcrübələri, nizam-intizama ciddi əməl etmək ənənələri, dözümlülükləri, iradələri var. Biz bilirik ki, zəngin təcrübəyə baxmayaraq, həmin insanlar yaşadıqları dövrün alimləri olublar, həm özləri bir auditoriya, bir müəllim, bir kitabxana görüb öyrəniblər, həm də müəllim kimi o qayda ilə fəaliyyətə öyrəşiblər. Ancaq bu gün tələblər başqadır! Tələbənin auditoriyadakı müəllimindən başqa virtual universitetləri, müəllimləri var: bu internet vasitəsilə yaranan müxtəlif məlumat mənbələridir. Kürsünün arxasında tərpənmədən dayanıb “quru” mühazirə oxuyan müəllim tələbəni qane etmir. Əlbəttə, zamanın tələblərinə uyğunlaşan, müasir interaktiv üsullarla, texniki avadanlıqlarla “silahlanaraq” dərs deyən müəllimlərimiz çoxdur, ancaq klassik “Sovet üsulu”nu unutmayanlar da var. Nə etmək olar? Bu gün universitetdə çalışan üç min nəfərin hamısını Harvard Universitetinin məzunları ilə dəyişmək olmaz ki... 100 il ərzində yaranmış ənənələr, milli elmi məktəblər, səriştəli pedaqoqlar var. Görünür, “təhsildə inqilab etmək olmaz, hər şey təkamül yolu ilə olmalıdır”, fikri ilə razılaşmalıyıq...
- Müasir dövrdə yaşlı müəllimlərin cavan nəslə münasibəti necədir?
- Bu suala birmənalı cavab vermək olmaz. Burada fərdi xarakterləri nəzərə almaq lazımdır. Bəzi insanlardan müasir gənclik haqqında soruşanda onları tənqid edirlər, əvvəlkilərin daha yaxşı olduğunu bildirirlər. Yəqin bilirsiniz, bizim eradan əvvəl 3350-ci ildə yazılmış "Prissanın papirusu" dünyada ən qədim kitab hesab olunur. Həmin papirusun müəllifi gəncləri əxlaqsız, tənbəl və tərbiyəsiz adlandırır, “bizim vaxtımızda belə deyildi” yazır. Gördüyünüz kimi, beş min ildən də artıq vaxt keçsə də, heç nə dəyişməyib. Bu gün də narazı adamlar var, dünən də olub, sabah da olacaq. Amma mən belə deməzdim. Mən realist insanam. Bu günkü gənclik heç də bizim dövrün gəncliyindən geri qalmır. Müəyyən fərqli amillərin olduğunu danmaq olmaz. Biz o vaxt müəllimin mühazirələrinə diqqətlə qulaq asıb onun ətrafında hazırlaşıb cavab verirdik. Amma bu gün internet vasitəsilə müəllimin dediyi mühazirədən daha geniş məlumatlar əldə etmək olur. O zaman bilik əldə etmək üçün yalnız müəllim və kitab var idi. İndi görün nə qədər geniş imkanlar mövcuddur. Mənə elə gəlir ki, indiki tələbələrin beyni daha sürətlə çalışır, intellektual səviyyəsi yüksəkdir, dünyagörüşü genişdir. Ola bilər ki, oxumayanı, ya başqa təsir altına düşənləri də var, ancaq bu çox az qismidir, belələri həmişə olub, həmişə də olacaq... Mən tələbələrə tez-tez deyirəm ki, təhsil aldığınız 4-5 il sizin ömrünüzün qalan 60-70 ilini müəyyənləşdirir. Burada siz çox zəngin bir xəzinəyə düşmüş adama bənzəyirsiniz. Kim nə qədər çox bilik götürsə, yaxşı şeylər öyrənsə, o qədər zəngin bir ömür sürəcək. Biz estafeti onlara bu şərtlərlə veririk, daha çox öyrənsinlər, daha gərəkli biliklərə yiyələnsinlər, onlar da gələcək nəsillərə həmin estafeti şərəflə ötürə bilsinlər...
- Abel müəllim, güclü təhsil Qarabağ probleminin həllinə necə təsir edə bilər?
- Azərbaycan təhsilinin böyük tarixi var ki, bu tarixdə yüksəlişlər də, sabitlik də, deformasiyalar da olub. Məsələn, bizim gözlərimiz önündə, ötən əsrin 80-ci illərində milli azadlıq hərəkatı başlayanda tələbələr bu hərəkata qoşuldu, ancaq dərslər qaldı, bəzən, universitetlərdə tədris prosesi həftələrlə, aylarla pozuldu. Davamı olaraq da, iqtisadi böhran müəllimləri, alimləri universitetlərdən ayırdı, onlar ya xarici ölkələrə üz tutdular, ya da on illərlə bağlandıqları peşəni dəyişdirdilər. Sualınızın cavabında o illəri xatırladım və bir daha əmin olduğumu bildirmək istərdim ki, təhsil üçün ən münbit şərait sabit cəmiyyətdir. Böyük ehtiramla qeyd edirəm ki, həmin sabitliyi ölkəmizə ulu öndər Heydər Əliyev gətirdi. Əgər 1993-cü ildə xalqın tələbi ilə o, hakimiyyətə gəlməsəydi, sabitlik yaranmasaydı, 4-5 il ərzində baş verən hadisələr davamlı olsaydı, digər sahələri demirəm, ancaq təhsildə düzəlməz boşluqlar yaranacaqdı. Sualınıza qayıdıram, bu gün təəssüf ki, bizim xalqın Qarabağ adlı problemi var, bu da olmasaydı, daha böyük uğurlardan danışmaq olardı. Hər bir tələbənin içində bir Qarabağ nisgili var, narahatlıq var, hər qrupda qaçqın, köçkün tələbə yoldaşı var, əlbəttə, bunun təhsilə mənfi təsiri inkaredilməzdir. Mən istərdim ki, gənclərimizi narahat edən belə qlobal, milli problemlər olmasın, onlar dərs və elm haqda düşünsünlər.
- Aprel hadisələri vaxtı universitetin həyətində mitinq olmuşdu...
- Doğrudur, təxminən, 2 il bundan əvvəl Aprel hadisələrində baş verənlər, geri qaytardığımız ərazilər bütün xalqımızı, təbii ki, tələbələri də çox ruhlandırdı. Onlar universitetimizin həyətində çox böyük mitinq təşkil etdilər. Hər bir tələbə əsgər olub bu qələbəni davam etdirmək istəyirdi. Mən onların qarşısına çıxdım, mitinqimiz çox böyük coşqu ilə keçdi, tələbələr çıxış edib qızlı-oğlanlı cəbhəyə getmək istədiyini bildirdi, əsgərlərə müraciət edildi, bəyanat qəbul olundu və s. Onda bir daha bizim gəncliyin necə vətənpərvər, yurdsevər olduğunun şahidi olduq.
Əlbəttə, uşaqlarda vətənpərvərlik duyğularının, milli təəssübkeşliyin olması çox yaxşıdır. Digər tərəfdən, biz istəyirik ki, gənc təhsil aldığı müddətdə ancaq elmlə, tədrislə məşğul olsun, kamil bir mütəxəssis kimi formalaşsın. Axı gəncliyin çox az bir hissəsi, hər il təxminən 15-20 faizi ali məktəblərə daxil olur. Bu 15-20 faiz gələcəyin ziyalı təbəqəsi, əgər belə demək mümkünsə, cəmiyyətin qaymağıdır. Bayaqkı fikrə qayıdıram: onlar əlavə qayğılardan azad olmalıdırlar ki, istədiyimiz şəxsiyyətlər formalaşsın. Heç kəsin xətrinə dəymədən vurğulayıram ki, qalan 80 faiz bu insanların yetkinləşməsinə yönəlməlidirlər. Qabaqcıl dünya təcrübəi də bunu deyir. İnkişaf etmiş ölkələrin gənclərinin vətəni qorumaq, torpaqları azad etmək, vətənindən didərgin düşmüş soydaşlarının qayğısını çəkmək problemi yoxdur. Gördüyünüz kimi, bu gün dünya ölkələrinin reytinqi ərazisinə, əhalisinə, hərbi qüdrətinə görə yox, intellekt səviyyəsinə, elmin, təhsilin düzgün qurulmasına, nəticədə innovativ bilgilərin tətbiqi nəticəsində iqtisadiyyatın inkişafına görə hesablanır.
- Gələn il Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunacaq. Yubiley ilə əlaqədar hansı yeniliklərin olacağı gözlənilir?
- Bu cavabı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkürlə başlamaq istəyirəm. Bildiyiniz kimi, ötən ilin noyabrında ölkə başçısı 100 illik yubileyin dövlət səviyyəsində qeyd edilməsi ilə bağı tarixi bir sərəncam imzalayıb. Həmin sənəd bizim məsuliyyətimizi bir qədər də artırıb və hazırda Universitetin 100 illiyinə hərtərəfli və çoxşaxəli hazırlıq işləri gedir. Çox şadıq ki, YUNESKO da BDU-nun 100 illik yubileyini beynəlxalq səviyyədə qeyd etmək barədə qərar qəbul edib, ondan başqa bir çox beynəlxalq qurumlarda bu yubiley qeyd ediləcək. Biz də həmin çərçivədə bəzi işlər görmüşük. Universitetin ilk rektoru Vasili İvanoviç Razumovskinin ömrünün son illərini yaşadığı Rusiyanın Yessentuki şəhərində barelyefini açmışıq, onun adına küçə verilməsinə nail olmuşuq. Bununla yanaşı, ilk azərbaycanlı rektor Tağı Şahbazinin Bakıda yaşadığı binanın önündə xatirə barelyefi qoydurmuşuq.
Yaxın günlərdə 1100 nəfərlik yataqxana tikintisinə başlanılacaq. Gənc tədqiqatçılar üçün də həmin korpusda mənzillər tikiləcək. Texnoparkın ilkin hissəsi olaraq Yüksək Texnologiyalar Mərkəzi yaradılır. Bina artıq hazırdır, təmir işləri gedir və avadanlıqları yerləşdirməyə hazırlaşırıq. Bundan əlavə, həmin Mərkəzdə 400 kvadrat metrə yaxın ərazidə BDU-nun Tarix muzeyini yaradırıq. Muzeydə bu günə qədər universitetin yaranması, fəaliyyətində tarixi şəxslərin zəhmətindən tutmuş, ali məktəbin elm və təhsilinin inkişafında roluna qədər bütün məlumatlar əksini tapacaq. 100 illik ərəfəsində Qazax filialında yeni tədris korpusunun və yataqxana binalarının tikintisinə də başlamaq istəyirik. Kitablar hazırlanır, film çəkilir və s. Əlbəttə, yubileyə hazırlıqla bağlı görülən işlər çoxdur, hamısını bir müsahibədə demək olmur. Ancaq yubiley-hesabata hazırlıq işləri yüksək səviyyədə davam etdirilir. Yubiley, hesabat şəklində keçiriləcək. Biz xalq qarşısında universitetin fəaliyyəti, gördüyü işlər və gələcək perspektivlər barədə hesabat verəcəyik.
- Abel müəllim, sizin sözlərinizlə desək, Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin oğul övladıdır.Bu səbəbdən, BDU-nun yaradıcıları yubiley-hesabatda necə xatırlanacaq?
- Ali məktəbi 100 il bundan əvvəl yaradanların qarşıya qoyduğu ilk məqsəd Azərbaycanda savadsızlığı aradan qaldırmaq, insanları maarifləndirmək olub. Sonralar isə Universitet elm mərkəzinə çevrildi, ölkədə ziyalı təbəqəsinin formalaşmasını təmin etdi, bir çox ali məktəblərin, həmçinin AMEA-nın yaranmasında mühüm rol oynadı... Universitetlər də insan ömrü kimi həyat yaşayır. Onların uşaqlıq, gəncik, yetkinlik və müdriklik dövrü olur. Ancaq onun insandan fərqi budur ki, o, kamillik zirvəsinə çatandan sonra xalqına yüz illərlə belə xidmət göstərir. Bu gün Bakı Dövlət Universiteti öz müdriklik dövrünü yaşayır. Qaldı ki, sualınızın birbaşa cavabına, deyim ki, BDU-nun yaranmasında tarixi xidmətləri olmuş insanlar həmişə hörmətlə xatırlanır. O dövrdə çox çətinliklə parlamentdə universitetin yaranması barədə qərar qəbul edilib. Bu zaman müxtəlif əqidəli və müxtəlif niyyətli adamlar, o cümlədən erməni qurumları, “Daşnaqsütün” partiyasının üzvləri buna qəti şəkildə etiraz etsələr də, Məhəmməd Əmin Rəsulzadə, Nəsif bəy Yusifbəyli, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev və digər tarixi şəxsiyyətlər problemin həllində çox böyük xidmətlər göstəriblər. Onların əksəriyyəti Avropanın qabaqcıl universitetlərində təhsil almış şəxslər idi və universitetin xalq üçün nə demək olduğunu yaxşı bilirdilər. Çox yaxşı bilirdilər ki, ancaq savadsızlığı aradan qaldırmaqla ölkəni xilas etmək mümkündür. Ona görə də bütün çətinliklərə sinə gərməyi bacarıblar.
- Bu il AzərbaycanCümhuriyyətinin də 100 illiyi qeyd olunacaq. Bu münasibətlə Bakı Dövlət Universitetinə Məhəmməd Əmin Rəsulzadənin adının qaytarılmasıyla bağlı yayılan fikirlərə münasibətiniz necədir?
- Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi ərəfəsindəyik. Bakı Dövlət Universiteti AXC-nin oğul övladıdır, ancaq bu ali məktəbin yaranmasında xüsusi olaraq bir şəxsiyyəti fərqləndirmək, bütün uğurları bir nəfərin adı ilə bağlamaq düzgün olmazdı. Universitetə onların hamısının adını vermək olmaz, aralarından birini seçmək isə çətindir. İkinci məsələ isə odur ki, qabaqcıl dünya təcrübəsində universitetlərə ad verilməsi məsələsi yoxdur, biz də də buna uyğun qərar qəbul edilib. Bir məsələni də nəzərə almaq lazımdır ki, ad məsələsi hər şey demək deyil. Əgər, övlad dünyaya gəlirsə, ona hər hansı adın verilməsi böyük və ciddi bir önəm kəsb etmir. Vacib olan onun düzgün böyüməsi, faydalı olması, cəmiyyətə ləyaqətli pay verməsidir. Bu insanların əməyini biz qoruyub saxlaya bilmişikmi? Bu gün universitet dünya müstəvisində qəbul olunurmu? Əsas olan bu sualların cavabındadır. Biz ad hesabatını yox, yubiley hesabatı edirik ki, ortaya nələr qoyduğumuzu göstərək.
- Bakı Dövlət Universitetinin xalqımızın həyatındakı rolunu bir cümlə ilə dəyərləndirməli olsaydınız, nə cavab verərdiniz?
- Afina Universiteti yunanların, Sorbona Universiteti fransızların, Kembric Universiteti ingilislərin milli şüur, elm, maarifinin yüksəldilməsində hansı rolu oynamışdırsa, Bakı Dövlət Universiteti də xalqımızın taleyində həmin missiyanı yerinə yetirib və bu gün şərəflə yerinə yetirir. ABŞ prezidenti Franklin Ruzveltin sözləriylə deyilən bir maraqlı fikir də var ki, Amerika universiteləri ona görə güclü deyil ki, qüdrətli Amerika dövlətinin universitetləridir. Amerika ona görə qüdrətli dövlətdir ki, güclü universitetləri var.
- Ümummilli lider Heydər Əliyevin Universitetin tarixindəki rolu haqda nə demək olar?
- Bakı Dövlət Universitetinin hər dövründə müəyyən insanların xidmətləri olub. Mən deyərdim ki, BDU-nun dünyaşöhrətli məzunu Heydər Əliyev qədər Universitetə qayğı və diqqət göstərən ikinci adamı tapmaq mümkün deyil. O, universitetə xüsusi qayğı ilə yanaşırdı. Mən deyərdim ki, universitetin intibah mərhələsi onun adı ilə bağlıdır! Sovet dövrünün ən kritik illərində belə, o, universiteti xüsusi bir qurum kimi dəyərləndirib, burada sağlam qüvvələrin formalaşmasına, milli hisslərin inkişafına gizli də olsa, xidmət göstərib. 1960-70-ci illərdə burada təşəkkül tapan vətənpərvər ziyalılar cəmiyyətlərini və ayrı-ayrı şəxsləri - Bəxtiyar Vahabzadəni, Gülhüseyn Hüseynoğlunu, Əbülfəz Əliyevi və onlarla başqalarını müxtəlif üsullarla repressiyadan xilas edib, sonralar həmin bazada müstəqillik uğrunda mübarizə aparmaq qüdrətimiz olub. 1969-cu ildə yenicə hakimiyyətə gələn zaman ilk aylarda Bakı Dövlət Universitetinin 50 illik yubileyini SSRİ səviyyəsində keçirib, yubiley komissiyasının sədri olub, özü də xarici qonaqların olmasına baxmayaraq, o dövrdə bütün iclasların rus dilində aparılması haqda qanunu da pozaraq iclası milli dildə aparıb. Bu, indi sadə görünə bilər, ancaq o dövrdə qeyri-mümkün bir hadisə idi, ancaq Heydər Əliyev universitetdə milli toxumlar əkmək üçün bu risqi etmişdi. Sonralar da, bütün hakimiyyəti boyu yüksək qayğısını əsirgəmədi, BDU-nun 60 illik, ikinci hakimiyyəti dövründə 75 illik, 80 illik yubileyləri onun rəhbərliyi ilə dövlət səviyyəsində qeyd edildi, yeni fakültələr, elmi tədqiqat institutu, laboratoriyalar, nəşriyyat açıldı, yüzlərlə belə əlamətdar hadisələr baş verdi.
- Onun şəxsən Sizin həyatınızda nə kimi rolu olub?
- Mənim formalaşmağımda ümummilli liderin tarixi rolu danılmazdır. Mən 3-cü kursda oxuyanda Heydər Əliyev yeni hakimiyyətə gəlmişdi. Gəlişi ilə çoxlu dəyişikliklər edən ulu öndər, eyni zamanda, Azərbaycanda yeni bir universitet yaratdı - Heydər Əliyev universiteti. Mən də daxil olmaqla, çoxsaylı gənci SSRİ-nin aparıcı ali məktəblərinə göndərdi. Mən özümü onun yetirməsi hesab edirəm. Moskva Dövlət Universitetində oxuyanda həmişə gəlib bizlə görüşər, problemlərimizlə maraqlanardı. Mənim həyatımda o mühüm hadisənin çox böyük rolu olmuşdur. Sonralar onun hər bir Azərbaycan ziyalısının hiss etdiyi qayğılarını dəfələrlə görmüşəm. 1999-cu ildə isə mənə onunla ilk dəfə bir saata yaxın söhbət etmək nəsib olub. Bu insanın yüksək intellekti, sirayətedici nüfuzu, dərin və mənalı baxışları məni valeh etdi. Məni universitetə rektor göndərmək üçün dəvət etmişdi, həmin görüşdə BDU-ya nə qədər yaxından bələd olmasına heyrət etdim. Mən tələbəlikdən burada müxtəlif vəzifələrdə olmuş bir adam kimi özümü Universiteti, onun əməkdaşlarını yaxından tanıyan hesab edirdim, ancaq Heydər Əliyevin verdiyi suallar, səsləndirdiyi fikirlər məndə özümə şübhə hissi yaratdı, görəsən BDU-da mən 30 il işləmişəm, yoxsa ulu öndər? Təəccübləndim ki, dünyanın yüzlərlə məhşur siyasətçisi ilə görüşən, nə qədər keşməkeşli ömür yaşayan, minlərlə tarixi hadisələrin şahidi olan bu nəhəng insan Universiteti necə də yaxından tanıyır?!
- Maraqlıdır, bəzən, digər universitetlər barədə yayılan vacib xəbərlər belə marağı cəlb etmədiyi halda, BDU-da baş verən ən xırda hadisə də gündəm yaradır. Bunun səbəbini nədə görürsünüz?
- Hər şeydən əlavə, Bakı Dövlət Universiteti Azərbaycanın ilk ali təhsil ocağıdır, tələbə və müəllimlərin sayı çoxdur. Məscidə gedərkən öncə onun qülləsinə, dağa gedərkən zirvəsinə baxırlar. BDU da elm və təhsil zirvəsində olduğuna görə hamının diqqətini tez cəlb edir.
- Cəmiyyətdə və mediada sizin təhsil naziri vəzifəsinə təyin olunacağınız barədə tez-tez məlumatlar yayılır. Ümumiyyətlə, Azərbaycan Respublikasının Təhsil Naziri olmaq barədə düşünmüsünüzmü?
- O adam xoşbəxtdir ki, o vəzifəni yox, vəzifə onu tapır. Əgər insan vəzifə axtarırsa, deməli, o bunun məsuliyyətini dərk etmir. Təhsil çox məsuliyyətli sahədir. Təhsil naziri elə şəxs təyin olunmalıdır ki, məsuliyyəti çiyinlərinə götürə bilsin. Mən qətiyyən belə bir şey haqqında fikirləşmirəm.
-Abel müəllim, uzun müddətdir ki, mediaya müsahibə vermirsiniz. Bunun səbəbi nədir?
- Müsahibəni sizin sayta saxlamışdım (gülür).