Mailə Muradxanlı həyatda çiyninə düşən məsuliyyəti
ləyaqətlə yerinə yetirmiş bir şəxsiyyətdir

 

Muradxanlının qızı, jurnalist həmkarımız Lalə Əliyeva:

"Mailə Muradxanlı kimi şəxsiyətlərə indi çox böyük ehtiyac var"

 "Anamın ən qiymətli keyfiyyəti onun hələ tanınmayan istedadları mədəniyyətə, cəmiyyətə təqdim etmək qabiliyyəti idi"

 Mailə Muradxanlının həyatını, yaradıcılığını araşdıranda böyük bir arxivlə üzləşirsən: Azərbaycan radiosunun Qızıl Fondunda qorunan verilişlər, televiziya layihələri, sənədli filmlər, bədii tərcümələr, ssenarilər, publisistika... Hələ buna Mailə xanımın Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində verdiyi dərsləri, master klasları da əlavə eləsək, belə bir təsəvvür yaranır ki, o mədəniyyətin, jurnalistikanın bütün sferalarında fəaliyyətdə olub. Bir qadın üçün bütün bunları çatdırmaq, həm də hər sahədə birincilərdən olmaq çətin deyildimi? Bu suallara cavab tapmaq üçün Azərbaycanan tanınmış jurnalisti, özündən sonra böyük bir məktəb qoyub gedən Mailə xanım Muradxanlının qızı, jurnalist həmkarımız Lalə Əliyeva ilə görüşdük:

-Cavabım sizə bəlkə də təəccüblü görünəcək: xeyir, anam üçün bunların heç biri çətin deyildi. O öz sənətinin peşəkarı, əsil fədai idi. Onun müasirləri, kolleqaları da sözlərimi təsdiq edərlər - anam nəinki bütün bunların öhdəsindən əla gəlirdi... O, həm də öz işini gülə-gülə, fərəhlə, çevrəsindəki bütün insanlara əsil bayram ovqatı yaşadaraq görürdü. O, lider idi! Bəs bu qədər enerjini hardan alırdı, soruşsanız, bax, onda cavab verməkdə çətinlik çəkərəm... Bəlkə də bu bir missiya idi. Həyatda missiyasını dərk edən insanlara qeyri-adi güc-qüvvət, səbr, təmkin də verilir axı. Bu mənada, başqaları kimi mənim də özümə ustad bildiyim Mailə Muradxanlı həyatda çiyninə düşən məsuliyyəti ləyaqətlə yerinə yetirmiş və özünü tam ifadə etmiş bir şəxsiyyətdir.

-Mailə xanım haqqında danışan hər kəs "O, bir məktəb idi" deyir. Bu məktəbin özəlliyi nə idi?

-Jurnalist üçün məktəb auditoriya, partalar, yazı taxtası deyil əlbəttə. Jurnalistin məktəbi həyatdır, informasiyadır, yəni jurnalist çalışa-çalışa, işləyə-işləyə, peşəsində təkmilləşərək bir mərhələdən başqasına keçir. Belə bir məktəbdə əsil müəllimlər bilirsizmi kimlər sayılır? Böyük təcrübəsi olan, bərkdən-boşdan çıxan, adını təsdiqləyən, peşə nüfuzunu qoruyan insanlar. Anam hər halı ilə məktəb, nümunə idi.

Sözünü vaxtında və yerində, həm də ötkəmcəsinə, arxayınllıqla deyirdi, geri çəkilmirdi, əminliyi vardı - belə ki, yüksək vəzifəli adamlar da, arsızlar, həyasızlar da anamın hökum qarşısında muma dönürdülər. Çünki yalanı göydə tutudu, həqiqinı qəlpdən dərhal aylırır, istedadlı adamları qoruyurdu, gözəl rəftarı, yumor hissi vardı - müdrik qadın idi. Onun adı hələ sağlığında brend idi. Mailə Muradxanlı məktəbini keçənlər ona bənzəməyə çalışırdılar, vəssalam. İnanın ki, mənim özümə də xüsusi öyüd-nəsihətlər verməyib anam. Sadəcə, ona baxıb həyatı, insanları, peşəmi öyrənirdim. Hərçənd yazıya münasibətimlə anama bənzəsəm də, xasiyyətdə, anam tanımaqda, cəsarətdə ona çatmağıma çox var. Mailə Muradxanlı çox güclü insan idi.

-Müasir radionun, televiziyanın ifadə dili çox bəsitdir; indiki aparıcıların söhbətlərini, suallarını dinləyəndə dilimizi tanımaq olmur. Halbuki vaxtilə televiziya və radio nitq mədəniyyətinin aşılandığı tribuna sayılıb. Mailə xanımı görən, eşidən tamaşaçılarsa onun rəvan nitqinin, gözəl səsinin hələ də xiffətini çəkirlər. Bu istedad onda hardan idi, valideynlərindənmi keçmişdi?

-Babam Balabəy Muradxanov rus dili müəllimi olub. Anam danışardı kI, müharibə illərində babam hər axşam darısqal mənzilində böyük ailəsini bir yerə yığar, şam işığında onlara klassiklərin qəzəllərindən oxuyar, məşhur dramaturqların pyeslərindəki obrazları uşaqlar arasında bölər, əsil tamaşa ab-havası yaradarmış...

Əlbəttə, bu sıcaq ailə məclisləri anama təsirini göstərmişdi. Sonralar Azərbaycanın məşhur aktyorları - Həsənağa Turabov, Həsən Əbluc, Səməndər Rzayev, Şahmar Ələkbərov və s. efirdəki "poeziya gecələri" üçün əruz vəznində şeirlər səsləndirərkən anamdan dərs alırdılar... Sualınıza gəlincə, bəli, vaxtilə televiziya nümunəvi azərbaycan dilini təbliğ edirdi. Yadımdadır ki, anamla rayonlara ezamiyyətə gedərkən, ən sadə kəndlilərin də Mailə Muradxanlı ilə ədəbi dildə danışdıqlarına şahid olmuşam. İndi isə əksinədir - aparıcılar reytinq qazanmaq üçün cürbəcür ləhcələrə keçirlər, savadlı, ədəbi dil həqiqətən də unudulmaqdadır.

-Muradxanlı soyadının yəqin ki öz tarixi var?

-Bəli, Muradxanlılar böyük şəcərədir. Anam soyadları haqqında kitabı bizə fəxrlə göstərərdi, tez-tez zarafatla: "biz Murad Hasil bəyin nəvələriyik" deyərdi. Şəxsən mən, sxemlər və xəritələrlə zəngin olan o qalın kitabdan öz dogma babamdan başqa bir də məşhur pedaqoq Mərdan Muradxanovu  tanıyırdım.

Uzun illər Pedaqoji İnstitutlarda, məktəblərdə kitabları dərslik kimi tədris olunan Mərdan Muradxanov babam Balabəy Muradxanovun əmisi oğlu olub. Güman ki, anamdakı pedaqoqluq istedadı da soyadından gəlib. Amma əsas bilirsiz nəydi? Mailə Muradxanlının xarizması vardı. Qardaşım danışırdı ki, o əsgərlikdə olanda, "qapalı şəhər" sayılan Sevastopolun qapıları SSRİ Jurnalistlər İttifaqının üzvü Mailə Muradxanlının üzünə taybatay açılıbmış və hətta ordu generalları da amiranə baxışlı anamı hərbçi salamı ilə salamlayırlarmış.

-Mailə xanım uzun illər Dövlət Radiosunda Ədəbi Dram verilişləri redaksiyasının baş redaktoru olub. Bu o deməkdir ki, o zamanın bütün şairlərinin, yazarlarının onunla şəxsi tanışlığı olub. Maraqlıdır, Mailə xanımın ən çox bəyəndiyi yazarlar kimlər idi?

-Bəli, elədir, anamdan mənə miras qalan zəngin kitabxanada tanıdığımız bütün məşhur yazarlar öz kitablarını anama avtoqrafla hədiyyə ediblər. Anam bu kitablardan ədəbi kompozisiyalar, radio tamaşalar hazırlayar, təbii ki, kitablardan ən dəyərli nümunələri seçər, adlı-sanlı müəlliflər arasında fərq qoymazdı.

Anamın mənim üçün ən qiymətli keyfiyyəti isə onun hələ tanınmayan istedadları mədəniyyətə, cəmiyyətə təqdim etmək qabiliyyəti idi.  Dövrün ən sağlam qüvvələri anamın ətrafına toplaşmışdılar, bu əsil yaradıcı mühit idi. İndi yaşı 50-yə çatan hansı məşhurdan yazardan, aktyordan, ziyalıdan "Mailə Muradxanlı kimdir?" soruşsaz, şübhə etmirəm ki, "O, bir ocaq idi" cavabını verəcəklər. Anamın məhz bu keyfiyyətini tam incələyəndən sonra anladım ki, istedadlı çevrədə görülən dəyərli işlər yaddaşda qalır-insanın adını həm məşhur, həm də ölməz edən onun xeyirxah əməlləri, özündən sonra qoyduğu xoş xatirələr, ürəkdən edilən dualardır...

-Belə məşğul bir insan həm də iki övlad anasıydı. Ana kimi də zəhmli idimi Mailə xanım?

-Anamın zəhmi yalnız iradəsiz, istedadsız adamlara aid idi, yaxınlarıyla sadəcə, dostluq edirdi. Elə qardaşımla mənimçün də o ən əvvəl etibarlı dost idi. Səhərlər anamın zümzüməsinə, radiodan gələn mahnı səsinə yuxudan oyanardıq. Günortalar dərsdən gəlməkçün bizə hökmən məktub yazar, axırına iki dovşan şəkli çəkərək məşhur imzasını qoyardı...Yəqin düşünürsüz Mailə xanım iki uşağına necə baxıb, ev işləri görməyə nə vaxt macal tapıb. İndi gözünüzün qabağına qonaqlı-qaralı bir ev gətirin, çünki evimizin qonaqsız vaxtını xatırlamıram. Anam bütün nəslimizə böyüklük edirdi, evimiz adamla dolub daşırdı, xüsusilə cavanlar bizdə qalmaq üçün yarışardılar. Anam işdən qayıdanda maraqlı əhvalatlar danışar, hamını güldürər, böyük süfrələr açardı axı. Ailəmizdə bir qanun da vardı: hər həftənin istirahət günləri böyükləri ziyarətə gedərdik.

Nənəmin, xalamın həyətindəki tut ağaclarının altında  məclislər qurulardı, gəl görəsən. Bütün ağsaqqalların, nəvə-nəticənin toplaşdığı bu məclislərin mətbəx hissəsinə də anam şəxsən nəzarət edərdi - ya oxlovu əlinə alıb xəmir yayar, gah qazanı qarışdırardı. Ailəmizin nə qədər böyük olduğunu hiss edərdik. Deyib-gülən, rəqs edən,  mahnı oxuyan kim. Hamı həftə sonu anamın gəlişini bayram kimi gözləyirdi. Hamıya yemək də çatırdı, çay da. Süfrəmizin bərəkəti vardı onda...               

-Siz özünüz də jurnalistsiniz. Bu peşəni seçmənizə ananızmı israr etdi?

-Başqa hansı peşəni seçəcəkdim ki? Dilim söz tutandan kağıza "veriliş" demişəm, ağlım kəsəndən mədəniyyətin içində olmuşam. Bir çoxlarının xalq artisti, magikan kimi tanıdığı insanlara "xala", "əmi", "dayı" demişəm. Yazı yazmaq, redaktə mənə anamın qanıyla keçib. Qardaşım Elxan Cəfərov isə rejissordur - heç o da peşə seçərkən çox düşünməli olmayıb. Biz 5-6 yaşından "Azərbaycanfilm" kinostudiyasının binasında yaşamışıq. Elxan uşaqkən filmlərə çəkilib ("Şir evdən getdi", "Hazır olun, əlahəzrət" və s.), məşhurlaşıb. Yəni hər kəsi yetişdirən bir mühit olur. Mənim anamsa nəinki bizim, bütöv bir sənətkar nəslinin yetişməsi üçün münbit mühit yaradanlardan idi.

-Ömrünün sonuna yaxın Mailə xanım "Zərif çərşənbə" layihəsində çalışdı. Bu layihədə onun maraqlı pozisiyası vardı - hər kəsə nəsihət verən müdrik qadın.  Bu deyəsən yeganı veriliş idi ki, Mailə Muradxanlı orada müəllifi deyil, iştirakçı idi.

-Bəli, layihənin müəllifi Sevil Nuriyeva idi. Əlbəttə, anamı bu layihədə iştiraka razı salmaq asan başa gəlməmişdi, deyirdi "qocalmışam, efirlik deyiləm". Amma cəmi bir ay sonra işə elə aludə oldu ki, "Zərif çərşənbə"nin xanımları bir çiçək çələnginə bənzədilər, hərənin öz yeri, öz ətri vardı. Siz işə baxın ki, anam rəhmətə gedəndən 40 gün sonra efirə hələ də onun iştirakı ilə yeni verilişlər gedirdi. Heç kim Mailə Muradxanlının ölümünə inanmırdı. Bu anama çox yaraşırdı, çünki o həmişə canlı obraz olub, yaddaşlarda da belə qalmalıydı əlbət...

-Mailə xanımı tanıyanların hər birinin yaddaşında onunla bağlı  çoxlu xatirələr var. Bəs sizin yadınızda nələr qalıb? Ananızı düşünəndə ən əvvəl hansı xatirə yada düşür?

-Haqlısız, Mailə Muradxanlının aforizmlərindən, hikmət və nəsihətlərindən bir kitab yazmaq olar. Günü bu gün Dövlət Teleradio Şirkətində anamın hər vəziyyətə, hər söhbətə uyğun bir məzəli kəlamı xatırlanır, bilirəm. Dostları, tanışları hələ də "heyif Mailə xanımdan, yeri görünür" deyirlər...

Mənsə indi anamın redaksiyasında 8 mart münasibətilə buraxılan divar qəzetindəki dostluq şarjını xatırladım. Mənasız, məzmunsuz, zay verilişlərin üstünə sadəcə "quş" qoyub müəllifinə geri qaytaran, efiri yalnız keyfiyyətli məhsula layiq bilən  anam üçün belə bir misra yazılmışdı: "Verilişlərə "quş" qoymaq düşübdür azarına, Belə getsə, Komitə dönər "quş bazarı"na...  Söhbətimizə müasir televiziya, radio mənzərəsi ilə başladıq deyə, bu əhvalat yadıma düşdü. Həqiqətən də, Mailə Muradxanlı kimi şəxsiyətlərə indi çox böyük ehtiyac var.

 

Fərəh Orucova

0.12983703613281