"Səbail"in mövqeyi ürəkaçan deyil" - Yeni baş məşqçidən ilk açıqlama

 

"Səbail" kimi bir kluba baş məşqçi təyin olduğum üçün xoşbəxtəm.

Demokratikmusavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi təyin olunan Cavid Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O, təyinatı ilə bağlı danışıb:

"Səbail" kimi kollektivdə fəaliyyət göstərmək və bu klubun uğurları üçün çalışmaq hər bir məşqçinin arzusudur. Buraya gəldiyim üçün xoşbəxtəm".

Azərbaycan millisinin sabiq futbolçusu komandanın qarşısına qoyulan hədəflərdən bəhs edib:

"Reallıq odur ki, komandamızın turnir cədvəlində yer aldığı mövqe ürəkaçan deyil. Bu səbəbdən əsas məqsəd Premyer Liqadakı yerimizi qorumaq olacaq. Düşünürəm ki, mübariz kollektiv sayəsində bu çətin missiyanın öhtəsindən gələcəyik".

C.Hüseynov "Səbail"in heyətində yer alan futbolçuların yüksək potensiala malik olduqlarını bildirib:

"Mənə bu klubda işləməklə bağlı təklif gələndə bəzi şəxslərlə söhbətləşdim. Həqiqətən gördüm ki, komandada istedadlı oyunçular çoxluq təşkil edir. "Turan Tovuz"da köməkçi məşqçi kimi çalışanda rəqib olaraq "Səbail"i təhlil edəndə də potensialın yüksək olduğunu hiss edirdim".

Qeyd edək ki, gənc mütəxəssis paytaxt təmsilçisi ilə yollarını ayıran Şahin Diniyevi əvəzləyib. "Dənizçilər" C.Hüseynovla 2025/2026 mövsümünün sonunadək müqavilə imzalayıb.

0.14619898796082