DÜNYA YALAN DÜNYADI
(“Qısa qeydlər” silsiləsindən)

 

Məlum olduğu kimi, Dünya əhalisinin, az qala üçdən biri siqaret çəkir, bunun da üçdən biri yaxşı siqaret çəkir. Hazırda bu hardasa gündə 1-2 milyard, ildə 500 milyard qutu siqaret deməkdir. Alimlər hesablayıblar ki, əgər Yer kürəsinin bütün münbit torpaqlarında tütün əkilsəydi belə, bu qədər siqaret istehsal etmək olmazdı. Deməli, dünyada istehsal edilən siqaretlərin, ən azı yarısı tütündən yox, başqa bir zaddan hazırlanır. Molla demiş, bu pişikdirsə, ət hanı, ətdirsə, pişik hanı?!

Eyni sözləri dünya əhalisinin, az qala yarısının içdiyi şərab və pivə haqqında da demək olar. Əgər Yer kürəsinin bütün münbit torpaqlarında üzüm və arpa əkilsəydi, yenə bu qədər şərab və pivə istehsal etmək olmazdı. Belə çıxır ki, dünya əhalisinin içdiyi şərabın da, pivənin də, çəkdiyi siqaret kimi, yarısı təbii yolla əldə edilmir, adi (yəni zərərli) kimyavi maddələrdir. Xahiş edirəm, siqaret çəkənlər də, şərab, pivə içənlər də bunu nəzərə alsınlar. Mərhum Leonid Brejnev demişkən, adam siqaret çəkməz, çaxır içməz, içəndə də təmiz araq içər...

Nəhayət tamaşaçıları (pardon, oxucuları) intizarda qoymayım, keçim doğma Vətənimizə. Siqaret və şərab haqqında dediklərim təbii ki, bizim Azərbaycana da aiddir. Amma diqqəti kölgədə qalan məsələlərə yönəltmək istəyirəm. Gənclik illərimdə Gədəbəydə bir neçə il işləmişəm, rayonun təbiətinə yaxından bələdəm. Gədəbəydə 5-6 kiçik dağ çayı axır, bütün sularını yığsaq, heç gəlib Gəncəyə çatmaz. Amma Bakıda hara baxırsan, “Slavyanka” suyu görürsən. Eyni sözləri “Damla” (Qazax) və “Şahdağ” (Quba) suları haqqında da demək olar. Və günün sualı yaranır: BU SULAR HARDAN QABLANIR?!

Daha bariz bir misal. Hamı bilir ki, İsmayıllı rayonunda yerli malakanların yaşadığı “İvanovka” kolxozu var və bu kolxoz kənd təsərrüfatı məhsulları istehsal edir. Bakının mərkəzində, Nizami küçəsində bu kolxozun samballı bir mağazası da vardı, əsasən də süd məhsulları satardı. Artıq 7-8 ildir ki, “İvanovka” kolxozu bankrot olub, həmin mağazanı da satıb. Amma Bakıda hansı böyük marketə girirsən, “İsmayıllı”, “İvanovka” brendli süd məhsullarını görürsən. Günün sualı yenə yaranır: BU MƏHSULLAR HARDAN QABLANIR?!

Dostlar, sizi yormaq istəmirəm, sadəcə demək istəyirəm ki, Dünya yaman Dünyadı, hər addımda yalan Dünyadı...

Qalib ARİF

Demokratikmusavat.com 

0.15446996688843