Prezident Müqəddəs Taxt-Tacın Dövlət katibi və Albaniya Baş naziri ilə görüşüb - YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Albaniya Respublikasının Baş naziri Edi Rama ilə görüşüb.

Demokratikmusavat.com xəbər verir ki, görüşdə əvvəlcə SOCAR, Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi və “Albgaz” şirkəti arasında Anlaşma Memorandumu imzalandı. SOCAR-ın həyata keçirəcəyi bu layihə Albaniyanın Korça şəhərində kömürdən və oduncaqdan istifadənin qarşısını alaraq dekarbonizasiya prosesinə ciddi töhfə verəcək və beləliklə, bu, dekarbonizasiyaya xidmət edən layihə olacaq.

Söhbət zamanı Albaniyanın Baş naziri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyevə dolğun və məzmunlu çıxışına görə təşəkkür etdi.

Azərbaycan ilə Albaniya arasında münasibətlərimizin mövcud vəziyyətindən məmnunluq bildirildi, əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu, turizm, investisiyalar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinə göstərdiyi qarşılıqlı dəstək yüksək qiymətləndirildi və təqdir olundu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.

Demokratikmusavat.com xəbər verir ki, söhbət zamanı Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dostluq və harmoniya şəraitində yaşamaları məmnunluqla qeyd olundu.

Dövlətimizin başçısı vurğuladı ki, ölkəmizdə multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, eyni zamanda, bizim həyat tərzimizdir.

Müqəddəs Taxt-Tacın Dövlət katibi Azərbaycanda ikinci Katolik kilsəsinin layihələndirilməsi və tikilməsi prosesinə görə təşəkkürünü bildirdi. Bu, ölkəmizdə multikulturalizmə və dinlərarası dialoqa verilən töhfənin nümunəsi kimi dəyərləndirildi.

Prezident İlham Əliyev qədim xristian irsi olan Alban irsinin də Azərbaycanda dövlət tərəfindən qorunduğunu dedi və ölkəmizin ən erkən və qədim xristian icmalarının yaşadığı məkan olduğunu vurğuladı.

Görüşdə Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun Vatikanda və dünyanın müxtəlif regionlarında xristian irsinin bərpasına verdiyi töhfə yüksək qiymətləndirildi.

Azərbaycan ilə Vatikan arasında əlaqələrdən məmnunluq ifadə olundu, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Bundan əlavə, dövlətimizin başçısı noyabrın 12-də Albaniya Respublikasının Baş naziri Edi Rama ilə görüşüb.

0.15966987609863