Mən səndən çox şey öyrəndim - DƏNİZ

 

Sahilə düşəndə ürəyinin yarısını, ruhunun isə tamamını gəmidə  "UNUTMAYANLARA" dənizçi deməzlər.
Səninlə bir arada olmaq, bir ömürü paylaşmaq çətin olduğu qədər də qürur vericidir. Dənizçilik haqqında bir aforizm var:- ``Dəniz, ən böyük müəllimdir, heç nə öyrənmək istəməyənlərə də, nə isə öyrədir``... Bunu nəzərə alarsaq, mən səndən çox şey öyrəndim. Ancaq öyrəndiklərimin, mənə öyrətdiklərinin içində ən vacib olanı əyilməzlik, dik durmaq idi ki, bunu da öz sarsılmaz əzəmətinlə sən öyrətdin.. Qəbul etsəm də, etməsəm də sən mənim ən sadiq və ayrılmaz dostumsan. Sən o, dostsan ki, nə qədər əzab verirsən ver, nə qədər incidirsən incit, yenə də səndən ayrılmaq olmur...Sən xəyanət etməyən dostsan.. Sən incidirsən, amma incələn yerdən üzmürsən... Qısacası başımın ən şirin bəlasısan… Sənə baxmaqdan doymuram, Sənə aşiqəm DƏNİZ...
Başıma gələn hər cür bəlada, ən çətin günlərim də, hər ürəyim sıxıldığında aləmlərin Rəbbi olan Uca Allahıma (c.c) sığındım. Dərdlərimi Ona danışdım, amma ürəyimi sənə açdım... Ürəyimdən zatən Onun xəbəri var… Ana kitabda da deyildiyi kimi`` Allah qəlbləri bilir, biləndir``… Ən çətin, acılı günlərimdə, Onun ağuşunda və sənin qoynunda təskinlik tapdım... Təravətli qoxunla ovundum... Dərdlərimi yorulmadan, uf belə demədən səbirlə dinlədin... Yorğun düşmüş ruhumu oxşadın... Qəm dolu ürəyimə sığal çəkdin... Qəlbimin tellərini köklədin, ah çəkən yanğılı sazı kimi... Göz yaşlarımı limanda ürəyimə, gəmidə sənə axıtdım... Çünki, yanımıda Allahdan(c.c) və səndən başqa kimsə yox idi, dərdimi dinləməyə... Əslində, sənə axıtdığım göz yaşlarım səndən dəfələrcə çoxdur... Gəmidə olmadığım günlərdə də, hər ürəyim sıxıldığında yenə sənə qaçdım... Çünki, məni, Rəbbim və sənin qədər anlayan kimsə yoxdur və olmadıda!.
Kim bilir, bəlkədə sənin bu qədər duzlu olmağına səbəb sənə axıdılan göz yaşlarımdır... Ancaq sən, yenə sən... Uca Allahın sənə bəxş etdiyi əzəmətlə və əmanətə sadiqliqlik ənənənə uyğun olaraq göz yaşlarımı gizlətmək üçün onu öz suyunda gizlicə yudun arıtdın...
Ernest Heminquey deyirki, - ``Dənizlər dünyanın azad qalmış son yerləridir``. Məndə azad ruhlu olduğum və azadlığı hədsiz sevdiyim üşün sənsiz dura bilmirəm. Sən ey, azadlıq aşiqi məni, azadlığa çıxardan… Ruhuma hədsiz azadlıq və aram verən sevgili canan…Sən ey, mənim dərd ortağım... Sən ey, mənim ``ruhumun, qida yeri``... ``Nitqimin, nida yeri``... `` Sevgimin, əda yeri``... Qəm dolu `` Könlümün, səda yeri``... Sən ey, ruhumu oxşayan Dəniz... Sən ey, ruhuma oxşayan Dəniz... Sən ey, anamdan uzaqlarda olduğum günlərdə mənə ana kimi laylay deyən... Sən ey, cansız sayılan, ancaq canlı kimi nəfəs alan... Sən ey, ovqatımı yüksək tutan... Ruh verib ruhlandıran... Sən ey, öz içində heç bir pisliyə, çirkaba yer ayırmayan.... Sən ey, mənim sevgili Allahımın mənə ən böyük hədiyyəsi... Sənin kimi əzəmətli dostum olduğu üçün Allahıma (c.c) sonsuz şükürlər olsun...
Əzizim, adına yüzlərlə şeirlər, romanlar yazıldı, şərqilər qoşuldu. Sənə duyulan nəcib sevgi mürəkkəblə, kağızla ifadə edilməyə çalışıldı. Ancaq sənin haqqında yazılan heç bir yazı sənin tamamını tərənnüm edə bilmədi. Allah (c.c) sənə elə bir gözəllik verib ki, səni kimsə tam vəsf edə bilmədi... Çünki, O, sənin vücudunda o qədər gizlilik yaradıb ki, onları aşkara çıxartmaq sadəcə Onun əlindədir. Hətta öz səmavi kitablarında belə sənə yer ayırmaqdan çəkinmədi. Sənin haqqında çox söz yazmaq olar... Bəzən sənin haqqında nəsə yazmağa qələm belə acizdir DƏNİZ...

Dəniz elə nazli ki, deyir, ancaq sev məni...
Dəniz Leyli kimidir, aşiq edir sevəni...

"Mavi Mərmərə"

Müəllif : Məhərrəm Orucsoy 

Demokratikmusavat.com 

 

0.1630859375