"Şəxsiyyət vəsiqəsinin surətinin tələb edilməsi qadağan olunmalıdır".
Demokratikmusavat.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti, İT üzrə ekspert Osman Gündüz bildirib. O, bir müddət öncə qanunvericilikdə olan əhəmiyyətli dəyişikliyi xatırladıb:
“Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, nigah və ölüm haqqında şəhadətnamənin rəqəmsal versiyalarının da hüquqi statusu təsdiqlənib.
Yəni, əgər vətəndaş “myGov” vasitəsilə şəxsi və digər məlumatlarını təqdim edirsə, bu artıq sadə bir məlumat deyil, rəqəmsal bir sənəddir.
Amma, buna baxmayaraq yenə də bəzi yerlərdə fiziki şəxsiyyət vəsiqələrinin və digər sənədlərin surətləri tələb edilir, yaxud da bəzi qurumlar heç lazım olmasa da, belə sənədlərin surətlərini çıxarıb saxlayırlar”.
O.Gündüz həmçinin əlavə edib ki, inzibati binalara girişdə şəxsiyyət vəsiqəsinin götürülərək saxlanması da düzgün deyil:
“Bəzi dövlət qurumları isə hələ də inzibati binaya girişdə fiziki şəxsiyyət vəsiqəsi tələb edirlər, hətta bəziləri vətəndaş binanı tərk edincə fiziki vəsiqələrini özlərində saxlayırlar. Bütün bunlar isə yolverilməzdir.
Düşünürəm ki, yuxarıda adı çəkilən dəyişiklikdən sonra ölkədə rəqəmsal transformasiyanın sürətlənməsi və fərdi məlumatların təhlükəsizliyinin qorunması üçün şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və nigah şəhadətnaməsinin surətlərinin tələb edilməsi ümumiyyətlə qadağan olunmalıdır.
Bununla bağlı qanunvericiliyə müvafiq əlavənin edilməsi faydalı olardı”.
Billurə