Ötən gecə baş tutan "Qızıl Top" mükafatlandırma mərasimi son illərin ən qalmaqallı tədbirlərindən biri olub.
Demokratikmusavat.com Offsideplus.az-a istinadən xəbər verir ki, sıralamada Rodri birinci, Vinisius Junior və Cud Bellinqem isə ikinci və üçüncü gəlib. Bu qərarla razılaşmayan "Real Madrid" klubu heç bir üzvünü prestijli tədbirə yollamayıb. Bəs bu il təqdim olunan "Qızıl Top"da hansı kriteriyalar əsas götürülüb? Bunlar aşağıdakılardır:
1. Fərdi performans, əzmkar və güclü xarakter
2. Komanda performansı və nailiyyətləri
3. Klass və feyr-pley
Beləliklə, "Mançester Siti" ilə İngiltərə Premyer Liqası çempionu və İspaniya millisində bu yay keçirilən Avropa çempionatının qalibi olan Rodri prestijli mükafata da sahib çıxıb. O, AÇ-2024-ün ən yaxşı oyunçusu seçilib. Bundan əlavə, 2023-24 mövsümündə UEFA Super Kubokunu və Klublararası Dünya Kubokunu qazanıb. İspan yarımmüdafiəçi 63 oyuna 12 qol vurub, 14 assist verib.
İkinci yerdə qərarlaşan Vinisius Junior isə ötən mövsüm "Real Madrid" klubu ilə Çempionlar Liqası, İspaniya La Liqasını, İspaniya Super Kubokunu əldə edib. Braziliya millisində cəmi 2 qol vuran vinger yığma ilə uğur qazana bilməyib. Ötən mövsüm 39 oyuna 24 qol və 11 assistə imza atsa da, Vinisiusun bu göstəricisi Avropada Lautaro Martinesin statistikasından belə geri qalır (35 qol, 8 assist).