"Siemens" rəsmisi: "Almaniyaya sərmayə qoymaq mənasızlaşır"

 

"İndi Almaniyaya investisiya qoymağın xeyrinə heç bir səbəb yoxdur. Ona görə də bizim son sərmayələrimiz əsasən xaricə yatırılıb".

Demokratikmusavat.com xəbər verir ki, bunu Almaniya Bundestaqının maliyyə komitəsinin açıq iclasında "Siemens" şirkətinin vergi departamentinin müdiri Kristian Kaser deyib.

"Siemens" 320 minə yaxın işçisi və 77,8 milyard avro dövriyyəsi ilə ən böyük alman şirkətlərindən biridir. Almaniya Xristian Demokrat İttifaqının (CDU) Kiçik və Orta Müəssisələr Komitəsinin sədri Gitta Konnemann "Siemens" menecerinin fikri ilə razılaşıb. O, "Bild"ə açıqlamasında deyib: "Təəssüf ki, təhlil düzgündür. Almaniya hələ də 3,3 milyon müəssisədən ibarət unikal bazaya malikdir, onların 99%-i kiçik və orta şirkətlərdir. Əvvəllər sürət zolağında idilərsə, bu gün yolun kənarında ilişib qalıblar. Onları böyük enerji qiymətləri, həddindən artıq vergi və ödənişlər, iflic edən bürokratiya və innovasiyaya qarşı düşmənçilik saxlayır".

Konnemann bildirib ki, enerji xərcləri, vergilər və ödənişlər azaldılmalıdır: "Və həddindən artıq tənzimləməni dayandırmaq lazımdır".

Alman mexanika mühəndisləri də pis istehsal şəraitinə görə Almaniyadan kütləvi köçün olacağı barədə xəbərdarlıq edərək, həyəcan təbili çalırlar. 

"Biz hələ sənayesizləşməmişik. Amma dərhal tədbir görməsək, bu baş verəcək. Sənayesizləşmə real təhlükədir", deyə Mexanika Mühəndisləri İttifaqının prezidenti Bertram Kavlat "Welt am Sonntag"a müsahibəsində bildirib.

Ölkənin iqtisadi reputasiyasına böyük zərbə vurulması faktı Almaniya Ticarət və Sənaye Palatasının sorğusu ilə təsdiqlənir. Sorğuda dünya üzrə 1250 şirkət iştirak edib və demək olar ki, yarısı (48%) Almaniyanın iqtisadi imicinin pisləşdiyini, 13% isə hətta əhəmiyyətli dərəcədə pisləşdiyini bildirib.(Qaynarinfo)

0.25321292877197