Qərb və İsrail niyə toqquşdu: 110 il əvvələ dayanan Osmanlı anlaşması

 

İsrailin təhlükəsiziliyini daha etibarlı şəkildə təmin edilməsi adı altında bölgədə həyata keçirdiyi hərbi əməliyyatların coğrafiyasını genişləndirməsi, Yaxın Şərq böhranının həllinə deyil, əksinə, bölgədəki oyunçular arasında ciddi fikir ayrılığı yaratmağa və böhranın dərinləşməsinə xidmət etməkdədir.

Qərbin Yaxın Şərqdəki əsas aktorlarının İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlardan fərqli olaraq Livanda "Hizbullah"a qarşı əməliyyat zamanı tamamilə fərqli bir mövqe sərgilədiyini görürük. Xüsusən də Fransa və Avropa İttifaqına üzv bəzi ölkələri İsrailin Livanda "Hizbullah"a qarşı əməliyyatlar aparmasına qarşı çıxıb İsrail ordusunu Livan ərazisini tərk edib atəşkəs əldə edilməsini tələb edirlər.
Aİ-nin doqquz cənub ölkəsi imzaladıqları birgə bəyanatda Silahlı Qüvvələr də daxil olmaqla Livana və xalqına davamlı dəstəyin müdafiəsini davam etdiriləcəklərini bəyan ediblər.  

İsrail -"Hizbullah" qarşıdurmasında Fransa İsrailə qarşı daha kəskin mövqeyi ilə seçilməkdədir. Hətta münasibətlər o həddə çatıb ki, tərəflər bir-birinə qarşı sərt ittihamlar səsləndirməkdədirlər. Makronun "Netanyahu unutmamalıdır ki, İsrail BMT qərarı ilə qurulub, ona görə də BMT-nin qərarlarına əməl etməlidir”, - ifadəsi bunun bariz nümunəsidir.

Fransanın İsrailə qarşı belə sərt mövqe sərgiləməsinin kökü XX əsrin əvvəlinə - Osmanlı dövlətinin çöküşü ərəfəsinə dayanır. Osmanlı ərazilərini öz nəzarətlərinə keçirmək üçün 1916-cı ilin mayında İngiltərə ilə Fransa arasında “Sayks-Picot” anlaşması imzalanır. Bu sənəd daha sonra isə çar Rusiyası tərəfindən ratifikasiya edilib. Anlaşmaya əsasən, Fransa Türkiyənin cənub-şərqinə, kürdlərin məskunladığı kompakt ərazilərə, Livana və Suriyaya nəzarət edəcəkdi. Düzdür, sonradan yaranmış geosiyasi reallıqlar  nəticəsində “Sayks-Picot” anlaşmasının müddəalarında dəyişiklik baş versə də, Fransanın Livan və Suriya üzərində nəzarəti təmin edilir. 

Yaxın Şərqin yenidən dizayn edilməsində Fransanın yaxından iştirakı da bununla bağlıdır. Baş verənləri belə ifadə etmək olar: Yaxın Şərqin yenidən dizaynı prosesi hələ XX əsrin əvvəlində Osmanlı ərazilərinə nəzarət uğrunda gedən mübarizənin davamıdır. Yaxın Şərqə nəzarət uğrunda mübarizəyə XX əsrin əvvəlində Osmanlı ərazilərinə nəzarət uğrunda gedən, lakin reallaşmayan planlarla yanaşı, yeniləri də daxildir.

Günümüzdə Yaxın Şərqdə gedən geosiyasi mübarizənin əsas iştirakçısı və hədəfi İrandır. XX əsrin sonunda İranda İslam inqilabının qələbə çalması ilə bölgədə yeni-yeni dini siyasi təşkilatlar yaranmağa başladı və Tehran bölgədə mövqeyini möhkəmlətmək, təsir dairəsini gücləndirmək üçün bundan maksimum faydalandı. Nəticədə İran Yaxın Şərqdə regional gücə çevrildi. Bu da təbii ki, təkcə Qərbi deyil, eyni zamanda İsrail və ərəb ölkələrini ciddi narahat edirdi və hazırda da edir. Bölgədəki münaqişə böhranının səbəblərindən biri də İranı zərərsizləşdirmək və planlarını həyata keçirməkdir. 
Yaxın Şərqdə baş verən hadisələrdə XX əsrin əvvəlində olduğu kimi, yenə də hədəf Türkiyədir. Bölgədəki münaqişə coğrafiyasının genişlənməsi və geosiyasi proseslər Türkiyənin də təhlükəsizliyinə, suverenliyinə ciddi təhdidlər yaradır.
Ankara və Tehran yaranmış situasiyada İslam ölkələrinin - bu tam olmasa da - Yaxın Şərq ölkələrinin həmrəyliyinə nail olmaq istiqamətində addımlar atsa da, nəticəsiz qaldı. Çünki bölgədəki ərəb ölkələri bu çağırışlara ciddi reaksiya vermədilər. 
Ərəb ölkələrinin də istər Qəzzada, istər Livanda "Hizbullah"a, istərsə Suriyada, istər Yəməndə husilərə qarşı həyata keçirilən əməliyyatlara seyrçi mövqe sərgiləməsinin kökündə İranın bölgədən sıxışdırılıb çıxarılması və zərərsizləşdirilməsi dayanır. 

Təbii ki, baş verən proseslər heç də tam şəkildə ərəb ölkələrinin maraqlarına cavab vermir. Ərəb ölkələrinin proseslərdə ciddi oyunçu kimi çıxış etməməsi və ya edə bilməməsinin əsas səbəblərindən biri Qərbin, İsrailin təsir dairəsində olmalarıdır. Digər səbəb isə ərəb ölkələri arasında yetərincə ixtilafların olması, bir çox hallarda əsassız iddialarla çıxış etmələridir. Qərb və İsrail də bundan bölgədəki maraqlarını təmin etmək üçün faydalanır. Odur ki, yaranmış şəraitdə bölgədəki oyunçular uzun perspektivə xidmət edən strategiya ilə yanaşı, real vəziyyətə uyğun qısa dövrü əhatə edən taktiki addımlardan da istifadə edirlər. Bu qısamüddətli taktiki addımlar zamanı hətta bir-birinə rəqib olan qüvvələr hansısa məsələdə vahid mövqe sərgiləyə bilirlər. Fransa və Avropanın bir çox ölkələri İranın, Türkiyənin bölgədə təsir gücünü zəiflətmək və gələcək planlarını reallaşdırmaqda ABŞ, İngiltərə, İsraillə vahid mövqedən çıxış etsə də, maraqlarına toxunan məsələdə isə əks qüvvələrlə də eyni mövqedən çıxış edirlər. Məsələn, Fransa və Avropanın bir çox ölkələri İsrailin hərbi əməliyyat coğrafiyasını Livan və Suriyada davam etdirməsində İran, Türkiyə, Rusiya ilə eyni cəbhədən çıxış edirlər. Bu yolla hər bir oyunçu həm manevr imkanını artırmaqla proseslərə öz xeyrinə dəyişməyə cəhd edir. Lakin sonucda kimin udub-uduzacağı bəlli deyil. Proseslərin dalana dirənməsi vəziyyəti sistemli böhrandan idarəolunmaz xaosa və fəlakətə sürükləyə bilər. Bu istisna deyil. 

Tehran İsrailin İrana mümkün hücumu zamanı Təl-Əvivə hava məkanını açan ölkələri təhdid edərək onların da strateji obyektlərə hücum etməsi barədə xəbərdarlığı bunun bariz nümunəsidir. Bir misal var, deyərlər: "Cəhənnəmə gedən özünə yoldaş axtarar". Düzdür, Tehran bununla qarşı tərəfi təhdid edir, amma digər tərəfdən hücum reallaşarsa, İran da son variant kimi prosesdə gücü çatacağı qədər cavab reaksiyası verməli olacaq. İsrail, ABŞ və ərəb ölkələri də İranın son anda belə bir addım ata biləcəyini istisna etmir. Ən azından Tehran ABŞ və İsrailə sarsıdıcı zərbə endirə bilməsə də, ərəb ölkələrinə belə zərbə endirə bilər. 

Mürtəza 
Demokratikmusavat.com

0.15289688110352