Politoloq: “Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması Azərbaycanla Ermənistan arasında yekun sülh sazişindən birbaşa asılıdır”
Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan iki ölkə arasında münasibətlərdə bir böyük maneənin olduğunu bəyan edib. Erməni diplomat “Dünyanın kəsişməsi: Təhlükəsizlik və Demokratiyanın vəhdəti” adlı forumda çıxışında qeyd edib ki, Ermənistanla münasibətləri normallaşdırmaq üçün Türkiyənin siyasi qərarının olmaması prosesə əngəl yaradır.
“Ermənistanla Türkiyə arasında münasibətlərin həlli prosesinin iki dövlət arasında qalması çox vacibdir. Razılaşma və barışıq iki fərqli şeydir. Bunlar dərin mövzulardır. Türkiyədə belə bir yanlış fikir var ki, erməni diasporu və ya erməni diasporunun mövqeyi Ermənistanla Türkiyə arasında münasibətlərin nizamlanmasına maneə olub və qalır. Bu yanaşma səhvdir. Bunun belə olmadığı bir neçə dəfə sübut edilib”, - Rubinyan vurğulayıb.
“Ermənistanla münasibətləri normallaşdırmaq üçün Türkiyədən siyasi qərar yoxdur. Sabah siyasi qərar verilsə, sabah da sərhədlər açılacaq”, - diplomat əlavə edib.
Rubinyan “Ermənistanla Türkiyə arasında münasibətlərin həlli prosesinin iki dövlət arasında qalması çox vacibdir” deməklə İrəvan bəyan etmək istəyir ki, Türkiyə ilə münasibətlərin normallaşması, sərhədlərin açılmasına Azərbaycan-Ermənistan münasibətləri aid olmamalıdır.
Azərbaycanlı analitiklər isə hesab edirlər ki, əslində rəsmi İrəvanın bu yanaşması səhvdir.
Politoloq Fikrət Sadıqov AYNA-ya bildirib ki, rəsmi İrəvan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması formatını Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması formatından ayırmaq istəyir: “Guya ki, bunlar ayrı-ayrı məsələlərdir. Amma Rubinyan da başa düşür ki, bu məsələlər ayrı deyil. Vaxtilə rəsmi Ankara bəyan edib ki, Qarabağ münaqişəsi həll olunmayaca, Azərbaycan-Ermənistan münasibətləri normallaşmayana qədər sərhədlər açılmayacaq, diplomatik münasibətlər qurulmayacaq. Rubinyan, Ermənistanın digər rəsmiləri bunu bilmirlər? Bilirlər və yaxşı başa düşürlər. Hələ mən onu demirəm ki, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları var, qondarma “soyqırımı”da ittiham edirlər və bu siyasət davam edir. Belə olan halda, Türkiyə sərhədlərini açmayacaq”.
“Ermənistan rəsmiləri, diplomat Rubinyan bu cür bəyanatlar verməklə nəyəsə nail olmağa çalışır. Bir növ, erməni hiyləsini işə salır. Amma problem aradan qalxmasa, istəklərinə çatmayacaqlar. Hesab edirəm ki, rəsmi İrəvan düşünməli, düzgün nəticə çıxarmalıdır”, - deyə analitik əlavə edib.
Politoloqun sözlərinə görə, Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması, diplomatik əlaqələrin bərpası Azərbaycanla Ermənistan arasında yekun sülh sazişindən birbaşa asılıdır: “Dediyim kimi, Ermənistanın hər iki ölkəyə - Azərbaycana da, Türkiyəyə də ərazi iddiası mövcuddur. Bu gün rəsmi İrəvan bu siyasətindən imtina etməyib. Ərazi iddiasından əl çəkməsi barədə hansısa addım atılmayıb. Düzdür, erməni rəsmilər bəyanatlarında ölkələrin ərazi bütövlüyünü tanıdıqlarını deyirlər. Onlara kim inansın? Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün bir söz, sabah başqa söz deyir. Faktiki olaraq Ermənistan Konstitusiyasında hüquqi baxımdan ərazi iddiası iddia aradan qalxmayıb. Ermənistan gerbində Ağrı dağının rəsmi var. Bunlar dəyişməyincə, münasibətlərin normallaşmasını gözləmək absurddur. Rubinyan da, digər erməni rəsmiləri də anlamalıdırlar ki, maneə Türkiyənin siyasi qərar verməməsi yox, Ermənistanın lazımi addımlar atmaması, siyasətini dəyişməməsidir”.
Müəllif: Turan Abdulla