160-a yaxın elektriklə çalışan avtobus alındı - Rəsmi

 

Artıq 160-a yaxın elektriklə çalışan avtobus aldıq və yaxın günlərdə ölkəyə gətiriləcək.

Demokratikmusavat.com Trend-ə istinadən xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aidə Bədəlova Bakıda İqlim Fəaliyyəti Həftəsinin (Baku Climate Action Week) ikinci günündə çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan karbon emissiyalarının azaldılmasına dair öhdəlik götürüb:

“Biz insanları dayanıqlı nəqliyyat vasitələrindən istifadəyə yönəldirik. Məqsədimiz şəxsi maşınların 30-40 faiz azaldılmasıdır. İnsanların ictimai nəqliyyatdan istifadə etməsini istəyirik. Yaxın 1-2 km məsafə üçün taksidən istifadəni məhdudlaşdırmağa çalışırıq.

Bundan başqa, biz smart texnologiyaların inteqrasiyası üzərində çalışırıq. Artıq 160-a yaxın elektriklə çalışan avtobus aldıq və yaxın günlərdə ölkəyə gətiriləcək. Bununla da ümid edirik ki, qarşımıza qoyduğumuz hədəflərə çatacağıq”, - deyə o bildirib.

Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşıl bacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

0.15633606910706