Milli suverenliyin bərpasına aparan savaş

 

Hər bir xalqın tarixində olduğu kimi Azərbaycan xalqının taleyində də acılı-şirinli günlər olmuşdur.

Tarix boyu yadellilərə boyun əyməyən xalqımız öz azadlığı və suverenliyi uğrunda ölüm-dirim savaşları aparmış, yenildiyi çağlarda belə özündə güc tapıb diz çökməmiş, verdiyi şəhidlərin qanı-canı bahasına öz dövlət müstəqilliyinə nail olmuşdur.
XX əsrin əvvəllərində babalarımızın qurduğu cümhuriyyət qısa zaman kəsiyində mövcud olsa da, bizim üçün ibrətamiz dərsləri olmuşdur. Əsrin sonunda dövlət müstəqilliyinin bərpası da qurbansız ötüşmədi, yenə də qan verməli olduq. Qeyri-bərabər müharibə gedişində ərazimizin 20 faizə qədəri işğal altına düşdü. Müstəqilliyə qovuşsaq da suverenliyin pozulması gənc respublikamızın beynəlxalq imicinə, yetişməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə mənfi təsir göstərdi.
Belə bir şəraitdə Respublika Prezidentinin 2020-ci il sentyabrın 27-də qəbul etdiyi siyasi qərar və atdığı qətiyyətli addım 44 günlük Vətən müharibəsinin zəfərlə başa çatmasına gətirib çıxardı. Lakin beynəlxalq hüquq normalarına hörmətlə yanaşan Azərbaycanın siyasi rəhbərliyi daha çox qan tökülməsinə yol verməmək üçün ərazimizdə mühasirəyə düşmüş 18 minlik düşmən hərbi hissələrinin dinc yolla tərksilah edilməsinə şərait yaratdı. Ancaq qarşı tərəfin müvafiq addımlar atmaması, yeni təxribatlar törətməsi qəhrəman milli ordumuzu qəti addımlar atmağa vadar etdi. Belə bir şəraitdə 2023-cü il sentyabrın 20-də milli ordumuz 23 saatlıq antiterror əməliyyatını həyata keçirdi. Yenə də şəhid verməli olduq. Erməni hərbi hissələri və onlara dəstək verən muzdlu terrorçu ünsürlərin zərərsizləşdirilməsi və tərksilah edilməsi prosesi başa çatdırıldı. Onların bir hissəsi məhv edildi, qalanları həmişə olduğu kimi, qaçıb getdi. Düşmənin 1 milyard dollarlıq silah-sursatı ələ keçirildi. Ötən il sentyabrın 20-də Azərbaycanın suvernliyinin bərpası Respublika Prezidentinin dediyi kimi, Azərbaycanın çağdaş tarixinin yeni mərhələsinin başlanğıcı oldu.
Beləliklə, 27 sentyabr Azərbaycan tarixinə Vətən müharibəsinin başlanğıc günü kimi daxil oldu. Bu müharibə Azərbaycan xalqının öz azadlığı uğrunda apardığı ədalətli savaş idi. Xalqımız üç mindən çox şəhidin və 15 mindən çox qazinin qanı bahasına bu savaşı zəfərlə başa vurdu. Bu ölüm-dirim savaşında Azərbaycanın qələbəsini şərtləndirən bir sıra amillər mühüm rol oynadı. Vacib amillər sırasında Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında milli ordumuzun qəhrəmanlıq və igidliyi, savaş meydanında əsgər və zabitlərin ruh yüksəkliyi, ölkənin vahid hərbi düşərgəyə çevrilməsi, ordunun yüksək dəqiqliyə malik müasir silahlardan istifadə etməsi, yeni nəsil silahların hərb tarixində ilk dəfə tətbiq edilməsi, beynəlxalq şəraitin əlverişli olması, arxa və ön cəbhə arasında sıx əlaqənin təmin edilməsi, Prezident və onun aparatı tərəfindən vahid informasiya məkanının yaradılması, daxili və xarici media orqanlarının operativ məlumatlandırılması yer alır. Ən əsası isə dövlət və xalqın vəhdətinin təmin edilməsi oldu.
Bütün bu amillərin təsiri altında qalib Azərbaycan milli ordusu tarixi zəfərə silinməz imza atdı. Bu qələbənin ən mühüm şərti isə millətin, ordunun və dövlətin sarsılmaz birliyinin təmin edilməsi oldu. Böyük qələbə və suverenliyin bərpasından sonra daxili sabitliyin davamlı inkişafı ölkəmizin iqtisadi tərəqqisinə və inkişafına mühüm töhfə verəcəkdir. Biz gənclər həmişə gələcəyə baxsaq da keçmişin dərslərini də heç vaxt yaddan çıxarmamalıyıq.

Səbinə Ağayeva,

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs  tələbəsi. 
 
 
 

0.24739098548889