Ölkəyə neft pulları gəlməyə başladığı dövrdə, dövlətin müəyyən etdiyi əsas inkişaf strategiyalarından biri də neft kapitalını niyə insan kapitalına çevirmək idi. Amma, çox təəssüf ki, bu gözəl məqsədə çatmaq mümkün olmadı. Niyə?
İtirlən illərin və milyardlarla pulun, qeyri neft sektorunda tələb edilən innovativ düşüncəli kadrların azlığının səbəbləri nədir? Bu işin yarıtmaz icrasının məsuliyyətini kimlər daşımalıdır? Repetitorluğun məktəbə, gənclərin təlim və tərbiyəsinə, şagirdlərin inkişafına vurduğu zərbəni nə universitetdə alınan təhsil (hətta xarici təhsil belə), nə də sonrakı peşə fəaliyyəti aradan qaldıra bilmir.
Şagirdlərin yuxarı siniflərdə məktəbdən didərgin salınması bir qrup adamın biznes məqsədlərinə xidmət etsə də, bu xalqa qarşı düşmənçilikdir. Bunun nəticəsində son 30 ildə dövlətin təhsilə ayırdığı maliyyənin səmərəsi kəskin aşağı endi. Məhz bu səbəbdən dövlətin təhsilə ayırdığı büdcə ilbəil artsa da, minlərlə yeni məktəb binaları tikilsə də, məktəbə İKT vasitıləri alınsa da, təhsilin keyfiyyəti ilbəil aşağı enir. Vəziyyətin ağır olmasını təhsilə dair bütün qlobal reytinqlərdə də müşahidə etmək mümkündür.
Təhsil məmurları kütləvi repetitorluq faktlarına bəraət qazandırmaq üçün tez-tez təkrar edirlər ki, repetirtorluq faktları digər ölkələrdə də var. Bəli. Amma heç bir ölkədə bu kütləvi deyil, məktəbi iflic etməyib. Yaponiyada da repetitorluq geniş yayılıb. Amma orda məktəbə davamiyyət 99,9 % -dir.
Bizim təcrübədə isə hətta kütləvi repetitorluq hesabına 70 % məktəbli 200 ball yığır. Deməli məktəbin fəaliyyəti 5 ballıq sistemlə heç 2 ball da deyil.
Eyni zamanda 200 ball yığanlardan normal tələbə və kafi səviyyəli ali təhsilli mütəxəssis də olmayacaq. Yəni, 200 ballılar universitetin universitet olmasına da imkan vermirlər. 70 % məktəblinin 200 ball yığmasının baiskarı isə repetitorluqdur. Yəni, nə qədər ki, məktəb məktəb deyil, bu ölkədə təhsildən danışmağına dəyməz.
Ona görə deyirlər ki, “pis məktəb, pis müəllim, pis şagird yoxdur, pis təhsil sistemi var”. Çünki, bu təhsil sistemi bilərəkdən öz yerini maddi maraqlara görə kölgə təhsilinə təhvil verib. Bu gölgə təhsili isə bütün təhsil sistemini iflic edib.
“Təhsilin azərkeşi deyil, iştirakçısı olmayıq" (ETN Emin Əmrullayev).
Əslində isə nazir deməli idi ki, təhsil menecerləri, təhsilin həvəskarı yox, təhsilin peşəkarı olmalıdırlar.
Çünki, menecerlərin təhsilə sistemli baxışı, dəyişiklərə elmi yanaşması, mükəmməl təhsil siyasəti və strategiyası olmasa, yəni, bu işdə peşəkarlıq olmasa, təhsili böhrandan çıxarmaq əsla mümkün deyil.
Çox təəssüf ki, illərlə davam edən təhsilin sistemli böhranına və tənəzzülünə qarşı təhsil məmurları mübarizə aparmaq əvəzinə, buna bəraət qazandırır, hətta buna aşkar şəkildə ciddi dəstək verirlər.
Əslində 30 il ərzində ölkəmizdə normal dərsliklərin olmamasının da əsas səbəbi şagirdlərin müstəqil şəkildə tədris materialını öyrənməsinə imkan verməmək, xilası yalnız kurslarda və repetitorlarda axtarmağa sövq etməkdir.
Təhsil sistemində atılan addımların heç biri vəziyyətin dəyişməyinə xidmət etmir, sadəcə iş görüntüsü, hay-küylü forum, qurultay və təqdimatlardan ibatərdir. Belə olsa, heç sabah da heç nə dəyişməyəcək. Belə “sabah”ları 30 ildir görürük. Ona görə ki, hələ də normal təhsil strategiyası və onun normal maliyyələşməsini görmürük.
Təhsil investisiya tələb edir. Hər il təhsilə qoyulan 100 milyonlarla “inkişaf” yönlü investisiya, “inkişaf” yönlü layihələr hansı səbəblərdən nəticə vermir? Bu investisiyalarla müqayisədə 100 dəfələrlə az məbləğdə olan qrantların da təhsilə faydası olmur. Əslində isə, ETN-nin normal qrant siyasəti və layihələrin ədalətli seçimi olsaydı, son 10 il ərzində az maliyyə ilə təhsildə xeyli işlər görmək mümkün idi. İnkişaf etmiş təhsil sistemləri həm də qrantlardan səmərəli qrant siyasəti hesabına yüksək səviyyəyə çatmışlar.
Deməli, təhsil sistemində səhv təhsil siyasəti yürüdüldüyü kimi, həm də səhv kadr və maliyyə siyasətiyürüdülür. Belə olduqda, təhsil problemləri necə həll edilə bilər?
Dəryanın suyunun dadını bilmək üçün, bütün dəryanın suyunu içmək lazım deyil, bir qurtum su buna kifayət olduğu kimi, ETN maliyyə siyasətini də bilmək üçün 5 milyardlıq büdcənin monitorinqini aparmağa ehtiyac yoxdur, bunun üçün son 4 ildəki qrant siyasətinə, paylanan qrantların mövzularına və onların təhsilin inkişafına təsirinə baxmaq kifayətdir.
2 milyon qrant vəsaitini səmərəli istifadə edə bilməyənlər 5 milyardı səmərəli istifadə edə bilərmi? Təhsildə minlərlə problem olduğu və onların həllinə maliyyə tapılmadığı halda, milyonları havaya sovurmaqla təhsil inkişaf edə bilərmi? Əgər bütün bunlar səriştəsizlikdəndirsə, çox pis, bilərəkdəndirsə, çox-çox pis. Əvvəlki illərin acı təcrübəsi göstərir ki, təhsil büdcəsi artdıqca, təhsil səviyyəsi ilbəil enir. Bu yaxınlarda xeyli sayda internat tipli məktəblərdə “Maliyyə Monitorinqi Mərkəzi”nin aşkar etdiyi maliyyə pozuntuları, vaxtaşırı Hesablama palatasının universitetlərdə aşkar etdiyi ciddi qanun pozuntuları olmasaydı, bu pullar təhsilin inkişafına yönəlsəydi, yəqin ki, təhsildə indi fərqli durum olardı.
“Dürüstlük, şəffaflıq, ədalət dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət, yalan, talançılıq, saxtakarlıq, vicdansızlıq yox! Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar”. PREZİDENT İLHAM ƏLİYEV.
ETN bu vəziyyəti təcili surətdə düzəltməsə, məktəbin normal fəaliyyətini tam bərpa etməsə, son 30 ildə olduğu kimi, ölkədə heç vaxt keyfiyyətli insan kapitalı yaranmayacaq, millətin və dövlətin rəqabət qabiliyyətliyi olmayacaq.
Bu durum dövlətçiliyə və milli təhlükəsizliyə ciddi təhdiddir.
Dosent İlham Əhmədov
Demokratikmusavat.com