Eldar Mahmudovun məhkəməyə gətirilməsi tələb edildi

 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Axar.az xəbər verir ki, Elçin Quliyev və digər şəxslərin işi üzrə keçirilən prosesdə zərərçəkmiş iş adamı Mətləb Mustafayev vəsatətlə çıxış edib.

O, vəsatətində Elçin Quliyevin ifadəsinə toxunub:

“Elçin Quliyev ifadəsində göstərib ki, zərərçəkmiş Maqsud Məmmədovdan alınan 120 min dollar pulun bölgüsünə nəzarəti Eldar Mahmudov edib. Bildirib ki, Eldar Mahmudov onlara tapşırıb ki, kuratorluq etdiyi sahələrdə olan imkanlı şəxslərdən pul almaq lazımdır”.

Mətləb Mustafayev bu epizodların araşdırılması üçün Eldar Mahmudovun məhkəməyə çağırılmasını istəyib.

Hakim bildirib ki, bu vəsatətlərə növbəti iclasda baxılacaq.

Daha sonra zərərçəkmiş Mətləb Mustafayev bildirib ki, onun evinə silah qoyublar. O, deyib ki, həmin şəxslər ləyaqətsiz hərəkətlər ediblər, onu şərləyiblər.

Elçin Quliyev bildirib ki, Mətləb Mustafayevin evindən silah tapılıb. Mətləb Mustayev isə generala belə cavab verib: “Ay bədbəxt, mənim evimə silahı sentyabrın 11-də qoymusunuz. Ancaq silahın yararlı olması barədə Natəvan Mirvətovanın verdiyi rəy 10 sentyabrda qeydiyyatdan keçib. Elçin Quliyev ifadəsində daxili telefonla Eldar Mahmudovun ona zəng edərək mənim evimdə silah olduğunu deyib. Bir həftə sonra yenidən zəng edərək bacımın evində silah olduğunu deyib. Xahiş edirəm həmin əməliyyat məlumatının surəti məhkəməyə təqdim edilsin”.

Hakim bildirib ki, bu vəsatətə növbəti prosesdə münasibət bildiriləcək.

Daha sonra proses qapalı keçirilib. Qapalı iclasda Elçin Quliyevin dövlət əmlakını talaması epizodu araşdırılır.

 

0.19323801994324