2024-cü ilin birinci yarısında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 48 təşkilatda nəzarət tədbirləri həyata keçirilib və ümumilikdə 3 milyon 102 min manat artıq və əsassız ödənişlər aşkar edilib.
Bu barədə Demokratikmusavat.com Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə Xidmətin fəaliyyətinin əsas hissəsini Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş məktub və qərarların icrası ilə əlaqədar nəzarət tədbirlərinin aparılması təşkil edib. Belə ki, Prokurorluq orqanlarının məktublarına və qərarlarına əsasən 23 təşkilatda yoxlamalar aparılmış, bu yoxlamalarla 1990,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilmiş, yoxlama materialları nöqsanlara hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilib.
İş planına əsasən isə, Xidmət tərəfindən 2024-cü ilin birinci yarısında 21 təşkilatda aparılmış yoxlamalarla 1106,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilmiş və bu məbləğin təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.
Bundan başqa, Xidmət tərəfindən vətəndaş müraciətlərinə əsasən 4 təşkilatda müraciətlərdə göstərilənlər yoxlanılmış, cəmi 4,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunmuş və yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Yoxlamalar zamanı nəzarət obyektlərində, yoxlama materialları hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq mühafizə orqanlarına göndərilmiş nəzarət obyektləri istisna olmaqla, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 27 nəfər vəzifəli şəxsə 26,8 min manat məbləğində cərimələr tətbiq edilmiş və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.
Xidmət tərəfindən hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına məktublar göndərilib, müvafiq tövsiyələr verilib.