Rusiya Dövlət Duması miqrasiya siyasətinə dəyişiklikləri və miqrantlar üçün yeni deportasiya rejimi barədə qanunları qəbul edib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının saytında xəbər verilib.
Bildirilir ki, qanun layihələri miqrantlar üçün yeni hüquqi deportasiya rejimi müəyyən edir və Rusiyada qanunsuz olan əcnəbilərə, həmçinin hüquq pozuntusu törədənlərə şamil ediləcək.
Sənədə əsasən, onlara qarşı müxtəlif məhdudiyyətlər, məsələn, daşınmaz əmlak və nəqliyyat vasitələri almaq, avtomobil idarə etmək, Rusiya ərazisində sərbəst hərəkət etmək, nikaha daxil olmaq, banklarda yeni hesablar açmaq qadağası tətbiq edilə bilər.
Bundan başqa məcburi ödənişlərin edilməsi üçün pul köçürmələri istisna olmaqla, "digər bank əməliyyatlarının həyata keçirilməsinə" qadağa qoyan düzəliş əlavə edilib. Bununla belə, deportasiya rejiminə düşən miqrant ayda 30 min rubla (təqribən 578 manat) qədər nağd pul çıxara biləcək.
Deportasiya rejiminə düşənlərin məlumatları nəzarət olunan şəxslərin xüsusi reyestrində saxlanılacaq. Məlumatların reyestrdə yerləşdirildiyi gündən əcnəbi bu barədə məlumatlandırılmış hesab olunacaq.
Əcnəbi Rusiyadan müddəti bitmiş və ya "texniki nasazlıqları" olan, lakin şəxsin identifikasiyasına imkan verən pasportla da çıxa biləcək.
Bundan əlavə, miqrantların Rusiyada müvəqqəti qalma müddəti azaldılır. Hazırda onlar ölkədə yarım il ərzində 90 gün qala bilirlər, ancaq düzəlişlərlə miqrant bir il ərzində 90 gün ölkədə qala biləcək.