Bu rayonlarda evlərin qiyməti sürətlə artır

 

“Bu gün bağ evlərinin alınıb-satılması daha çox gəlir əldə etmək, həmin bağ evlərinin kirayə verilməsi ilə bağlıdır. Bu baxımdan rayonlarda da evlər bahadır. İstirahət və turizm məqsədilə  satılan bağ evlərində hər il qiymət artımını müşahidə edirik.

Qiymətlər artır, çünki tələbat var. Bakıətrafı qəsəbələrdə torpağın qiyməti 200-300% artıb, rayonlarda da vəziyyət bu cürdür”.

Bu sözləri Yenisabah.az-a əmlak məsələləri üzrə ekspert Vüqar Oruc deyib.

Bölgələrdə bağ evlərinin qiymətinin bir neçə dəfə artdığını bildirən ekspert bunun səbəblərini açıqlayıb:

“Qəbələdə bir neçə il əvvəl torpaq 7-10 min idisə, hazırda qiymət 2-3 dəfə artıb. Torpaq sahəsinə tələbat Qəbələdə və ətraf rayonlarda daha da artıb. Torpağın qiyməti artırsa, bu, avtomatik daşınmaz əmlakın da qiymətinin artımına səbəb olur. Eyni zamanda, manatın alıcılıq qabiliyyəti ötən ilə nisbətə daha az olub, bu təbii inflyasiya prosesidir, bütün valyutalarda biz bunu görürük. Yanacaq qiymətlərinin, işçi xidmətinin, inşaat materiallarının  qiymətindəki artım elə bir situasiya yaradır ki, bütün istiqamətlərdə inşaat prosesi baha başa gəlir. Bu da təbii ki, rayonlarda tikilmiş evlərin qiymətinin artımına səbəb olur.

Rayonlarda xüsusi dizaynla və zövqlə tikilmiş evlər o zaman baha qiymətə satıla bilər ki,  o, biznes xarakteri daşısın. İnsanlar bu evləri özləri yaşamaq üçün deyil, kirayə vermək, qazanc əldə etmək üçün alırlar. Onlar gəlirli obyekt kimi sözügedən evləri, villaları alırlar. Vətəndaşlar ev alarkən mütləq qiymətləndirlə xidməti, reiltor xidməti ilə məsləhətləşməlidir”.

Onun sözlərinə görə, bölgələrdə satışa çıxarılan hər milyonluq villanın alınması məsləhətli deyil:

“Rayonlarda 500-600 min manata satılan evlər o zaman uğurlu ola bilər ki, həmin evlər ildə ən azı 50-60 min manat gəlir gətirsin. Həmin evlərə sərf olunan qazanc bu xərcləri il ərzində ödəməlidir. Bu baxımdan həmin evlərin alınması zamanı qiymətləndirmə xidmətindən dəstək almaq lazımdır.

Bu cür yarımç milyonluq və daha baha mülklərin alınması o zaman real ola bilər ki, gəlir gətirsin. Əks halda, bir evə o qədər pul sərf etmək məqsədə müvafiq deyil. Gəlir gətirməyən mülkü yatırım etməyə dəyməz, çünki həmin qiymətə Bakı və Bakıətrafında yüksəktəmirli villalar əldə etmək olar”.

V.Oruc mülklərin əmlak bazarında fantastik qiymətə satışa çıxarılmasının sirrini açıb:

“Rayonlarda turizm məqsədilə istifadə edilən evlərə həmin pulu vermək olar. Bu, biznes olaraq cəlbedici faktordur. Təbii ki, bu cür mülklərin alıcısı var. Biznesi olan adamlar bu sahəyə də yatırım etməyə çalışırlar.

Amma rayonlarda biznes məqsədilə ev almaq istəyənlərə məsləhətimiz odur ki, torpaq sahəsi alıb öz zövqlərinə uyğun inşaat işləri aparsınlar. Bu, daha əlverişlidir və ucuz başa gəlir.

Əmlak bazarında qiymətlər kifayət qədər yüksəkdir. Amma bəzən elə hallara rast gəlirik ki, mülk sahibləri astronomik qiymətə evləri satışa çıxarırlar və bu qiymətlər real olmur. Məsələn, 15-17 milyon manata villalar satışa çıxarılır, bu rəqəmlər real deyil. Çünki yüksək qiymətlər təklif edib bazarda silkələnmə yaratmaq istəyənlər var.  Bütün bunlar ajiotaj yaratmaq üçündür və heç biri real deyil. Təəssüflər olsun ki, bəzən reiltorlar bunu edirlər. Onlar mülk sahibinin dediyindən daha yüksək qiymətə villanı satışa çıxarırlar. Bazardan xəbəri olmayan şəxslər də bəzən aldanıb mülkü alırlar. Alıcı tapılandan sonra artıq bu hal fakta çevrilir və bütün bazarda qiymətlərə təsir edir. Artıq həmin ərazidə evlərin kvadratı 1500 manat idisə, qalxaraq 2000 manat olur, domino effekti kimi bu bahalaşma digər ərazilərə də öz təsirini göstərir”.

0.13341784477234