Bu ilin ilk yarısında neft-qaz sektorunda 0,6% artım qeydə alınıb. Bütövlükdə, həmin dövrdə Azərbaycanda 59 milyard 520 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3% çox ümumi daxili məhsul istehsal olunub. Qeyri-neft-qaz sektorunda 6,9% artım qeydə alınıb.
Demokratikmusavat.com xəbər verir ki, VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, bu, neft istehsalının artması deyil, qaz hasilatının artması hesabına mümkün olub:
"Belə ki, əmtəəlik neft hasilatı 4,9% azalıb, əmtəəlik qaz hasilatı isə 5,3% artıb. Təbii ki, burada müsbət məqam təbii qaz hasilatındakı artımlar ilə bağlıdır. Belə ki, daha çox qaz hasilatı, daha çox ixrac deməkdir. Bu, fiskal və strateji baxımdan əhəmiyyətli məqamdır.
Yenə də sənaye məhsulunun 65%-i mədənçıxarma sektorunun payına düşür. Yəni, sənayedə yaranan hər 100 manatlıq dəyərin 65 manata yaxınını məhz neft və qaz sektoru formalaşdırır. Bu fakt enerjidən kənar sektorların inkişafı ilə bağlı islahatların daha da dərinləşməsini prioritetləşdirir. Yeni mərhələdə ÜDM artımı qeyri-enerji sektorundakı dəyişikliklərdən birbaşa asılı olacaq".
"Digər tərəfdən, neft sektorunda yaranan dəyərə hasilat ilə yanaşı “qara qızılın” qiyməti birbaşa təsir göstərir. Bu da bu sektorda hasilatın tam stabilləşməsini daha da aktuallaşdırır. Dünya neft bazarı ilə əlaqənin minimumlaşdırılması üçün isə sənayedə qeyri neft-qaz sektorunun payının daha da artırılması vacibdir", - deyə V. Bayramov əlavə edib.
Könül
Demokratikmusavat.com