AFFA rəsmisindən Niderland - İngiltərə oyununa PROQNOZ

 

"İngiltərə millisinin finala çıxacağını düşünürəm".

Bunu "Report"a açıqlamasında AFFA Elit-məşq layihəsinin rəhbəri Yunis Hüseynov Almaniyada təşkil olunan Avropa çempionatının yarımfinalında bu gün keçiriləcək Niderland - İngiltərə matçında şansları dəyərləndirərkən deyib.

Mütəxəssis İngiltərə millisinin baxımlı oyun göstərmədiyini bildirib:

"Niderlandla matçda İngiltərə komandasına daha çox şans verirəm. Açığı, indiyə qədər o qədər də baxımlı oyunları olmayıb. Slovakiya ilə matçda da sona yaxın bərabərlik qolunu vurdular və sonradan rəqibi üstələdilər. Niderland yaxşı başlamasa da, sonradan baxımlı oyun göstərdi. Ancaq Türkiyə millisi 1/4 finalda Niderlandı keçməli idi. Əllərinə düşən imkanlardan istifadə etsəydilər, bunu reallaşdıra bilərdilər".

Y.Hüseynov bugünkü görüşdə çox qol vurulmayacağını düşünür:

"Fikrimcə, bu gün çox qol vurulmayacaq. Hər iki komanda ehtiyatlı oynayacaq".

Qeyd edək ki, Niderland - İngiltərə qarşılaşması bu gün, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 

0.16244006156921