Bir müddət əvvəl sosial şəbəkələrdə, eləcə də KİV-də ağcaqanadlar vasitəsilə yayılacaq yeni xəstəliyin pandemiyaya səbəb ola biləcəyi haqda məlumat yayılmışdı.
Son günlər isə qonşu İranda aedes ağcaqanadı vasitəsilə xəstəlik yayılması, bu xəstəliyə yoluxanların sayının 90-a çatması və onların arasında ölüm hallarının da qeydə alınması "yeni pandemiya gözlənilirmi?" sualını gündəmə gətirib.
Demokratikmusavat.com bildirir ki, mövzu ilə bağlı Axar.az-a danışan professor Adil Qeybulla ağcaqanadların bir çox xəstəliyin - malyariyanın, danq qızdırmasının və digər virusların asanlıqla yayılmasında önəmli rolu olduğunu bildirib.
Onun sözlərinə görə, bunun qarşısını almaq üçün bəzi yerlərdə gölməçələr qurudulur, ağcaqanadlar məhv edilir:
"Hansısa xəstəliyin pandemiya yaratması məsələsinə gəlincə, adətən pandemiyaya meyilli xəstəliklər hava-damcı yolu ilə yayılanlardır. Məsələ bundadır ki, ağcaqanadla yayılan xəstəliklər əsasən qan ilə keçir. Ona görə də burada pandemiya qorxusu yoxdur. Buna baxmayaraq, istənilən halda bir infeksiyanın necə performans göstərəcəyini öncədən proqnozlaşdırmaq çox çətindir. Ona görə də nəsə peyda olubsa, mütləq onunla bağlı tədbir görülməli, hər bir dövlət transsərhəd keçid zonalarında bunu nəzərə almalıdır".