Səbuhi Rəcəb gəlinini amansızlıqla öldürən qayınatanın yaxınlarından 155 min alıbmış

 

Xəbər verdiyimiz kimi, üç ildir həbsdə olan Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti, tanınmış idmançı Səbuhi Rəcəb yenidən cinayət məsuliyyətinə cəlb edilib. 7 il 6 həbs cəzası verilmiş S.Rəcəb bu dəfə kikboksinq üzrə dünya çempionu Elman Mirzəyevlə əlbir olaraq dələduzluq etməkdə təqsirləndirilir.

"Qafqazinfo” Səbuhi Rəcəbin cinayət işi ilə bağlı maraqlı epizod əldə edib.

S. Rəcəb barəsində yeni cinayət işinin başlanmasına və sonradan digər əməllərinin üstünün açılmasına səbəb onun 2021-ci ildə gəlinini amansızlıqla öldürən 75 yaşlı İdris Məhərrəmovun yaxınlarını aldatması olub.

Bu məqamda xatırladaq ki, İdris Məhərrəmov 3 il əvvəl bir evdə yaşadıqları 32 yaşlı gəlini Banı Məhərrəmovanı balta ilə doğrayıb, daha sonra hissələrini toplayaraq zibil qabına atıb. Sonradan qayınatanın cinayəti hansı səbəbdən törətdiyini etiraf etdiyi ifadəsi yayılıb.

Ahıl qayınata həbs edildikdən sonra yaxınları onun istintaq dövrü müddətində ev dustaqlığına buraxılması üçün yollar axtarıblar. Bu ərəfələrdə də Səbuhi Rəcəblə tanış olublar.

İ. Məhərrəmovun qızının əri Azər Ələkbərov bu məsələdə vasitəçilik edib. Razılaşmaya əsasən, S.Rəcəb İ.Məhərrəmovu ev dustaqlığına buraxdırmalı və gələcəkdə cinayət məsuliyyətini yüngülləşdirməli imiş. Təqsirləndirilən idmançı bu məsələlərin həll edilməsi üçün ayrı-ayrı vaxtlarda qarşı tərəfdən 155 min manat pul alıb. Lakin verdiyi vədə əməl etməyib. Bir müddət sonra İdris Məhərrəmov xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. Səbuhi Rəcəb bu dəfə də onun yaxınlarına söz verib ki, Apellyasiya Məhkəməsi vasitəsilə İdris Məhərrəmovun cəzasını şərti cəza ilə əvəz etdirəcək.

Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxladıqdan sonra İdris Məhərrəmovun yaxınları aldadıldıqlarını biliblər. Bundan sonra zərərçəkmiş şəxslər hüquq-mühafizə orqanlarına şikayət ediblər.

Səbuhi Rəcəbin Elman Mirzəyevlə birgə cinayəti isə maşın alqı-satqısı ilə bağlıdır. İttihamda deyilir ki, idmançılar əlbir olaraq zərərçəkmiş şəxslərdən birinə dəyərindən artıq "Range Rover” və "Bentley” markalı avtomobillər gətirəcəkləri ilə bağlı yalan vəd verərək külli miqdarda pul ələ keçiriblər.

Müttəhim idmançıların bu və digər əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Səbuhi Rəcəb ötən il 3 nəfərə qarşı dələduzluqda təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Elman Mirzəyev isə əvvəl həbs edilsə də sonradan ev dustaqlığına buraxılıb.

 

0.13098907470703