Gəncə şəhəri 4-cü mikrorayonda yerləşən 13-cü binanın sakinləri yol problemindən əziyyət çəkirlər.
Mövcud problemlə əlaqədar şikayət ünvanlayan vətəndaşlar bildirib ki, ərazidəki yol 3 il əvvələ qədər yaxşı vəziyyətdə olub:
"Yollarımız əvvəl asfalt idi. 3 il əvvəl su sistemlərinin yenilənməsi zamanı gəlib yolları qazdılar, bərbad vəziyyətə saldılar. Bizə demişdilər ki, yollar yenidən asfaltlanacaq, amma 3 ildir gözləyirik".
Sakinlərin sözlərinə görə, dağılmış yollar həm piyadalara, həm də avtomobili olanlara çətinlik yaradır:
"Qonşulardan yıxılanlar çox olub. Ötən dəfə bir qonşu yıxılıb qolu sınmışdı. Həmçinin uşaqlar da velosiped sürə bilmirlər. Yolların hazırkı vəziyyəti sakinlərin gediş-gəlişini və nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir".
Bina sakini İlham Kərimov ərazidəki vəziyyətlə bağlı redaksiyamıza fotolar da göndərib.
Məsələ ilə əlaqədar Gəncə Şəhər icra Hakimiyyətinin Təsərrüfat şöbəsi ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı.
Mövzunu davam etdirəcəyik.