Hövsan çimərliyində kiçik balıqlar və krevetlər kütləvi şəkildə tələf olub.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə ölkə.az-ın qaynar xəttinə əraziyə gedən sakinlər məlumat verib.
Redaksiyamıza göndərilən videoda ölü balıq və krevetlərin sahilə çıxdığı əksini tapıb.
Saytımıza müraciət edən vətəndaşlar suyun zəhərli ola biləcəyini düşünərək çimərliyə getməyə çəkindiklərini deyiblər.
Qeyd edək ki, hər il olduğu kimi bu il də Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi çimərliklərdə dəniz suyunun monitorinqini aparıb.
Laboratoriya müayinələrinin nəticələrinə əsasən, Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Görədil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsində olduğu aşkarlanıb.
Bununla yanaşı, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, habelə Sumqayıt şəhərinin çimərliklərinin sanitariya-mühafizə zonalarında, eyni zamanda respublikanın sahil zolağının şimal bölgəsinin Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərinin qumsallıqlarında rekreasiya əhəmiyyətli monitorinqlər keçirilib.
Qeyd edilib ki, aparılan monitorinqlər zamanı həmin ərazilərdən götürülən dəniz suyu nümunələrinin laborator təhlillərinə əsasən, dəniz suyunun tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi və çimərliklərdə dəniz suyunda bakterioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyən edilib.
Dəniz suyunun yüksək bakterioloji çirklənmə göstəricilərinin əhalinin sağlamlığı üçün təhlükə yarada biləcəyini nəzərə alaraq, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhəri, şimal bölgəsinin (Yalama, Nabran, İstisu, Seyidli kəndi), cənub bölgəsinin Lənkəran və Astara çimərliklərindən istifadənin müvəqqəti olaraq tövsiyə olunmadığı barədə qərar qəbul edilib.
Sözügedən videonu təqdim edirik:
Billurə