“Yaxın vaxtlarda ətin qiymətində kəskin artım müşahidə olunacaq”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov bildirib. Onun sözlərinə görə, Azərbaycanda ətin qiymətindəki artım gözləniləndir:
“Çünki bir çox örüş sahələri fermerlərin əlindən alınıb. Demək olar ki, 52-54 aqropark yaradlıb və hamısı da bələdiyyələrin əlindədir. Kəndlilərin əlindən alınaraq, onlara verilib. Hazırda kəndlinin heyvan otarmaq üçün heç bir şansı yoxdur. Bu gün nəinki qurban kəsməyə heyvan tapmaq və münasib qiymətə ət almaq mümkündür, hətta kənddə yaşayanların da heyvanı yoxdur. Örüş sahələrinin azalması öz nəticəsini göstərir və bu nəticələr heç də kiçik statistika deyil. Təkcə keçən ilin hesablamalarına görə, 700 mindən çox xırdabuynuzlu, 125 min baş iribuynuzlu heyvan sayında azalma var idi. Azərbaycana əsasən, Rusiya və Gürcüstandan diri heyvanlar gətirilir. Artıq keçən aydan etibarən isə, Rusiyadan gətirilən heyvanların idxalına bu canlılarda xəstəlik aşkar olunduğu üçün məhdudiyyət qoyulub. Ehtimal var ki, bu məhdudiyyət Gürcüstan idxal olunan heyvanlara da bu tətbiq olunacaq”.
Ekspert bildirib ki, fermer samanın bir bağlamasını 5 manata, yemin kilosunu isə 60-70 qəpiyə aldığı təqdirdə, ucuz qiymətə ət satmaq mümkün deyil:
“Kənd təsərrüfatı yarmarkaları təşkil olunur və kəndlinin məhsulu ucuz qiymətə satışa çıxarılır. Lakin indiyə kimi heç vaxt illərə görə kənd təsərrüfatı məhsullarının maya dəyəri hesablanaraq, elan olunmur. Əslində, satış bu hesablamaya əsasən aparılmalıdır. Bu kimi səbəblərdən dolayı, kənd təsərrüfatı getdikcə tənəzzülə uğrayır. Baxmayaraq ki, dövlət ciddi dəstək verir, subsidiyalar ödənilir, vergidən azad olunub. Bütün bunlara rəğmən dəyər zənciri düzgün formalaşmadığı üçün məsələ daha ağır vəziyyət alacaq.
Örüş sahələrini məhv edib, yerində taxıl, qarğıdalı, buğda əkildiyi üçün heyvandarlığa ciddi ziyan dəyib. Artıq mayasından aşağı qiymətə ət almaq dövrü bitib. Qiymətlərin daha da bahalaşması qaçılmazdır. Azərbaycan vətəndaşı daha baha ət almağa hazır olsun. Xaricdən dondurulmuş ətlər gətirilir və həmin səbəbdən hazırkı qiymətlər qüvvədədir. Ancaq ümidimiz təkcə daxili imkanlara qalsa, gələcəkdə dəhşətli qiymət artımı ilə üz-üzə olacağıq”.