O, başqalarından fərqli olaraq dünyaya gözləri ilə yox, barmaqları ilə baxır. Zəkəriyyə Qurbanov bu yazıda gözdən əlilliyi olan şəxslərin güzgüsü olacaq. Əbəs yerə güzgü demədim. Çünki Zəkəriyyənin timsalında onun kimi dünyanı barmaqları ilə görənlərin gündəlik davranışları və həyat tərzi ilə tanış olmağa çalışdım. Beləliklə, AZƏRTAC-ın Azərbaycanın gənc istedadlarına dair silsilə məqalələrinin növbəti qonağı Zəkəriyyə Qurbanovdur.
Zəkəriyyə Qurbanov kimdir?
Zəkəriyyə 1988-ci il iyulun 11-də Biləsuvar rayonunun Amankənd kəndində anadan olub. Dərvişli kənd orta məktəbində birinci sinfə gedib. Lakin həmin vaxtadək həyatına başqa uşaqlar kimi davam etsə də, 6 yaşında gözlərinə mirvari suyu gəlib və bu hadisədən sonra bir gözü tutulub. Lakin bununla yekunlaşmayıb. Həyatın imtahanları bir qədər sonra onu yenə də sınağa çəkib. İkinci sinfə gedəndə Zəkəriyyənin sağ gözü zəifləməyə başlayıb və 12 yaşında digər gözü də nurunu itirib. Beləliklə, onun gözlərinin hər ikisi tamamilə tutulub.
O, Sağlamlıq imkanları məhdud uşaqlar üçün Respublika xüsusi internat məktəbində təhsilini davam etdirməyə başlayıb. Burada 3-cü sinifdən oxumağa başlayan qəhrəmanım 10-cu sinfədək təhsil alıb. Bəli, Zəkəriyyə əsl qəhrəmandır, özü də təkcə bu yazının yox... O, görmə qabiliyyətini itirsə də, təhsil almaqdan əsla imtina etməyib, 2010-cu ildə Bakı Sosial Pedaqoji Kollecinə daxil olub və fərqlənmə ilə bitirib. Fərqli sahələrdə özünü sınayan Zəkəriyyə musiqini də çox sevib. Belə ki, oxuduğu orta məktəbin nəzdində yaradılmış 38 saylı musiqi məktəbinin əvvəlcə nağara, sonra isə qarmon şöbəsini bitirib. İstedadına güvənərək qəbul imtahanı ərəfəsində sənədlərini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verib, qabiliyyət imtahanından da uğurla keçib. Yüksək bal topladığına görə sonradan seçimini dəyişib, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və informasiya fakültəsinə qəbul olub. Hədəflərinə çatdıqca arzularını reallaşdırmaq həvəsi artıb. 2020-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinə daxil olub. Lakin təhsil haqqını ödəyə bilmədiyi üçün bir ay sonra öz istəyi ilə universitetdən uzaqlaşıb. 2021-ci ildə Bakı 1 saylı Tibb Kollecinin İdman və müalicəvi masaj ixtisasına daxil olub. Bir il sonra müəyyən səbəblərə görə təhsilini dondursa da, hazırda həmin kollecin ikinci kurs tələbəsidir. Məzun olduqdan sonra növbəti hədəfi magistratura təhsili almaqdır.
Qaranlıqdakı aydınlıq
Zəkəriyyə bizi – AZƏRTAC-ın əməkdaşlarını yataqxanadakı evində qarşıladı. Yaşadığı otaq digər yerlər kimi onun üçün qaranlıq olmasına baxmayaraq, onun yaşayıb-yaratmaq əzmi buranı nura boyayır...
Valideynləri rayonda yaşayır. Yan otaqda ortancıl qardaşı ailəsi ilə, özü isə kiçik qardaşı ilə qalır. Onun atası və qardaşları da gözdən əlilliyi olan şəxslərdir. Ortancıl qardaşı ikinci qrup, kiçik qardaşı isə birinci qrup gözdən əlilliyi olan şəxslərdir, lakin onların gözləri zəif də olsa görürlər.
Ağlıma “müalicə almaq üçün addım atıbmı?” sualı gəldi... Məlum oldu ki, bir neçə dəfə müalicə almağa çalışsa da, cəhdləri uğursuzluqla nəticələnib. Müalicə üçün Ukraynaya üz tutub, həkimlər isə deyib ki, əməliyyat olunsa da, bir il sonra gözü tutulacaq. Sonra İtaliyadan Azərbaycana gələn həkimin qəbulunda olsa da, göz nurunun açılmağına ümid olmadığını bildirib. Həkim ona belə əməliyyatların daha erkən vaxt səmərəli olduğunu da etiraf edib.
Zəkəriyyəyə gündəlik həyatında əsasən qardaşları kömək edir. Səhər ortancıl qardaşıgildə yeməyini yeyib, onunla dərsə gedir. Ortancıl qardaşı onunla eyni kollecdə təhsil alır. Dərsdən sonra əgər qardaşının işi yoxdursa, Zəkəriyyəni evə o gətirir, əgər o gəlmirsə, taksi sifariş verib özü evə yollanır.
O, aktiv sosial şəbəkə istifadəçisidir
Söhbət zamanı Zəkəriyyənin smartfonuna zəng gəldi. Telefonundan başqa səsin ekranda yazılanları sürətlə oxuduğunu eşitdim. Dedi ki, bu, ekran oxuyucu proqramın səsidir. “Elnur TTS” proqramını görmə məhdudiyyətli, ixtisasca musiqi müəllimi olan Elnur Səmədov hazırlayıb. Gözdən əlilliyi olan şəxslər bu proqram sayəsində telefonda həm yaza, həm də oxuya bilirlər.
Səsli proqram sayəsində telefonu rahatlıqla işlədir. Zəkəriyyə həm də aktiv sosial şəbəkə istifadəçisidir. Telefonundakı proqramlara nəzər yetirdim, deyir əsasən feysbuk, teleqram, vatsap, yutubdan istifadə edir. Ekran oxuyucu proqramı həm də kompüterə yükləyib. Sərbəst kompüter vərdişlərinə yiyələndiyi üçün işlə bağlı səsyazmaları heç kimin köməyi olmadan montaj edir.
Zəkəriyyə günə səhər saat 7-də başlasa da, gecə saatlarına qədər aktiv fəaliyyətdə olur. Səhər yeməyi zamanı mütləq ölkəyə və xaricə aid xəbərlərlə tanış olur. Daha sonra hazırlaşıb evdən çıxır. Həm təhsil alıb, həm də işlədiyi üçün günün birinci yarısı dərsə gedir, sonra işə yollanır.
Söhbət zamanı gözüm küncdə olan kiçik toxunma adyala sataşdı. Qardaşı dedi ki, bunu Zəkəriyyə özü toxuyub. Təəccübümü gizlədə bilmədim. Zəkəriyyə qısa müddət toxuculuq dərsləri aldığını söylədi: “Üzgüçülüyə gedirdim, yoldaşlar dedilər ki, toxuculuq dərslərinə gedirlər. Mən də maraqlandım, dərslərə qoşuldum. Kimi muncuqdan, kimi sapdan nəsə hazırlayırdı. Mən də sapla toxumağa başladım. 20 günə yaxın toxuculuq dərslərində iştirak etdim. Bunu (kiçik adyalı göstərir – müəllif) bir saata toxuyub bitirmişəm. Müəllimimin köməyi ilə şərf, papaq toxumağı, qolbaq, boyunbağı düzəltməyi öyrəndim. Bu işlə məşğul olanda adamın ruhu dincəlir. Səsli kitab dinləyəndə bir yandan əl işləri ilə məşğul idim”.
Hər kəs kimi mənə də gözdən əlilliyi olan şəxslərin nağd pulları necə tanımağı maraqlıdır. Zəkəriyyəyə fərqli əsginaslar verib, ayırd etməsini istədim. Deyir ki, alış-veriş zamanı əsasən plastik kartlardan, nağd puldan nadir hallarda istifadə edir. Soruşdum ki, gözdən əlilliyindən sui-istifadə edib onu aldadan, daha az pul qaytaran olubmu? Deyir xoşbəxtlikdən belə halla qarşılaşmayıb, hətta məbləğdən qat-qat artıq qaytarıldığı hallar olub. Əsasən qəpikləri dəqiq ayıra bilsə də, kağız pullarda yanlışlıq etdiyi olur. O, iri nominallı pulları ayırd etməkdə çətinlik çəkmir, pulları ölçülərinə görə ayırd edib sıralayır:
“Bəzən gözdən əlil dostlarım pulu itirdiklərini deyirlər. Çalışıram pul itirməmək üçün bir yerdə saxlamayım, dörd cibim varsa, hər birində pul saxlayım. Lakin kartla alış-veriş günün tələbidir, mən də bundan istifadə edirəm, bizim üçün daha əlverişlidir”.
İşdə
Artıq işə getmək vaxtıdır. Zəkəriyyə ilə kitabxanaya yollandıq. Məlum oldu ki, gündəlik olaraq daha çox avtobusdan, metrodan istifadə etsə də, tək olanda avtobusa minmir: “Metro evimizdən uzaqda olduğu üçün çox vaxt istifadə etmirəm, amma orada dayanacaqların elanı verildiyi üçün sərbəst şəkildə hərəkət edirəm”.
Zəkəriyyə ilə iş yerinə çatdıq. Bura Respublika Gözdən Əlillər Kitabxanasıdır. Gödəkcəsini asıb, işə başlayır. Artıq 3 ildir kitabxanaçı işləyir, elə buna görə də kitabxananın hər bucağına, hər kitabına bələddir. Yerində əyləşib kompüterini açır, masanın üzərindəki kitabları yoxlayır.
Kitabxananın 6 yaşdan 70 yaşa qədər oxucuları var. Zəkəriyyə gələn oxuculardan onlara hansı kitabın lazım olduğunu soruşurdu. Bəziləri ondan kitablarla bağlı məsləhət istəyirlər. O isə oxucunun maraqlarını öyrəndikdən sonra kitab tövsiyə edirdi. Zəkəriyyə deyir ki, çalışdığı müddətdə kitabxanadan narazı qalan oxucu ilə qarşılaşmayıb:
“Bəzi oxucular onlarda səsli kitab dinləmək üçün imkanlarının olmadığını deyirlər. Belə olduqda əsərləri onların telefonuna köçürürük. Elə oxucumuz olur ki, nə kompüteri, nə də smartfonu var. Məndə kitab oxuyan cihaz var. Onu müəyyən müddətlik həmin oxucuya verirəm. Bir sözlə, çalışırıq ki, kitabxanaya gələn oxucunu kitabsız yola salmayaq. Elə oxucularımız olur ki, rayondadırlar, onlara kitabları elektron qaydada göndəriririk”.
Budur, yenə bir oxucu gəldi. O, əvvəlcədən müraciət edərək kitab sifariş verib. Alacağı kitab gözdən əlilliyi olan şəxslərin oxuduğu Brayl əlifbası ilədir. Zəkəriyyə deyir ki, oxucular son dövrlərə qədər Brayl əlifbası ilə kitablara üstünlük verirdilər. Lakin Brayl əlifbası ilə kitabların yazılması çətindir. 400 səhifəlik adi kitablar Brayl əlifbası ilə 6-7 kitab həcmində olur. Kitabxananın fondunda isə bu qədər kitabı saxlamaq üçün yer yoxdur. Ona görə də artıq səsli kitablara üstünlük verənlərin sayı artıb. Bəzi oxucular nə səsli, nə də brayl əlifbası ilə kitablar istəyirlər. Onlar sırf elektron kitablara üz tuturlar.
Qəhrəmanımız deyir ki, oxucuların əksəriyyəti detektiv kitablar istəsə də, kitabxana heyəti hər sahədə kitabların olmasına çalışır. Zəkəriyyə deyir ki, gözdən əlilliyi olan şəxslər üçün pisixoloji, motivasiya yönümlü kitabların olmasına ehtiyac var və bu istiqamətdə addımlar atmağa başlayıblar. Mədəniyyət Nazirliyi tərəfindən hər il kitabxanaya minimum 30 kitab verilir. Sevdiyi kitablardan söz açanda Zəkəriyyə Ceym Klirin “Atomik vərdişlər” kitabından bəhs etdi. Məlum oldu ki, bu kitabı özü səsləndirərək oxuculara təqdim etmək istəyir.
Zəkəriyyə özü 900 səhifəlik səsli kitabı oxumaq üçün iki gün vaxt sərf edir. Brayl əlifbasını oxumaq oxu sürətinə görə dəyişdiyindən, bir saata təxminən 30 səhifə oxumaq mümkündür.
O, görmə qabiliyyətini itirdiyi zaman cəmi bir həftəyə Brayl əlifbasını öyrənib. Bu əlifbada hərflər xüsusi mismarla kağız üzərinə işlənilir. Digər əlifbalardan fərqli olaraq həmin əlifbda bütün rəqəmlər və hərflər eynidir. Elə buna görə də gözdən əlilliyi olan şəxslər bütün dillərdə oxumağı bacarırlar, yetər ki, o dili bilsinlər.
Brayl əlifbasının əsas tələblərindən biri də barmaq hissiyyatıdır. Gözdən əlil şəxslər adətən bir barmaqda hissiyyatı inkişaf etdirirlər. Zəkəriyyə isə kitabı iki barmağı ilə oxumağa vərdiş edib. O, Brayl əlifbasını üçüncü sinfə başlayanda öyrənib. Deyir ki, əlifbanı öyrənənədək barmaqda hissiyyat yaratmaq üçün düyü, noxud, plastilin kimi vasitələrdən istifadə olunur:
“Rayondan gəlmişdim, mühitə yad idim deyə, kitabı rəfdən götürüb oxumağa qorxurdum. Hərfləri öyrəndikdən sonra şənbə gününü səbirsizliklə gözləyirdim. İçəridən qapını bağlayıb, kitabları oxumağa başladım. Bir ay ərzində kitabların hamısını oxuyub bitirmişdim. Artıq üçüncü sinifdə oxuyanda dördüncü, beşinci sinfin materiallarını oxuyub bitirmişdim”.
Zəkəriyyə Universitet illərində bəzi dərslikləri Brayl əlifbası ilə olsa da, həmin əlifba ilə yazılmayan kitablarla əlaqədar bəzi çətinliklərlə üzləşib. Lakin qrup yoldaşları belə məqamlarda ona dəstəklərini əsirgəməyiblər:
“Mən şanslı adamam ki, hər sahədə dostum var. Məsələn, kənardan baxan deyər ki, “yazıqdır, kömək edək”. Amma qrup yoldaşlarım məni özlərindən ayırd etmədən dərslərimə hazırlaşmağıma kömək olurdular. Məsələn, onlardan soruşurdum ki, kitabı necə oxuyursan? Deyirdi ki, çalışıram ürəyimdə yox, səsli oxuyum ki, başa düşüm. Deyirdim kitabı oxuyanda səsini yaz, mən də dinləyim. Beləcə dərslərə hazırlaşırdım”.
Müəllimlər də dərslərinə hazırlaşmaqda Zəkəriyyəyə kömək olublar. Elə müəllimləri olub ki, onların qrup yoldaşları da gözdən əlil şəxslər olub. Bəzən müəllimi ona yazı ləvazımatlarını gətirib, Brayl əlifbası ilə rahat yazması üçün şərait yaradıb.
Zəkəriyyə Bakı Sosial Pedaqoji Kollecində oxuyanda orada birinci kursdan sonuncu kursa qədər Brayl əlifbası ilə sürətli yazıb və oxuyub. Zaman keçdikcə həmin əlifbaya ehtiyac qalmadığından bütün işlərini səslə, elektron qaydada həll etməyə başlayıb. Amma bununla belə bəzi kitabları yazıdan oxumaq lazım gəlir. Məsələn, atalar sözlərini. Zəkəriyyə deyir ki, bu tip mətnləri səsli, elektron kitabdan mənimsəmək, mənasını anlamaq çətindir.
“Gözüm ol mənim”
Zəkəriyyə hazırda təhsil almaqla və işləməklə yanaşı, həm də bir neçə layihə üzərində çalışır. Çünki həyat eşqi və enerjisi bitib tükənmədən yaşayıb yaradan bu gəncin gələcəklə bağlı planları var. 29 yaşında dostları ilə onlayn olaraq “Gözüm ol mənim” kitab klubunu yaradıb. Dediyinə görə, elektron kitablardakı səsyazmanı daha professional etmək, daha peşəkar diktorlarla işləməyi hədəfləyiblər: “Kitabxanada işləməyə başlayandan sonra fikirləşdim ki, gözdən əlilliyi olan şəxslərin bacarıqları heç də zəif deyil. Onlar başqaları ilə rahat ünsiyyətə girir, gözəl şeir, roman, hekayə yazır, musiqi ilə məşğul olur. Onda “Özümüzü tanıdaq” layihəsinə başlamağa qərar verdim. Bu layihə çərçivəsində artıq dörd görüş keçirmişik. Burada məqsəd özümüzü özümüzə tanıtmaqdır. Aramızda elələri var ki, kənarda onları çoxları tanısa da, biz onu sadəcə gözdən əlilliyi olan şəxs kimi tanıyırıq. Bilmirik ki, o, yaxşı musiqiçi, yaxud yazıçıdır. Gələcəkdə də arzularımızı bu istiqamətdə reallaşdırmağı planlaşdırırıq.
Zəkəriyyə Qurbanovun parlaq istedadı və geniş planları var. Ən başlıcası, onları həyata keçirməyə sonsuz həvəsi, əzmi və tükənməz istəyi var. Həvəs və istək olan yerdə isə maneə ola bilməz...