2023-cü ildə dövlətə xəyanətdə və hakimiyyəti ələ keçirməyə cəhddə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilən Qazaxıstanın keçmiş baş naziri Kərim Maksimov əfv ərizəsi yazıb. Hazırda Maksimov Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) istintaq təcridxanasında saxlanılır.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə "İnformburo.kz” saytı məlumat yayıb.
"Həqiqətən də, bu qurumdan (MTK-nin təcridxanası – red.) 2024-cü ilin martında o, əfv üçün Qazaxıstan Respublikasının prezidentinə ərizə göndərib”, - komitədən nəşrə bildiriblər. "İnformburo.kz” saytının həmsöhbəti aydınlaşdırıb ki, Kərim Maksimova qarşı cinayət yolu ilə əldə edilmiş çirkli pulların yuyulması, habelə xüsusilə külli miqdarda rüşvət alma faktları üzrə istintaq davam etdirilir. Maksimova qarşı cinayət işi "tam məxfi” kimi tövsif edilib. Xatırladaq ki, Kərim Maksimov 2007- 2012 və 2014-2016-cı illərdə Qazaxıstan hökumətinə, bundan sonra Milli Təhlükəsizlik Komitəsinə rəhbərlik edib. 2022-ci ildə ölkədə kütləvi etirazlar zamanı Qasım-Comart Tokayev Maksimovu tutduğu vəzifədən azad edib. Qazaxıstan Baş Prokurorluğu Kərim Maksimovu 2022-ci ilin yanvarında keçirilən etiraz aksiyalarının əsas təşkilatçısı hesab edir. Etirazçılar hökumətin istefasını və Nursultan Nazarbayevin ölkəni idarə etməkdən uzaqlaşdırılmasını tələb ediblər. Onların tələbləri yerinə yetirilib.