Azərbaycan əhalisinin sahib olduğu avtomobillərin təmirinə xərclədiyi vəsait yeni rekord səviyyəyə yüksəlib.
Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət üçün xərclənən məbləği 2023-cü ildə 559 milyon manata çatıb. Bir il əvvəl bu məqsədlə əhali 448 milyon manat pul xərcləmişdi.
Son bir il ərzində əhalinin nəqliyyat vasitələrinin təmirinə xərclədiyi vəsaitin həcmi 111 milyon manat artıb. Müqayisə üçün bildirək ki, sözügedən xidmətlərlə əlaqədar əhalinin xərcləri 2021-ci ildə 378 milyon manat, 2020-ci ildə 350 milyon manat idi.
Nəqliyyat vasitələrinə görə təmir və texniki xidmət xərclərinin kəskin artmasının 2 əsas səbəbi var. Birinci səbəb avtomobillərin sayının artmasıdır. Son illərdə əhaliyə məxsus olan avtomobillərin sayı bir neçə yüz min ədəd artıb. Yalnız şəxsi minik avtomobillərinin sayı 2020-2023-cü illərdə 200 mindən çox artaraq 1,5 milyon ədədi ötüb. İkinci mühüm səbəb avtomobillərin köhnəlməsidir.
Azərbaycanda istifadədə olan avtomobillərin 70 faizindən çoxu 10 il öncə və daha əvvəl istehsal edilən nəqliyyat vasitələridir. Avtomobillərin köhnəlməsi onların tez-tez təmir və texniki xidmətdən keçmək zərurətini yaradır. Sadalanan səbəblərdən əhalinin nəqliyyat vasitələrinin təmiri və texniki xidmət xərcləri sürətlə artır.