Azərbaycanda hər il bütün maliyyə mənbələri hesabına 16-25 min mənzil tikilir. Əhalinin vəsaiti hesabına isə bir ildə tikilən mənzillərin sayı 10-11 min təşkil edir.
Sfera.az xəbər verir ki, bütün maliyyə mənbələri hesabına 2023-cü ildə 22,9 min mənzil tikilib. Bu göstərici 2022-ci ildə 25,3 min, 2021-ci ildə 16,7 min olub.
Say etibarilə istifadəyə verilən mənzillərin 44,5 faizi əhalinin, qalanı özəl şirkətlərin və dövlətin vəsaiti ilə tikilib. 2023-cü ildə əhalinin vəsaiti hesabına 10,2 min mənzil tikilərək istifadəyə verilib. Bu, orta hesabla ayda 850 ədəd, bir gündə isə 28-29 mənzil deməkdir. Son illərdə əhali tərəfindən tikilən mənzillərin sayında ciddi dəyişiklik baş verməyib.
Məsələn, 2022-ci ildə 11,2 min, 2020-ci ildə 10,2 min mənzil tikilib. Əhali digərləri ilə müqayisədə daha geniş mənzil tikməyə üstünlük verir. Bütün maliyyə mənbələri hesabına tikilən mənzillərin orta sahəsi 110 kvadrat metr olduğu halda, əhalinin vəsaiti ilə tikilən mənzillərin sahəsi 140 kvadrat metrdən çox olub.
Ümumiləşdirsək, bütün maliyyə mənbələri hesabına ötən il hər 1000 nəfərə 2,2 mənzil tikilib.
Azərbaycanda son illərdə ailə tərkibinin 3,8 olduğunu nəzərə alsaq belə aydın olur ki, ökəmizdə 120 ailəyə bir mənzil tikilib. 1990-cı illərin əvvəli ilə müqayisə etdikdə görürük ki, hər 1000 nəfərə düşən tikilən mənzil sayı təxminən 2 dəfə azalıb. Həmin dövrdə istifadəyə verilən mənzillərin sayı hər 1000 nəfərə 5, hər 50 ailəyə (ailə tərkibi 4 nəfər idi) isə bir olurdu.