Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissor və aktyor sənəti kafedrasının professoru, Əməkdar artist Gülşad
Baxşıyeva tələbə qızların dərsə açıq-saçıq geyinməsini sərt şəkildə tənqid edib.
Aktrisa bu cür geyimlərin tələbə oğlanların fikrini yayındırdığını deyib:
"Mən sənətimizdən, aktyorluqdan danışıram. Görürəm ki, oğlan yavaş-yavaş qızın ağ budlarına baxır. Deməli, bu gün o həmin dərsi öyrənmir. Axırda qızı qaldırıram, deyirəm, get, adam formasında geyin.
Deyirəm, sən dənizə getdiyin paltarda gəlmisən. Bu uşaq başa düşmür, onu dərsə cəlb edə bilmirəm, çünki cazibə qüvvəsi sənin baldrılarındadır. Mənim dərsimə belə gəlməyin. Qolu uzunda gəlin, dar olmayan şalvar geyinə bilərsiniz, qısaqol olar, amma digər açıq, topik qətiyyən olmaz”.
Əməkdar artistin bu fikirləri isə birmənalı qarşılanmayıb.
Ölkə.Az mövzu ilə bağlı vaxtilə ADMİU-da çalışmış xalq artistləri Firəngiz Mütəllimova və Pərviz Məmmədrzayevin fikirlərini öyrənib.
F.Mütəllimova saytımıza açıqlamasında onun dövründə belə hallar yaşanmadığını bildirib:
"Artıq 4-5 ildir, dərs demirəm deyə, ümumiyyətlə, belə məsələlərə qarışmıram. Mənim vaxtımda elə bir şey olmayıb, ona görə də heç bir cavabım yoxdur. Müəllim olsaydım, hazırda işləsəydim, fikir deyə bilərdim. İşləmirəm və görmürəm deyə, heç bir fikrim yoxdur".
P.Məmmədrzayev isə G.Baxşıyevanın fikirlərinə haqq qazandırdığını söyləyib:
"Mən, adətən, belə məsələlərə fikir bildirmirəm, amma Gülşad xanımı haqlı hesab edirəm. Yəni hər bir şeyin müəyyən bir qaydası, norması olmalıdır. Tələbə normal şəkildə dərsə gəlməlidir. Universitetdən kənarda özü bilər necə geyinir, amma universitetin geyim qaydası olar. Təbii ki, hər bir şeyin norması olmalıdır. Mən bu baxımdan Gülşad xanımı dəstəkləyirəm, düzgün danışır".
Qeyd edək ki, bundan əvvəl də Yenisabah.az-a danışan ADPU-nun baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Bəhram Cəfəroğlu bildirib ki, müəllimin tələbəsini geyim tərzinə görə auditoriyadan qovmağa haqqı yoxdur.
"İndi nə edək, qızlarımız qara çadraya bürünsün? Onları yenidən cəhalətə, dini radikalizmin təsirinə doğru yönəldək? Qızlarımızın, tələbələrimizin geyim tərzinə qarışmaq, onları geriyə, keçmişin qaranlıq günlərinə qaytara bilmərik.
İstər tələbə qızların, istərsə də oğlanların geyimi tədris prosesinə mane ola bilməz. Təcrübəli, savadlı müəllim tələbələrin diqqətini özünə cəlb etməyi bacarmalıdır".
Billurə