1000 manatını itirdi - "Temu"dan sifariş verənlərin diqqətinə - FOTO

 

Çin alış-veriş platforması olan "Temu"dan sifariş verənlər diqqətli olsunlar.

Ölkə.Az xəbər verir ki, "Temu" sifarişlərinin bəyannaməsi adı altında istifadəçilərə saxta mesajlar göndərilir.

"Pegasus"dan göndərilən mesajlarda istifadəçilərin ad soyadı qeyd olunur və məhsulların bəyan edilməsi üçün fin kod tələb olunur. Həmçinin mesaj vasitəsilə göndərilən linkə keçid etməyən şəxslərə bağlamaların verilməyəcəyi bildirilir.

Sözügedən platformadan sifariş verənlər isə mesaja inanaraq linkə keçid edirlər.

Əslində isə bu fişinq mesajdır. Çünki "Temu" sifarişlərinin bəyan edilməsi ilə bağlı mesaj şəklində heç bir link göndərilmir. Bəyannamə "smart customs" mobil tətbiqi və ya saytı vasitəsilə aparılır.

Aytən Səfərova adlı sosial şəbəkə istifadəçilərindən biri qeyd edib ki, yaxını bu mesajlara aldanaraq onlayn dələduzluğun qurbanı olub:

"Temu"dan sifariş edənlər çalışın diqqətli olun. Bu gün bir tanışıma "Pegasus"dan mesaj gəlib. Fin kodunu yazıb, daha sonra kartından 1000 manat pul çıxıb. Əvvəl 20 min yazıblar, imtina gedib, sonra 10 min, sonda da 1000 manat çıxarıblar" - o yazıb.

Billurə Yunus

 

0.16496014595032