"Məncə biz cəmiyyət olaraq O gəncin ölmündə hamımız günahkarıq" - Pərviz Yəhyalı 

 

Ağzında tikənin böyüməyi olur ha, sən udmağa cəhd edirsən, amma heç cürə alınmır. Alın təri, əl qabarı ilə qazandığın öz halal təamın ilişib qalır boğazında. Təəssüf edirsən, əlacsızlığına, acizliyinə, gücsüzlüyünə. Niyə dünyanın bu qədər ürək dağlayan olayları, acı həyat hekayələri var sualına cavab tapa bilmirsən. Gözlərini məchulluğa zilləyib səni boğmağa cəhd edən qəhərlə baş-başa qalırsan.
Bir necə gün əvvəl dar axşam çağı metroda qələbəliyin içində təxminən 18-19 yaşında bir qız müvazinətini itirib yerə yıxılmışdı. Yaxınlıqda olduğumdan mümkün köməyi etməyə çalışırdım. Gənc xanımın bənizi ağappaq olmuşdu. Əlindəki çantasından tələbə olduğu hiss olunurdu. Qatar stansiyada dayanan kimi köməklik göstərən sərnişinlərlə onu vaqondan çıxardıq. Kimsə çantasından plastik qabda su çıxardı. Qadınlar onun üzünə su vurdu. Metropaliten işçiləri yaxınlşıb köməklik etdilər. Sıxlıq olmasın deyə adamlardan xahiş etdik ki, kömək üçün iki-üç nəfər kifayət edir. Gənc özünə gələndə ətrafdakı insanlar kimi mən də sevindim.
Evə çatana qədər, sonrakı günlər həmin gənc xanımın solğun bənizi, halsız siması gözlərimin önündən getmirdi. Qətiyyətlə əmin idim ki, bu uşaq tələbə idi. Bəlkə də O, dərsə gedərkən evdən çıxanda heç yemək yeməyib, çay içməyib. Bəlkə də maddi sıxıntı bu yazıq tələbənin qanının, müvazinətinin aşağı olmasının səbəbidir.
Heç cürə unuda bilmirəm. Və bu məqamda ürək parçalayan, qan donduran başqa bir faciə.
Tələbə gənci elektrik vurur. İmkansızlıq ucbatından vaxtaşırı rayona, evinə dönən gənc fəhlə kimi çalışırmış. Növbəti işə çıxdığı gün isə onun həyatının son günü olur. Alça bağında ağacdan alça dərərkən yuxarıdakı yüksək gərginlikli elektrik xətti onun həyatına son qoyur. Bu sıradan bədbəxt hadisə deyil. Öz zəhməti ilə əldə edəcəyi 3-5 manat pulla bəlkə də çoxdan arzusunda olduğu bir köynəkmi, ya ayaqqabımı alacaqmış. Bəlkə də dostları ilə oturub çay içmək üçün, ya ürəyində xoşu gələn, gözü tutan bir tələbə yoldaşı üçün kiçik bir hədiyyə alacaqdı.
Məncə biz cəmiyyət olaraq O gəncin ölmündə hamımız günahkarıq. Məsuliyyətsiz sahibkar, minimal yaşamı şərtləndirən təqaüd verməyən aidiyyatı orqanlar, həyatın sərt üzündə onu tək qoyan yaxın-uzaq qohum-əqrabası…

Demokratikmusavat.com 

0.15825605392456