Sual doğuran görüntülər: qurumdan rəsmi AÇIQLAMA - VİDEO

 

Xəbər verdiyimiz kimi, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına məxsus olduğu iddia edilən təcili tibbi yardım maşını sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Ölkə.Az xəbər verir ki, yayılan görüntülərdə xəstələrin istifadəyə yararsız hala gəlmiş avtomobildə müayinə olunması öz əksini tapıb.

Müzakirələrlə bağlı TƏBİB-dən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən maşın xəstə yaxınlarının təkidi əsasında göndərilib:

"Videogörüntülərdə yer alan həkim özəl tibb müəssisəsinin əməkdaşı olub. Pasiyentin olduğu avtomobil isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının balansında olsa da, təcili tibbi yardım xidməti üçün istifadə edilmir. 

Məlumat üçün bildirək ki, hazırda sözügedən xəstəxananın təcili tibbi yardım xidmətinin ixtiyarında 12 ədəd avtomobil istifadə olunur.

Onu da əlavə edək ki, bəzi xəbər saytlarında video ilə yanaşı, paylaşılan foto isə tamamilə əlaqəsizdir. Sözügedən foto Salyan rayon ərazisində əvvəlki illərdə çəkilib.

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsində müalicəsi aparılan 1955-ci il təvəllüdlü şəxsə (qadın cinsli) doppler müayinəsi üçün rayonda yerləşən özəl tibb müəssisəsinə göndəriş vərəqəsi verilib. 

Tibb müəssisəsinin balansında olan təcili tibbi yardım avtomobillərinin hər biri çağırışda olduğu üçün xəstənin yaxınlarına bir qədər gözləməli olduqları bildirilib. Xəstə yaxınlarının təkidi ilə tibb müəssisəsinin balansında olan, ancaq istifadə edilməyən köhnə model UAZ markalı avtomobil ilə xəstə özəl tibb müəssisəsinə təxliyə olunub. 

Hazırda pasiyentin stasionar şəraitdə müalicəsi Sabirabad Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir, vəziyyəti stabildir".

Billurə Yunus 

0.13233113288879