Xəyanətə görə boşanma: uşaq kimdə qalmalıdır? - HADİSƏ - AÇIQLAMA

 

Məhkəmə qərarında boşanma işi zamanı uşağın xəyanət edən anaya verilməsi narazılığa səbəb olub.

Ölkə.Az-ın məlumatına görə, Mələk A. və Nazim A. (ad şərtidir) bir neçə il əvvəl sevərək ailə qurublar. Bu nikahdan cütlüyün bir övladı doğulub.

Günlərin birində Mələk A.-nın qaynı onu şəhərdə başqa bir kişi ilə gəzərkən görüb. Yaxınlaşıb ondan həmin şəxsin kim oluğunu soruşduqda qadın bildirib ki, oğlanla rəfiqəsini tanış etmək məqsədilə görüşüb. Oğlan isə qorxduğundan bildirib ki, onun evliliyindən xəbərsiz olub, bu zaman Mələk A. anidən həmin yerdən qaçıb.

Bu hadisənin üzərindən bir müddət keçir və tərəflər heç nə olayıbmış kimi davranır və boşanma olmur.

Bir neçə ay sonra Mələk A. evdə uşağı ayağında yatırmağa çalışarkən əri Nazimə körpənin yuxuya gedə bilməməsini bəhanə edərək ondan otaqdan çıxmasını istəyir. Həyat yoldaşı otağı tərk edir. O bir neçə dəqiqə sonra qəfil otağa daxil olur və qadının telefonunu götürüb yazışmalara baxır. Bu zaman Mələk A.-nın başqa kişi ilə mesajlaşmasının şahidi olur və xanımının ona xəyanət etdiyini öyrənir.

İş məhkəmə gedir və həyat yoldaşının xəyanətinə dair Nazimin əlində sübutlar olsa da, qərara əsasən uşaq anaya verilir.

Bəs boşanma zamanı hansı hallarda uşaq anaya verilmir? bu məsələ hüquqi baxımdan necə tənzimlənir?

Mövzu ilə bağlı Ölkə.Az-a danışan hüquqşünas Rəşad Əliyevin sözlərinə görə, nikahın pozulması ilə bağlı məhkəməyə iddia ərizəsi verərkən tərəflərin hüququ var ki, uşağın kimin yanında qalması, nə qədər aliment ödənilməsi, hətta əmlakla bağlı saziş təqdim eləsinlər:
"Amma məsələ mübahisəlidirsə və yaxud saziş təqdim olunmursa, o halda nikahın pozulmasına baxan məhkəmənin borcudur ki, həm uşağın hansı valideynin yanında qalmasına, həm də aliment məsələsinə qiymət versin.  

Uşağın hansı valideynin yanında qalması ilə bağlı mübahisə varsa, o halda məhkəmə mütləq qaydada icra hakimiyyələri yanında qəyyumluq və himayəçilik komissiyasına soğru verir və oradan rəy alır. Bu zaman uşağın mənafeləri baxımından hansı valideynin yanında qamasının daha məqsədəuyğun olmasına baxılır. Həmçinin uşağın ata-anaya, varsa bacı-qardaşlara bağlılığı, digər qohumlarla əlaqələri, ata-ananın maddi vəziyyətləri, mənzil və yaşayış şəraiti və bu kimi hallar və qeyd etdiyimiz komissiyanın rəyini nəzərə alınmaqla məhkəmə uşağın hansı valideynin yanında qalmasına qərar verir. Praktikadan gördüyümüz budur ki, xüsusən azyaşlı uşaqların daha çox ananın himayəsinə verilməsi məsələsi prioritet götürülür". 

Vəkil deyib ki, boşanma zamanı məhkəmə məsələsində boşanma səbəbini araşdırmır:

"Tərəflərdən birinin, sadəcə, nikahın davam etmək istəmirsə və bunun üçün müraciət edirsə, nikah pozulur. Uşağın anadan alınması üçün də qanunvercilikdə əsaslar nəzərdə tutulub. Yəni ana narkomaniyadan, alkoqolizmən, ağır xəstəlikdən və ya psixi pozuntudan əziyyət çəkirsə,  əxlaqsız həyat tərzi sürürsə, bu zaman uşaq ona verilə bilməz.

Məhkəmə xəyanət məsələsini araşdırmır. Məhkəmə boşanma qərarını xəyanətə görə vermir, sadəcə, tərəfin birinin müraciəti əsasında nikahın pozulması baş verir. Qanunda uşağın anaya verilmədiyi hallardan biri kimi "əxlaqsız həyat tərzi sürmək" qeyd olunub. Bunun da kriteriyası müəyyən olunmayıb ki, burada konkret olaraq nə nəzərdə tutulur. 

Amma sadalanan hallar xaricində və qeyd olunan meyarlar da nəzərə alınmaqla məhkəmə uşağın kimdə qalmasını müəyyən edir. Adətən, uşağın anaya verilməsi müşahidə olunur". 

Billurə

0.17946219444275