Xəbər verdiyimiz kimi, Abşeron rayonunda imtahandan az bal toplayan 17 yaşlı gənc itkin düşüb. Hər birimizə aydındır ki, bu tip hadisələr ilk dəfədir ki, yaşanmır. Bəzi valideynlərin imtahanda istənilən nəticəni göstərməyə övladlarına qarşı təzyiqləri səbəbindən intihar edənlər də az olmayıb.
Bəs, valideynlər imtahanda aşağı bal toplayan övladları ilə davranışda nələrə diqqət etməlidirlər?
Təhsil üzrə ekspert Nadir İsrafilov mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O, məsələyə belə yanaşıb:
“Nə qədər ki, valideynlər tərəfindən övladlarına qarşı “bal təzyiqi” olacaq, itkin düşmə, intihar halları da bir o qədər qaçılmaz olacaq. Ali məktəbə qəbul düşüncəsi məqsəd ola bilər, mentalitet yox.
Məktəb təlim-tərbiyə müəssisəsi olduğu halda təlimə ifrat dərəcədə aludəçi olmuşuq. Tərbiyə işi isə aktuallığını itirməyə doğru gedir. İş o həddə çatıb ki, günümüzdə nəinki məktəblərdə, hətta məktəbəqədər və məktəbəhazırlıq qruplarında təhsil tərbiyəni üstələyir. Son onilliklərdə məktəblərdə baş verən xoşagəlməz hallar bu qənaətə gəlməyə əsas verir.
Elə bir il olmur ki, buraxılış və qəbul imtahanı ilə əlaqədar mənasız yerə ajiotaj yaradılmasın, bu məsələ ətrafında yerli-yersiz müzakirələr aparılmasın. Ancaq bir mühüm məqamı unuduruq ki, məktəbin vəzifəsi təkcə öz yetirmələrini müəyyən bilik məcmusu ilə silahlandırmaq deyil. Bizim təhsilimizin əsas vəzifələrindən biri hərtərəfli ahəngdar inkişaf etmiş şəxsiyyət yetişdirməkdir. Yoxsa “ötən filan qədər abituriyent 700 bal yığmışdı, bu il faiz aşağı düşdü, təhsil dağıldı, batdı” kimi təhlillərə ehtiyac yoxdur.
Bu kimi polemikalar valideynlərə və onların övladlarına da təsirsiz ötüşmür. Təhsillə bağlı yanaşmalar, təhsilə baxış tərzimiz dəyişməlidir. Bu il belə olar, gələn il başqa cür. Bir də ki, hansı qanunda yazılıb ki, orta məktəbin vəzifəsi ali məktəbə tələbə hazırlamaqdır və hər bir valideynin övladı ali təhsilli olmalıdır?”
Müsahibimiz bildirib ki, lazımi bal toplamadığına görə uşaqları ittiham etmək olmaz:
“Unutmaq olmaz ki, valideynin övladına “filankəsin uşağı xaricdə təhsil alır, sən burda kollecə belə qəbul ola bilmədin” kimi tənəsi yeniyetmənin nəinki psixi durumuna təsir edər, hətta onu intihara belə sürükləyər. Uşaqlar bizim gələcəyimizdir. Onların üstünə bu qədər getmək, lazımi bal toplamadığına görə ittiham etmək olmaz.
Məktəblilər arasında qeydə alınan son intiharları bilavasitə məktəblə, təhsillə ələqəndirməsək də, bu kimi halların baş verməsində məktəbin, təhsildəki uğursuzluqların rolunu danmaq da ədalətsizlik olardı. DİM sədri Məleykə Abbaszadənin təbirincə desək, “700 bal yoxdursa, dünya dağıldı?! Xahiş edirəm ki, bu fikirlərdən uzaqlaşın”.
Övladınız bu il lazımı keçid balını toplamadı, ali məktəbə qəbul olmadı, dünya dağılmadı ki?! Növbəti il daxil olar, sizin üçün onun təhsili vacibdir, yoxsa sağlamlığı?!”